- 5 -
İmdi üçüncü qismə gələk.
Üçüncülər isə yeni üsulda tərbiyə görüb, yaxud
görmək istəyib, müəllimliyə həvəskar olan gənclərdir.
Bunların - bu müəllimlərin bir payı ibtidai
türkcə, rusca təhsil görüb bir fəaliyyəti cavanmərdanə
ilə çalışanlardır ki, sayları lap az, xidmətləri
isə çoxdur.
Bir payı da vaxtilə yalnız mədrəsələrdə uğraşıb
yorulmuş əfəndilərdir ki, imdi işin mahiyyətini
anlayıb candan, ürəkdən, gecəli-gündüzlü çalışıb
irəliləmək istəyirlər. Bir tərəfdən türkcə tarixə,
ədəbiyyata, lisanə diqqət edib, bir tərəfdən
də xüsusi olaraq az-çox ruscaya həvəs edirlər.
Onların bu dürlü açıqgöz olmaları ciddən şayani-təqdirdir.
Fəqət bunlardan bir para gənc xocacıqlar da
var ki, yaşadığı əsrin mədəniyyətini bilməyərək,
yaxud bilmək istəməyərək, azacıq etinasız kimi
görünürlər.
Fəqət onlar da işin əhəmiyyətini biləcəklər.
Lakin az deyil, çox peşmançılıq çəkəcəklərdir.
Maarifpərvər zatların borcudur ki, hər yerdə
onları şirin dil ilə, məhəbbət ilə çalışıb irəliləməyə
təşviq etsinlər. Təşviq etsinlər və həm də onları
özlərini qayeyi-məqsədə nail etsinlər, edə bilsinlər.
Məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi bir
təcəlligahıdır.
Məhəbbət anlı-şanlı ordulardan, vulkanlı toplardan
daha ziyadə qələbə və müvəffəqiyyət ehraz edə
bilir.
Qafqasyanın bəzi yerlərində, daha doğrusu, hər
yerində az-çox bir münazieyi-şəxsiyyə cərəyan
etməkdədir. Bu münaziəyə yol açan da bir para
xüsusi məhəbətsizlikdən başqa bir şey deyildir.
Bir mühafizəkar bir təcəddüdpərvəri, açıqgöz
bir gənci uzaqdan görüncə, yaxud ona aid bir
söz eşidincə, dərhal sinirləri (əsabı) oynamağa
başlar. Görməyə gözü olmaz, lakin haqqı da var...
Yeniyetmə bir gənc, yaxud tərəfdari-təcəddüd
bir əfəndi də mühafizəkara, əski fikirli bir
xocacığa təsadüf edərsə, əsla ona yaxınlaşmaq
istəməz. Yaxınlaşsa da, müstəhziyanə suallar
ilə zavallını xırpalamaq, qızartmaq istər.
Əvvəlki qoşqulanmasında, yaxın durmamasında,
nifrət və məhəbbətsizlik etməsində ikinciyə
nisbətən azacıq haqlıdır. Çünki həqiqətdən uzaqdır.
Həqiqi elm, fəzilət nə olduğunu eyicə kəsdirəməyir.
Onun üçün də bu tərəfə məhəbbətsizlik göstərir.
Fəqət ikincilər, yəni münəvvərəlfikr olanlar
isə bir çox nöqteyi-nəzərdən yanlışdırlar. Və
sataşmaq, təkdir etmək kimi bir para hərəkətlərindən
məsuldurlar. Zira aldıqları vəziyyət əksəriyyətlə
onları islah edəməyib, ədavətlə qarışıq bəzi
darğınlıqlara yol açar.
İmdi bu iki qüvvət uzaqdan bir-birinə yan baxarsa,
biri havaya, biri suya çəkmək istərsə, arabanın,
məqsədin olduğu yerdə qalacağına şübhə edilməməlidir.
Yaxud bir araya gəlib də bir-birinə yaxlaşmaq
istərsə və yaxlaşır-yaxlaşmaz bir şiddəti-mexanikiyyə
ilə çarpaşır isə - təsir-əks təsir qanununca
hər ikisi zəhmət duyar. Hər ikisi zərərdidə
olar. Hər ikisi şiddəti-müsadimə ilə geri fırlayıb
ayrı, qeyri yaşamağa, küskün bir vəziyyət almağa
məcbur olar. Bu vəziyyət isə büsbütün tərəqqiyyati-mədəniyyətimizə
mane olub daima ənvari-həqiqətə qarşı bir zülmət
təhəmmülgüdaz hazırlanmış olar.
Bir də təfsilə nə hacət... Pisliyi qurcalamaq,
qarışdırmaq, xasseyi-şaməyi incitməkdən başqa
bir şeyə yaramaz ki!
Mədəniyyətdən məqsəd rəfahiyyət və səadətə nail
olmaq isə, təbii, onu hər kəs alqışlar, hər
kəs sevər, hər kəs istər.
Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni
xocalığa hazırlanır, şübhəsiz ki, məsud yaşamaq
üçün sairlərdən daha ziyadə daireyi-mədəniyyətə
girmək istər. Xar və zəbun qalmaq istəməz.
Daha açıq təbir ilə - onlar Molla Nəsrəddinin
“tövlə mıxda bağlanıb qalmış buzovuna bənzər”,
mıxdan açılınca dörd əlli, dörd ayaqlı qaçmaq
istərlər. Onları həyati-mədəniyyəyə alışdırmaq
üçün beş-altı aylıq rəhbərlik kifayət edər.
Lakin bu rəhbərlikdə mülayimət və məhəbbətdən
əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət
ilə deyil, qardaş kimi sevə-sevə daireyi-ittihada
çağırmalıdır.
Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir
neçə əzadan mürəkkəb bir cəmiyyət təşkil edilməlidir.
Bəzi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri
kimi vaxt qaib etmədən qəflət, cəhalət uçurumlarında
yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli,
çalışdırmalı, bəzi ufaq-tefek məsarifi dəröhdə
etməlidir. Müxtəsərcə qiraət, hesab, türk tarixi,
islam tarixi, coğrafiya, qəvaidi-lisan kimi
bir sıra mühüm, fəqət qolay şeyləri az bir zamanda
öyrədib pərvaz eyləməlidir.
Keçən həftələrdə Ə.T. əfəndilərin bu məsələyə
dair yürütdükləri mütaliəyi hər kəs oxuyub,
görmüşdür. Onun üçün çox da təfsilə hacət yox
zənn edirəm.
Fəqət burasını bilməli ki, bu hal inqilabi bir
haldır. Bu üsul davam etsə-etsə, ancaq iki-üç
sənə davam edə bilər. Çox ziyadə uzanması arzu
ediləcək dərəcədə fayda verməz, çünki bu qisim
müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri
yarım-yamalaq idarə edə bilər, çocuğu az-çox
qiraət, kitabət, tarix, lisan... və sairə kimi
şeylər ilə müstəfid edərsə də, fəqət bir çox
nöqteyi-nəzərdən nəticə qüsurlu çıxa bilər.
Beş aylıq təcəddüd, iyirmi beş illik mövhumat
ilə paslanmış dimağları (beyinləri) heç də silib
təmizləyə bilməz. Bəhrəhal əski küp yenə az-çox
sızmağa başlar. İcab edən fəzaili-əxlaqiyyəni,
hissiyyati-milliyyəni tələbəyə təlqin edəməyib,
xoş bir qayəyə varamazlar. Çünki o kimi fəzilətlər
tədrici təkamüllü bir təhsilə möhtacdır.
Sürətlə alovlanan hər şey, hər əməl, hər duyğu
səbat göstərməzsə, çox tez sönər, yaşayamaz,
sürətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük
işlər daima nəticəsiz qalır.
Təcrübəkar müəllimlərə, həqiqətaşinə xocalara
malik olmaq üçün er-gec iki böyük müəssisəyə
ehtiyacımız var ki, biri milli bir darülmüəllimin,
digəri də ruhani bir darülelmdən ibarətdir.
Bu xüsüsda fəzilətpərvər şeyxülislam həzrətlərinin
keçənlərdə həqiqətdə bir məqalələri də var idi.
O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm
təsisini tövsiyə eləyirdi. Və orada təqib ediləcək
proqramı da ayrıca göstərirdi. Məzkur proqramı
bəyənənlər çox oldu. Fəqət öylə bir mütaliəyi-haq
bəyanına təqib edilmədi. Cavabsız qaldı, əqim
qaldı, nəticəsiz qaldı...
Bəli, min dürlü hava və həvəsə qarşı pərəstiş
edən milyonlar, bir çox rəzilanə, səfilanə işlərdə
kül olub gedən altunlar öylə bir nidayi-həqiqətə
qarşı susdu, qaldı. Səs vermədi, lal oldu.
İllərcə ərz olunduğu kimi, hər şey öz yerində,
öz vaxtında ediləcək. Qış keçib gedəcək, üzü
qaralıq kömürə qalacaqdır.
Lakin anlaşıldığına görə, bu iki darülelm imdilik
ayrı-ayrı açıla bilməyəcək. Camaatda az-çox
həvəs varsa da, pul cənabları buna əhəmiyyət
verməyir, müsaidə etməyir, daha doğrusu, məsləhət
görməyir.
Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; özünü
zəhmətə, məşəqqətə, məsrəfə soxmaq artıq deyilmi?
Bununla bərabər, hər halda, bizim üçün alim
və müəllim yetişdirəcək müntəzəm və mürəttəb
bir müəssisə lazımdır.
Azacıq himmət, qeyrət edilərsə, bu iki arzunu
bir nöqtədə birləşdirərik. İki bostanı bir irmaqdan
sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin
təsis edilsə, müəllim qıtlığı çəkməkdən qurtularıq.
Siniflər təqib edildikcə edilir. Səkkiz-doqquz
sənə dərsə davam olunur. Müəllimliyə istihqaq
qazanıldığı təqdirdə təlim və tədrisə həvəskar
olanlar müəllimliyinə gedər. Axund (alim) olmaq
arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca
darülmüəllimin proqramına əlavə olunmuş, ilahiyyat
şöbəsinə davam edər. Dünya və axirət elmlərini
mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli,
doğru bir məlumata malik olunur. İştə o zaman
haqqilə alim adına layiq alimlər görərik. Və
müəllim qıtlığı çəkməkdən də azad olarıq.
(“Həqiqət”
qəzeti, 14, 17, 24, 25 may, 1 iyun 1910-cu il)
|