Mərhumun
təşyii - cənazəsi mərasimi
May ayının on birinci günü gündüzün saat on birdə
Gəncə vağzalının önündə bir qutu (tabut) nəzərə
çarpırdı ki, içində A.Sur, o nakam cavan, o qəyur
ədibimiz xabi-əbədisinə varmışdı. On dörd gecəlik
ayı əhatə edən yıldızlar kimi mədrəseyi-ruhaniyyə
tələbə və müəllimləri cənazənin ətrafını sarmışdı.
Hər kəs qeyb olmuş bir fəzilətin, əldən çıxmış
bir nemətin yadi-həsrətilə mütəəssir olduğunu
göstərirdi. Hazırun, böylə fəal və mütəşəbbüs
bir cavanın, böylə natiqəpərdaz bir qəhramanın
sükuti-həzinini düşündükcə heyrət və təfəkkürdən
özünü alamayırdı.
***
Mədrəseyi-ruhaniyyə
müdiri Axund Hüseyn Pişnamazzadə cənabları tərəfindən
mərhumun ruhu üçün dua oxunub fatihə söyləndikdən
sonra hər kəs birər həmdü surə oxuyub, sonra
namurad ədib və müəllimimizin tabut müəllası
müəllimlərin və tələbə əfəndilərin yardımilə
bir faytona qoyuldu, mərhumun beş-üç qövm əqrəbasilə
bərabər doktor Həsənbəy Ağayev, Bağbanlar məktəbinin
naziri Həsənbəy, şəhər məktəbinin türkcə müəllimi
İsmayılzadə Mirzə Hüseyn cənabları da bu heyətə
daxil idi. Tabut faytona qoyulduqdan sonra hazirin
kimi faytona, kimi tramvaya minib bir qədər
yola davam etdilər. Şəhərə hənuz çox məsafə
var ikən,cənazəni istiqbal edənlər həp tramvay
(qonka) və faytonlardan enib cənazəni ta mərhumun
evlərinə qədər çiyinlərində gətirdilər. Söz
yox, şəhərə daxil olduqda ötədən-bəridən toplanmış
adamlar da nəzərə çarpırdı. Cənazəyə yardım
etmək istəyirlərdisə də, müəllimlər və tələbələrin
yardımı onların zəhmətinə hacət buraxmadı. Cənazə
evlərinə daxil olar-olmaz şurü şivən sədası
qulaqları çınlatmağa başladı. “Cavan oğul vay”,
“namurad qardaş vay” səsləri, “qəyur yoldaş
vay”, “nakam arxadaş” iniltiləri hər kəsi sızlatdı,
hər kəsi ağlatdı. Bu sırada mədrəseyi-ruhaniyyənin
məsum balaları qapının önündə məşumlu bayatılardan
oxuyurlardı:
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın,
Əfsus ki, fikrinə nail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!
Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları,
Tanrı qəbul etsin bu qurbanları,
Ağla, qardaş! Ağlamalı günündür!
İlaxir...
Bu sırada Sisyanov, Vorontsov, bir də Tofiq
məktəbinin nazirləri, müəllimləri, tələbələri
dəstə-dəstə qapının ətrafında kamal-nizam ilə
səf bağlayıb durdular. Ətrafdan başqa adamlar
da tək-tük bu cəmiyyətin içində görünürdü. Bir
çox saat qədər ağlaşma, qüsl, təkfin ilə iştiğal
edilib, sonra zavallı cavanı anasından, bacı-qardaşından
ayırmağa başladılar. Tabutun üzəri tirmələr,
şallar, ipəklərlə bəzənmişdi. Məktəb tələbəsi
tərəfindən ilk baharın yeni açmış gül-qönçələrilə
süslənmişdi. Cənazənin üzərində mərhumun adilə
bərabər Namiq Kamal mərhumun bu beyti də yazılmışdı:
Yüksəl ki, yerin bu yer deyildir,
Dünyayə gəliş hünər deyildir.
Cənazə evdən məscidə qədər, yenə qaralar daşıyan
tələbə və müəllim əfəndilərin omuzunda gəldi
çıxdı.
Məscid həyətində (havlısında) mədrəsə müdiri
Pişnamazzadə və sair həzərat tərəfindən namaz
qılınıb, məzarıstana doğru hərəkət edilməyə
başladı. Çox qarışıqlıq, nizamsızlıq olmasın
deyə, Ələkbər bəy Rəfibəyovun və müəllim əfəndilərin
təsvibi ilə Sisyanov şagirdləri əl-ələ verib
cənazə ətrafında gedən müəllim və tələbələri
ortaya aldılar. Tainki xaricdən cənazəni təşyi
edən, ya təşyi etmək həvəsində olan Gəncə camaati-islamiyyəsilə
çocuqlar qarışmayaraq, ayrı və müntəzəm bir
surətdə yola davam etsinlər və çocuqlar da sıxıntı
çəkməsinlər. Məlum ya! Bu gün cümə günüdür.
Bütün müsəlman dükanları qapalıdır. Ehtimal
ki, cənazəni təşyi üçün qoşub gələn vətənpərəst
dindaşların kəsrət və isdihamından sıxıntı çəkilir.
Bu səbəbdən yanə böylə bir qərar verilmişdi.
Lakin əfsus! Minlərcə əfsus ki, məsciddən məzarlığa
qədər gördüyümüz əşxas yenə müəllimlər, yenə
onların dörd-beş yüzü mütəcaviz şagirdləri idi.
Mədrəseyi-ruhaniyyə şagirdanı yuxarıda yazılmış
“Cavan öldün, dünyadan kam almadın” mənzuməsini
ta Səbzikar məzarıstanına qədər oxuya-oxuya
getdilər. Səbzikar məzarıstanı başqa məzarıstanlara
görə qayət təmiz və gözəldir. Orada mərhum A.
Suru dəfn etdilər. Yuxarıda məzkur məktəblərin
nazir, müəllim və tələbəsindən maəda Gəncə şəhəri-əzimindən
orada gözə çarpan zat yalnız Ələkbər bəy Rəfibəyov,
məxdumları doktor Xudadat bəy Rəfibəyov, doktor
Həsən bəy Ağayev, doktor Fərrux bəy, məşhədi
Əli ağa Rəfiyev, məşhədi Qasım ağa, Cavad bəy
Cuvarlinski, bir də beş-üç nəfər mərhumun qövm
və əqrabası idi. Məzkur Cavad bəy, Həsən bəy
və Mirzə Hüseyn cənabları isə heyəti-müəlliminə
daxil deməkdir.
Əvət cənazə dəfn edildi, təlqin verildi. Sonra
Vorontsov məktəbinin türkcə müəlimi İsi əfəndinin
təlimilə məzkur məktəb şagirdləri bu sözləri
təğənni etməyə başladılar:
Cümlə millətin ruhinin ruhi,
Cümlə millətin qəlbi-məcruhi,
Öz müəllimi, öz ədibidir,
Öz mühərriri, öz ədibidir.
Çox yaşa ədib, fikri-millətdə,
Keçdi günlərin xeyli zəhmətdə.
Qəbrdə rahət uyu, ey cavan,
Məskənin sənin rövzeyi-rizvan.
Bu matəmi tərənnümdən sonra mədrəsə müdiri Pişnamazzadə
həzrətləri nitqə şüru etməyə başladı.
Lakin müdir əfəndinin, yaxud sair natiqlərin
söylədiklərini kamilən yazacaq olsaq çox vaxt,
çox ziyadə təfsilat istər, mən də ancaq hər
nitqin xülaseyi-əlxülasəsini yazıb ixtisar etmək
istəyirəm.
Pişnamazzadə cənabları mənbəyi-fəzl və ürfan,
əmiri-möminan Əli ibn Əbutalib “kərəmalluhu
vəchəhum”nun buyurmuş olduğu “mən əlləmni hərfən
qədtəyyərin əbdən” kəlami-həkimanəsini məni
mövzuu ittixaz edərək mərhum Abdulla Tofiq əfəndinin
mədrəsə şagirdləri boynunda olan haqqını, müəllimlərin
məziyyətini, şagirdlərin və camaatın onlara
olacaq ehtiramatını, qara torpaqlara tapşırdığımız
cavan müəllim və ədibimizin mədrəseyi-ruhaniyyədəki
təşəbbüsatını, lisana, imlaya, ədəbiyyat və
tarixə dair mücahidatını birər-birər sayaraq,
xətmi-kəlam elədi.
Sonra mədrəsənin riyaziyyat müəllimi Rza bəy
Qaraşarov cənabları başlayaraq tərcümeyi-halına
dair bir uzun nitq söylədi.
Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd
etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə
təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim
təyin edilərək tədris etməyə başlamış. 1900
sənəsində məzkur milli məktəb şəklindən çıxıb
rus-müsəlman məktəbi olmuş.
Bir neçə ildən sonra bu qəyyur cavan Tiflis
şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə
mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib
beş-altı ay qədər də orada iqamət edərək, oradan
doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr
və fəlakət içində, orada fəna və ucuz lokanta
“restoran”larda yemək yeyərək, gecə-gündüz təhsil
ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə
əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa
gərək... Çünki onu məhv edən bu xəstəlik orada
ikən başlamışdır. Mərhum İstanbulda ən çox lisan,
tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil
etdikdən sonra doğru Gəncəyə gələrək, mədrəseyi-ruhaniyyədə
millət yavrularının gözünü, fikrini açmağa başlamışdır.
Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı
var, eyi əsərlərdir, hənuz təb olunmamışdır.
Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetlərdə
nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı
tərcümə etmiş, Şünası mərhumun “Şair evlənməsi”
ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil
etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini
toplayıb müntəxəbat (xrestomatiya) etmək istəyirdi
ki, vəfat etdi.
(“İqbal” qəzeti, 16 may 1912-ci il)
Mərhum A.Sur təqribən iki ay var ki, Tiflisdə
xəstəxanədə yatırdı. Mərəzi “kor bağırsaq”ın
iltihab etməsi idi. Bir-birinin arxası-sıra
üç dəfə əməliyyati-cərrahiyyə (orerasion) icra
edilmiş. Nəhayət, bu mayın səkkizinci günü tərki-həyat
etmişdir.
Rza bəy əgərçi çox həyəcanlı və artıq bir para
sözlər söylədisə də, mən bitirirəm.
Sonra Ağayev doktor Həsən bəy cənabları mərhumun
İstanbuldakı üsrətli həyatına, fəaliyyətinə,
təşəbbüsatına, südü təmiz bir türk oğlu, türk
aşiqi, türk məftunu olduğuna dair və çalışıb-çapalayıb
yazmış olduğu məqalat və tətəbböatına aid kəskin
bir nitq söylədi. Burada uzatmayaraq, iki-üç
sətir ilə iktifa edildi.
Doktor Həsən bəy əfəndidən sonra Əmirov Hacı
bəy cənabları ki, doqquz-on yaşlarında qayət
sevimli və çalışqan bir çocuqdur, əlindəki dəftəri
açaraq bu sözləri söyləməyə başladı:
Həzərat! Simasından insaniyyət yağan, danışığından
ruh-aşinalığı məlum olan bu mərhumu bir-iki
ildən bəri tanıyırdım. Müəllim olduğundan uşaqlara
olan məhəbbətinə görə bəzi vəqtlər olurdu ki,
mənim ruhumu tərbiyə etmək üçün mənə ibrətli
hekayələr söylərdi. Ona görə Abdulla əfəndiyə,
bu qürbətdə qardaşıma olan məhəbbətim qədər,
qəlbimdə bir böyük məhəbbət bəslənmişdi.
Bir gün, bir yaz sabahı onun vəfat xəbərini
eşidən və onu sevən bir çocuq nə hala düşər?
Vəfat xəbərini eşitdikdə tüklərim ürpərdi, kədər
qəlbimi sıxdı. Doğrusu, heç inanmaq, onun cavanlığına
ölüm yaraşdırmaq istəmədim. Heyhat! Getdi...
O vücudi-müəzzəm getdi. O namusi-mücəssəm getdi...
Ey möhtərəm atalarım! Böylə səyli, millət-dost
müəllimin, müəllimlər zümrəsindən adının silinməsi
camaatımıza, ələlxüsus biz məktəb çocuqlarına
nə böyük müsibətdir! Zira biz uşaqların ruhunu
tərbiyə edib məişət və səadət yoluna salik edən
böylə qeyrətli müəllimlər deyilmi?
Türklük və islamiyyət hisslərini bizim qəlblərimizdə
cayigir edən böylə millətpərvər müəllimlər deyilmi?
Böylə ruhani atanın əldən getməsi ümum uşaqların,
xüsusən mədrəseyi-ruhaniyyədə oxuyan şagird
arxadaşlarımın müsibət günü olduğundan bütün
əqrəbasilə bərabər, mütəəllim qardaşlarıma səbri-cəmil
əta olunmasını baritəala həzrətlərindən niyaz
edərəm.
Bu zəki və məhzun çocuqdan sonra gənc və nəcib
şairimiz Cavad əfəndi həzin və ahəngdar bir
tövrlə yazmış olduğu gözəl və yanıqlı əşarı
söyləməyə başladı:
Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı,
Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən vətən xərab olmuşdu.
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular bizdən qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı.
Quran nədir, anlamazdıq, vətən nədir, bilməzdik,
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi özümüzdə görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu vətənin bunu görən südü təmiz övladı,
Bir qaç kişi o gün bizim qara günü anladı,
Ağladılar, sızladılar, yalvardılar allaha,
Ulu həqqin rəhmi gəldi könlü sınıq onlara.
O gün bizim dağlarımız bir az güldü, şənləşdi,
Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi.
Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.
Ancaq dünən başımıza kölgə salan bir bulut
Önümüzdə!.. Həqqin varsa, ey daş ürək, gəl unut!..
Yox... Yox... Sizin məzarınız qəlbimizin ən
dərin
Bir yerində saxlanmışdır, sənin o pak ruhunçin.
Bütün dünya alt-üst olsa, mən ki səni unutmam,
Ay qardaşlar “amin” deyin, allah bunu əfv etsin.
Cavad əfəndidən sonra sözə başlayan Sisyanov
məktəbinin türk lisanı müəllimi Əli bəy əfəndi
oldu. Mir mumilieyhin sözlərini, nitqini ancaq
iki-üç sətirdə ixtisar edib keçmək istəyirəm.
Çünki özü müfəssəl surətdə ayrıca olaraq qəzetəyə
yazacağını mənə söylədi.
Əli bəy: “Külli nəfsin zaiqət əl-məvt” (Əlbəttə,
gedər, gələn cahanə) sözlərilə başlayaraq A.
Sur mərhumu işıqlı bir elm çırağına bənzətdi.
Məktəb çocuqlarını da onun (o çırağın) ətrafında
dönüb dolaşan pərvanəyə təşbih etdi. Və cavan
ədib və müəllimimizin ruhunu şad və qədrini
əla etmək yalnız tələbə əfəndilərin himmət və
qeyrətinə bağlı olduğunu uzun-uzadıya izah etdi.
Və Gəncə camaatının böylə qiymətli bir cavanın
cənazəsinə etmiş olduqları etinasızlığı ima
ilə anladıb təəssüflər etdi.
Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən
əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə
yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o
aliqəlb və həssas arxadaşımızın bu müddətdə
çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi
insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar,
gənc mühafizəkar təcəddüdpərəst (intelligent)
hamısının mərhum mirzə Abdulla haqqında olan
etina və ehtimamatına min dəfə faiqdir.
Artıq Əli əfəndidən sonra mədrəsə müdiri Pişnamazzadə
cənabları dua və fatihə oxuduqdun sonra, hazirin
həmdü surə oxuyaraq yavaş-yavaş məzarıstanı,
o baharıstani-cavidi mütəfəlsəfanə bir vəziyyətlə
vida və tərk etməyə başladılar.
Bu sırada adam dağıldıqda, nasıl olmuşsa, Sisyanov
məktəbinin balaca şagirdlərindən, yeddi yaşında
sevimli, mini-mini bir çocuq Cahangir Təqizadə
fürsəti qaçıraraq oxuyacağı məsumanə nitqini
oxuyamamış, bunu görüncə nitqinin surətini əlindən
aldım. İştə buraya dərc eləyirəm:
Atalarım! Qardaşlarım! Qabağımızda üzü qibləyə
həmişəlik rahat uyuyub iləiləbəddə uyuyan məşhur,
möhtərəm müəllimlərimizdən Abdulla əfəndidir.
Böylə elm və mərifət atalarının vəfatı yüzlərcə
qardaşlarımın bədbəxtliyinə dəlil deyilmi? Yaşın
cavan olduğu halda, bu hadiseyi-müəllimənin
üz verməsi biz socuqlara nə qədər təsir etdiyini
dil ilə söyləməyə heç iqtidarım yox. Ələlxüsus
zavallı ruhani məktəbi qardaşlarımın bu gündə
istədikləri müəllimlərinin əldən çıxması üçün
olan qəmü qüssələrinə necə şərik olmayaq ki,
atalarımızdan artıq biz çocuqların tərbiyəsinə
bunlar, bu ruhani atalar diqqət edirlər. Ancaq
əlimizdən gələn bir şey varsa, o da qövm və
qardaşına, validəsinə allah-təaladan səbr və
təsəlli tələb etməkdir.
Möhtərəm müəllimlərimizlə bərabər məktəb qardaşlarımın
tərəfindən mütəvəffanın validəsinin kədərlərinə
müştərək olduğumuzu bütün hissiyyatımızla söyləriz.
O böyük allah bu cavan mərhumun günahlarından
keçib öz rəhmətini ondan diriğ etməsin, amin!
***
Əvət, məzarıstandan
dağıldıqdan sonra şəhərdə adət olduğu kimi,
kiçik şagirdlər müstəsna, mərhumun evlərinə
gedərək hər kəs, qardaşlarına ibrazi-təsliyət
elədi. V ə meyli olan zat əksəriyyətlə oturub
layiqli dərəcədə ehsan, və mərhumun ruhuna fatihələr
oxundu.
(“İqbal” qəzeti, 17 may 1912-ci il)
***
Möhtərəm qarelərin əfvini
istirham edərək, bir-iki sətir səddin xaricinə
çıxmaq istəyirəm.
Məzarıstandan dönərkən bütün müəllim əfəndiləri
bir yəs, bir fütur əhatə etmişdi. Hər kəsin
simasında bir darğınlıq, bir küskünlük oxunurdu.
Mühitimizin müəllimlər haqqında, bilxassə böylə
gənc, nakam, qəyur və həmiyyətli bir müəllim
haqqında göstərdiyi himmət və nəzakət bütün
könülləri müğbar etmişdi.
Həqiqətən bir kərrə düşünəlim:
Müəllim nədir!?
Yaponiyanın qəyur və qəhrəman milləti Mikadonun
şərəfinə deyil, Yaponiya müəllimlərinin şərəfinə
idareyi-əqdah etdilər, həm də insanı sərsəm
edən, əql və şüurunu məhv edən şərab, rakı (vodka)
içməyib, cənab-həqqin mən etmədiyi ən təmiz,
saf və gözəl su içdilər.
Onlarca Yaponiyanın tərəqqisi, oyanıqlığı, maarifpərvərliyi
həp, həp müəllimlər sayəsində olmuşdur.
Almaniyada da hakeza prins Bismark bütün alman
ünsürünün tərəqqisini müəllimlərdə görür və
onlardan bəkləyir.
Xiləfayi-Abbasiyədən Harunarrəşid bir müəllim
üçün, əvət yalnız bir hikmət və riyaziyyat müəllimi
əldə etmək üçün Bizans (əski İstanbul) hökumətilə
boğaz-boğaza gəlmiş, böyük müharibə etmiş, qalib
olduqdan sonra təzminati-hərbiyyə olaraq yenə
məzkur müəllimi əldə etmişdir.
Lakin bizlərdə, mühitimizdəki müəllimlərin qədri,
heysiyyəti, halı, məişəti nəzəri-diqqətə alınırsa,
insan ağlamaqdan özünü saxlaya bilməz. Biçarə
müəllim nə etsin? Beş-on manat maaşla nə edə
bilər? Ucuz olsun deyə hifzüssəhhəyə müğair
rütubətli odalarda yaşar. Əski, bayat lokanta
(restoran) yeməkləri yeyər. Getdikcə əsəbiyyəti
artaraq, vücudunu bəsləyəməz. Ata-anası bir-iki
çocuğun nazını çəkə bilmədiyi halda, - zavallı
müəllim yüzlərcə millət balasının - müxtəlif
ruhlarda yaradılmış, müxtəlif tərbiyələr görmüş,
yaxud əsla tərbiyə görməmiş bir sürü çocuğun
nazını çəkib, zırıltı-gurultusuna təhəmmül edir.
Bununla bərabər aldıqları mükafat nə? Biri çox
pis, mühlik xəstəliklər, cangüdaz vərəmlər (çaxotkalar),
yığın-yığın səfalət və fəlakətlərdən başqa bir
şey olmasa gərək...
İmdi böylə müdhiş, taqətfərsa uçurumlar qarşısında
bulunan biçarələr öz millətindən bu fədakarlıqlarına
görə bir də həq naşünaslıq, heysiyyətsizlik
görürsə, daha hansı cəsarətlərlə, kimə güvənərək
işə girişə bilir?
Əfəndilər! Möhtərəm qarelər!
Müəllimlərə hörmət ediniz, onları seviniz, onları
çox böyük görünüz, əvət, onlara pərəstiş ediniz,
onları özünüzə əfəndi biliniz! Mövlayi-müttəqiyan
həzrəti Əli Kərəmullah vəchhu müəllimlər haqqında
nə tövsiyə buyrursa ona əməl ediniz! “Mən əlləmni
hərfən qəd səyyərini əbdən” kəlami-həkimanəsini
unutmayınız!
Lakin, ey müəllimlər! Ey möhtərəm əfəndilər!
Sizlər, sizlər əsla millətimizin, mühitimizin
bu etinasızlığına etina etməyiniz. Daima çalışın,
çapalayın! Millət, vətən uğrunda canınızdan
keçmək belə icab etsə, saqınınız! Əsla cəsarətsizlik
göstərməyiniz. Mühitimiz sizi təqdir etməyir,
edəməyir, zərəri yox. Lakin əlinizi, qolunuzu
qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən
yana bu millətə darılmaq, küsmək deyil, təşəkkür
etməliyiz, həm də minlərcə təşəkkür etməliyiz.
Bir dəfə tarixi göz önünə gətirin, o zaman,
baxınız, nə qərib işlər görürsünüz.
İmdiki qəhrəman və nəcib italyanların əski babaları,
yəni romalılar məmləkətlərinin ətrafına, qonşu
hökumətlərə təcavüz və hücum edərək aldıqları
əsirlər içindən ən alim və zəki zatı öz çocuqları
üçün müəllim təyin edərlərmiş. Çocuğ azacıq
dərsdən sıxılınca, müəllimə darılıb qızdığını,
müəllimdən xoşlanmadığını atasına, babasına
söylə-söyləməz, dərhal biçarənin, yəni zavallı
müəllimin qol-qabırğası, köksü, qafası xəncərlər,
baltalar ilə parça-parça olunub məhv edilirmiş.
Şükür allaha, biz ki, millətdən müəllimlərimiz
haqqında böylə bir haqsızlığa təsadüf etmədik.
Bu gün təqdir etməyirlərsə də, əmin olunuz ki,
yarın mütləqa, mütləqa edəcəklər. Cənab həqq
çalışqanların, doğruların, fədakarların hamisidir.
Əsla məyus olmamalı...
***
Yenə sözümüzə gələk:
Əvət, mərhum A.Sur çox çalışqan, çox sahibməslək,
çox himmətli bir müəllim idi. Həm də çox durbin,
çox münəqqid bir ədib idi. Qafqaz torpağı bir
də çox güc eylə cavanlar yetişdirə bilər. Onun
haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq
üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər.
Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin
ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar.
Pişnamazzadə həzrətləri, doktor Həsən bəy, Yusifbəyov
Nəsib bəy və sair arxadaşları, dostları tərəfindən
onun əsərləri, tətəbböatı nəzəri-diqqətə alınmalı
və təb edilməlidir.
***
Bu gün sübhdən axşama qədər mərhumun cənazə
mərasimində bulunaraq, bir para ötə-bəri ilə
iştiğal edərək, günəşin qızğın zərbələri altında
əzilib yorulduğumdan, möhtərəm qareləri yormayıb
qısa kəsmək istəyirəm.
Qafam öylə fəna bir halda dönür ki, nə yazdığımı
və nə yazacağımı özüm də bilməyirəm. Ehtimal
ki, yazılarımın içində artıq-əskik, nəzəri-diqqqətə
çarpacaq çox qüsurlar bulunur. Möhtərəm qarelərdən
əfvü rica etməyi özüm üçün bir vəzifə ədd edərəm.
Cənab həqq öz birliyi hörmətinə bu nakam cavanın
cənazəsi üzərində paralanan sinələrə, qoparılan
saçlara, tökülən göz yaşlarına, sızlayan ürəklərə
mərhəmət buyurub da onu, o namurad bəndəsini
dəryai-ehsan və kərəminə qərq eyləsin.
Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyü
ilə bağışlasın. Amin...
11 mayıs
1912 sənə
Hüseyn Cavid.
(“İqbal” qəzeti, 18 may 1912-ci il)