<
MƏQALƏLƏR / TİFLİSDƏN TEATR,
YAXUD SƏNƏTİ-TAMAŞADA TƏBƏDDÜL
VƏ TƏRƏQQİ
Oktyabrın dördüncü
axşamı Namiq Kamal bəyin “AKİF BƏY” adlı faciəsi
“Tiflis türk dram dəstəsi” tərəfindən mövqeyi-tamaşaya
qoyuldu. Bu əsəri Qafqaz şivəsinə təbdil edən
Axundov cənablarıdır.
Məzkur faciə beş pərdədən ibarətdir.
İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı)
çox vəfalı zənn etdiyi hiyləgər zövcəsindən ayrılaraq
dəniz müharibəsinə gedir, minbaşı Şahin bəyə də
bir vəsiyyətnamə verib, İstanbulda oturan atasına
göndərməsini və şəhid olursa, rəfiqəsi Dilrübanı
yanına almasını tövsiyə edib gedir.
İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir,
Dilrüba fürsətdən istifadə edərək, iki yalançı
şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib,
çapucaq Əsəd bəy adlı başqa bir zövc ixtiyar edir.
Öz evində onunla eşqə, izdivacə dair söyləşdikləri
sırada, oğlunun vəsiyyətini icra etmək üçün gələn
Süleyman bəyi nifrətlə rədd edir. Süleyman bəy
də yanındakı Şahin bəylə bərabər küskün və münkər
bir halda çıxıb gedir.
Üçüncü pərdədə Əsəd bəyin düyün ziyafəti başlar,
müsafirlər gəlir, içki və çalğı ilə əyləndikləri
halda birdən-birə Akif bəy meydana çıxır. Bu sırada
atası da gəlir və məsələni oğluna anladır. Akif
bəy həyəcanlı və qorxunc bir vəziyyət alır. Əhli-məclis
və çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə
keçincə Akif, sonra atası və Şahin bəy çıxıb gedirlər.
Dördüncü pərdədə Akif bəy meyxanada sərməst olaraq
intiqam hissilə söylənib durur, sonra uyumaq üçün
uzanır. Çox keçməz ki, atası və dostu Şahin bəy
gəlib onu oyadırlar. Akif bir-iki söylənərək,
çapuq gəmiyə getmək bəhanəsilə sovuşub çıxır.
Atası da onu təqib edir.
Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır
və özü də tərki-həyat edir. Bu sırada pusquda
duran Süleyman bəy də içəri girərək, hiyləgər,
yüz könüllü Dilrübanı bir xəncər zərbəsilə cəzalandırır.
İştə vəqə bundan ibarət...
İmdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən
Kirmanşahski cənablarının tərzi-tələffüzü aydın,
səmimi və aldığı vəziyyətlər tamamilə yerində
olub, heç bir qüsur nəzərə çarpmayırdı. Müşarileyh
hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət
göstərəcək olursa, Qafqazımız ciddən qiymətdar
bir artist qazanmış olacaqdır.
Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq
dərəcədə məharət göstərdi. Onun bəylə bir qarışıq
rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir.
Əbülfət Vəli cənabları isə hər bir təqdirin fövqündə
idi. Almış olduğu ixtiyar vəziyyəti, baxüsus əlaimi-vəcihəyi
və bütün hərəkatı çox az artistə nəsib olan xassələrdən
idi.
Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə,
mumileyh sənəti-tamaşada ibraz etdiyi iqtidardan
başqa, tələffüzündəki ahəng və üslubda bəhlə bir
səlasət vardı ki, adətən İstanbul artistlərini
xatırladırdı...
Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı
bir məmur, xeyirxah bir arxadaş qədər ifayi-vəzifə
edirdi. Hələ meyxanaçı — M.X.Quliyev cənabları
Türkiyənin cəstü çalak rum meyxanaçılarından əsla
seçilməyirdi. Yüzbaşov cənablarının sərxoşluqdakı
məharəti, Əliyevin tərəddüdlü və qorxaqca vəziyyəti,
İsmayıl Həqqi əfəndinin şətarətli halları və laübali
qəhqəhələri ayrı-ayrı birər qiyməti-haiz idi.
H.Qasımov, B. Əlizadə... əfəndilər də xoş bir
surətdə oynayırlardı.
Rejissorluq vəzifəsi Vəli əfəndinin öhdəsində
idi. Dekorasiya qayət mükəmməl və çalğı da Tiflisdəki
osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı.
Bir sözlə, bu axşamkı səhnə qüsursuz deyiləcək
dərəcədə gözəl idi. Təəssüf olunacaq bir qüsur,
bir nöqsan var idisə, o da ancaq camaatın azlığı
və böylə ciddi və qimətdar bir tamaşaya qiymət
verməməsi idi. Mənasız bir komediyaya hər kəs
ötüşdüyü halda, nədən isə böylə həqiqi və mənidar
tamaşadan qaçırlar. Tiflisdəki teatr maraqlıları
bu axşam təşrif etsələrdi, şübhəsiz, keçən səhnələri
unudaraq teatrın nə olduğunu görərlərdi. Bu pyes
hər kəsi sıxacaq dərəcədə uzun olduğu halda, hazirundan
məmnun qalmayacaq bir zata təsadüf ediləməzdi...