1905-ci ildə Tiflisdə
iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi
bu gün mənəvi bir böhran içərisindədir. Hər nə
qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm
bir surətdə cərəyan edir isə də, fəqət əhalinin
maarifə rəğbətsizliyi və etinasızlığı üzündən
bir müəssiseyi-maarifin hali-ixtisarda olduğu
kəmali-təəssüflə görülməkdədir.
Əgər belə gedərsə, bu gələcək sentyabrda mədrəsənin
açılmaq ehtimalı yoxdur. Əgər, xudanəkərdə, mədrəsə
açılmayacaq olursa, yüz nəfərə qərib müsəlman
çocuqlarının halı nə olacaq? Başqaları bizə nə
deyəcək? Qonşularımızın nəzərində nə surətlə cilvə
edəcəyik? Doqquz ildən bəri çəkilən zəhmətlər
nə kimi nəticəyə iqraz edəcək, bu mədrəsənin bəqa
və davamı xüsusunda maldan, candan keçən, həyatını,
şərəfini bu uğurda fəda edən bir para fəal, fədakar
adamlarımızın imdiyə qədər təhəmmül etdikləri
əziyyətlər, məşəqqətlər nə yolda bir fayda verəcəkdir?
İştə burasını düşünərək, mədrəsənin vəzi-hali-hazirini
göz önünə gətirdikcə, yalnız “İttifaq” məktəbinin
halına deyil, bəlkə dolayısilə bütün iranlıların
halına qan ağlamamaq qabil deyildir. Çünki müsəlmanlar
arasında təbiət qanunu hökmünə keçən nifaq, ədavət,
rəyasətpərəstlik kimi bir para məşum adətlər iranlılarda
daha şiddətli bir surətdə hökmfərma olduğu üçündür
ki, bu gün yüz nəfər qərib müsəlman çocuqlarının
tərbiyətgahı olan bu mədrəsə bir para şəxslərin
iqrazi-şəxsiyyətlərinə qurban olur. Tiflis kimi
bir məmləkətdə ayda yüz əlli, iki yüz manata qərib,
cüzi əhəmiyyətsiz bir pul minlərcə iranlıdan bu
mədrəsənin məxaricinə sərf olunmaq üçün toplanmayır.
Halbuki, minlərcə manatın qeyri-məşru yerlərə
sərf olunduğu kimi, minlərcə rublənin dəxi faydasız
yerlərə xərc olunduğu görünməkdədir.
Hal-hazırda “İttifaq” mədrəsəsi ayda iki yüz əlli,
üç yüz manat ilə idarə olunmaqdadır. Bu paranın
nisfi İran konsulxanası tərəfindən tədarik olunur.
Digər nisfi isə əhalidən alınması lazım gəlir.
Fəqət camaatın iqrazi-şəxsiyyəyə hədəf olması
üzündəndir ki, ayda yüz əlli manat kimi əhəmiyyətsiz
bir pul nəhayət dərəcədə çətinlik, güclük ilə
cəm edilir.
İmdi isə iki aydan bəridir ki, kimsə aylıq və
ianə vermək istəməyir. Hətta müəllimlərin tətil
maaşlarını vermək üçün mədrəsə daimi sərmayədən
(kapitaldan) beş yüz rublə vermişdir. Təəssüflər
olsun ki, doqquz illik bir maarif müəssisəsi bu
kimi mövqelərdə heç olmazsa, bir il özünü idarə
edəcək bir nəqd mövcudu yoxdur...
Artıq bu əsrdə, bu zamanda elm və mərifətin lüzumundan,
mənafeyindən bəhs etmək məlumi-elam qiyasından
olduğu üçün biz bu xüsusda bir şey söyləməyirik.
Ancaq istədiyimiz bir şey varsa, mədrəsənin bəqa
və davamı üçün lazım gələn himmət və qeyrətin
sərf olunmasıdır.
Müxbir
(“İqbal” qəzeti, 25 iyul 1914-cü il)
|