Nekroloq
Səmimi millət xadimlərindən biri də tərki-həyat
etdi. Əvət, M. Qurbanəli Şərifzadə həzrətləri
də sönüb getdi, həm də bəlirməsini, parlamasını
sezdirəməyən bir qığılcım kimi söndü.
Qafqazın bir çox mühərrirləri, ədibləri, sənətkarları
və millət xadimləri mərhumu yaxından tanıyır və
dadlı müsahibələrindən xoşlanırdı. Halbuki, camaatımız
ümumiyyət etibarilə müşarileyhi çox da layiqilə
tanımazdı. Mərhum vaxtında bir çox qəzetlərdə
iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır,
həqiqi bir millətsevər ruhu ilə öz irqdaşlarını
düşünürdü. Lakin bir dürlü səsi çıxmazdı, çünki
gurultudan, nümayişdən, alqışdan çox da xoşlanmazdı.
“Sağ əlinlə verdiyini sol əlin duymasın!..” -
üsuluna ən çox riayət edən sadiq, fədakar həmiyyətli
bir sima idi.
O, məktəb görməmişdi, fəqət həvəskar bir alim
idi, böyük bir müəllim idi, camaat müəllimi idi,
həm də müəllimlərdən artıq məlumata malik idi.
Heç bir mədrəsə tərbiyəsi görmədiyi halda, mərhum
öz hümmət və qeyrətilə, öz səbat və mətanətilə
türkcə, farsca, rusca oxur-yazardı; tətəbbö və
mühakimələrdə bulunardı. Bir an, əvət bir an belə
elm və maarif günəşinə pərəstiş etməkdən geri
durmazdı.
Onda son dərəcə böyük bir istedad və məziyyət
var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir
rəhbər olmasıydı.
Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti
düşünən ülum və maarifi təqdir edən bir çox gənclər
gerçəkdən də mərhum müşarileyhə qarşı mədyuni-şükran
olmalıdır. Çünki hər biri onun birər mənəvi şagirdidir.
Naxçıvan kiçik bir şəhərdir. Özü də maarif hissinə
olduqca biganə və əskidən bəri səfsətələr ilə
vaxt keçirən bir mühit olduğundan, daima xalqın
gözünə qara pərdə çəkməkdən zövq alan bir para
kövşək ruhlu, qara fikirli, kor idraklı əşxasın
əlində oyuncaq ola gəlmişdi. Lakin az bir zamanda
naxçıvanlılar, Naxçıvandakı gənc simalar yalnız
və yalnız Şərifzadə və onun kimi bir neçə həqiqətpərvər
zəvat sayəsində cəhalət qaranlığından qurtuldu,
qurtula bildi, qurtulmağa çalışdı, həqiqət işığını
dərk etməyə müvəffəq oldu. Və bugünkü Naxçıvan,
demək olur ki, Qafqazın digər şəhərlərinə nisbətən
çox da geridə olmayıb, az-çox düşüncəli, mühakiməli,
ziyalı simalar yetirmək ümidini bəsləməkdədir.
Mərhum zəngin bir ailəyə mənsub deyildi, yoxsul
gənc ikən Naxçıvanı tərk etmiş. Bakıya gəlmiş,
Türküstana keçmiş, yeni işlədilməkdə olan dəmir
yollarında çalışmış, bir-iki sənə zərfində öz
etibar və səbatı sayəsində məruf bir mütəəhhid
kəsilmiş və böyük rollar ifa etməyə başlamışdır.
Mumi-ileyh beş arşın yeri ölçər, onu islah və
tənöim etdirməklə məşğul olarkən, yanındakı mühəndislərdən
istifadə etməyi də əsla unutmaz. Cəbr, həndəsə,
müsəlləsat, kosmoqrafiya və sair ülumi-riyaziyyati
təəllümlə, mühakimə və tətəbbölə uğraşır, eyni
zamanda həm əmələ, həm mühəndis, həm də mütəfəkkir
bir alim həyatını yaşardı.
Qazandığı paralarla müvəqqət olaraq evdə istirahətə
çəkilir, bir para elmi, ədəbi, tarixi kitabları
mütaliə və mühakimə ilə iştiğal edərdi. Və aldığı,
topladığı məlumatı həqiqi bir el müəllimi kimi
bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara
duyurmaq istədi. İştə ondan Naxçıvana, Naxçıvan
gənclərinə toxunan istifadə də böylə, tətil zamanlarında
vüqu bulurdu.
Mərhum təqribən altmış yaşlarında gənc ruhlu,
gənc fikirli bir piri-möhtərəm idi. Mütəvəffa,
sərətan (xərçənk) xəstəliyindən tərki-həyat etmiş...
Şübhəsiz, bu cangüdaz xəstəlik, bu qorxunc dərd
çox da çəkilən dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan
daha böyük, daha dəhşətli bir dərd var ki, o da
böylə inqilablı və maraqlı bir zamanda əbədiyyən
cahana, cahani-hürriyyətə vida etməsidir.
Uzun illərlə həbsxana guşəsində işkəncələr altında
çırpınan, müdhiş və qaranlıq zindanlardan qurtulmaq
həvəsilə uçan bir məhbus, fədakar bir mücahid
həbsxananın qapıları açılıb da hürriyyət və inqilab
ağuşuna atılacağı sırada tərki-həyat edərsə, əcəba,
nələr duyar, necə müztərib olar?! Nə vəziyyətdə
bulunar, necə mütəəssir olar?!
İştə mərhum müşarileyhin halı da eyni məhbus halını
xatırladır.
Cənab həqq ruhi-nəcibinə rəhmət, övlad və ailəsinə,
əhibba və əqrəbasına səbr və mətanət kəramət eyləyə...
Hüseyn Cavid
(“Açıq söz” qəzeti, 9 iyun 1917-ci il)
|