- 1 -
Naxçıvanlılara
Rəvayət olunduğuna görə Naxçıvan əski yarımtanrılardan
məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş.
Demə ki, çox da kiçik yer sayıla bilməz. Tarix
səhifələrində bir para qəraib təsadüf olunur
ki, əsrlər keçsə də öz əhəmiyyətini qeyb etməz,
necə ki, Zərdüşti məzhəbində cari olan bir çox
işlər, imdi belə təbdili-məzhəb etmiş bəzi müsəlmanlar
arasında hökmfərmadır.
Yuxarıdakı rəvayət doğru olmasa belə Naxçıvanın
imdiki əhvali-ruhiyyəsi bunu gözəlcə isbat etməkdədir.
Şəhər əksəriyyətlə ikiyə bölünür: bir qismi
qul təbiətində yaşar, miskinliyi sevər. Bir
payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima
öz nüfuzunu işlətmək istər.
Orta yerdə hürriyyət vicdan, bəyani-rəy etmək
haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq
bir neçə zat var isə də məətəəssüf sayları üç
cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar
da səsləri-ünləri bir yerə yetişməz.
Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan
diksinmək ehtiyacını duydu, maarif dairəsinə
girmək istədi. Milli məktəb təsis etdi, mərhum
Sidqi sayəsində çalışıb-çapalamağa həvəsləndi,
gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı.
Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək
sahibi idi, millətini sevərdi. Hər addım başında
məşhur Napolyonun (dünyada olmaz-olmaz) düstur-cəsuranəsi
sərməşq ittixaz edilmişdi.
Öyrənmək, bilmək, dev addımları ilə irəliləmək,
əfkar-milliyyəyi aydınlatmaq ən birinci məqsəd
sayılırdı.
Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı
Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər
bitdi.
İmdi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz
ki, o beş-altı ilin məhsuludur.
Sonra nə oldu... Məktəb qapandımı? Xeyr, qapanmadı...
Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira
qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu
ruhu oxşar idi, insanı məşğul edərdi.
Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi.
Xalqa böyük bir dərd oldu.
Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət
Sidqi dövründə əsla əl vurulmadı. O zavallı
sönər-sönməz istibdadın qara buludları hər tərəfdən
məktəbin üzərinə çökməyə başladı. İş büsbütün
dəyişdi.
... Nəhayət işin sonu bir heçdən ibarət qaldı.
İki-üç ay sonra qiraətxana da fərağətxanaya
təbdil etdi, onunla bərabər bütün həvəslər də
bitdi getdi. Və öylə olmaq da icab edərdi, zira
bu ani hərəkət, bu məkusi-tərəqqi ciddiyyət
və mühakimədən ziyadə şaklabanlığa, nümayişə
aid bir vəziyyət idi. Nümayiş üçün qabaran hissiyyat
dəniz köpüyündən çox da fərqli olamaz. Qabarması
ilə sönüb getməsi bir olur. Hər işdə səbat və
istiqamət ən birinci şərt sayılır.
Mətin və paydar bir iş üçün kəskin bir düşüncə,
dərin bir mühakimə lazımdır. Yoxsa halva-halva
deməklə ağız şirin olmaz.
Bu son zamanda bir neçə zat himmət buyurmuşlar,
digər bir-iki məktəb daha təsis etmişlər. Doğrusu
fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır.
Kökü çürükdür. Çünki əvvələn hücrələrdə “Üsuli-cədid”
məktəbi ayaq tutmaz, tutsa da yürüməz, saniyən
əvvəlki məktəbi o hala qoyan hökümət barmağı
oldu.
İmdi də bu yeni məktəb və müavinət olsun deyə
yenə bir rusca müəllimi ilişdirildi, fəqət müsəlman
imiş, bəs yox.
Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi
nəzəri-diqqətə almalı, sonra işin kökünə əl
vurmalıdır. Zira təməlsiz (əsassız) divar iki
gün yaşar, üçüncü gün uçar, yıxılar, sahibini
sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər;
son nədamət isə heyhat... faidə verməz. Qız
məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq
icab edər.
İmdilik müstəid bir türk xanımı ana dilini tədris
etməkdədir. Ondan ediləcək istifadə mühəqqəqdir,
həm də günəş qədər parlaqdır.
Lakin rusca müəllimlərinin əxlaq və istedadına
bir az diqqət lazım. Məktəb binası olduqca sihhi,
gözəl və həvadar bir yerdə vaqe olur, hər xüsusda
bu məktəb digərlərindən şərəflidir və onlara
tərcih olunmalıdır. Çünki oğlan-qız bütün vətən
yavrularının tərbiyeyi-ibtidaiyyəsi ancaq onların
ağuşa-şəfqətində hüsulpəzir ola bilər.
(“Həqiqət”
qəzeti, № 3, 4 yanvar 1910-cü il)
|