- 2 -
Əvət, Naxçıvanda görülən işlər keçən nömrədə
görüldü. İmdi işin kökünü araşdırmaq lazım.
Çünki hökumət əski məktəbi öz əlinə aldı.
Ondan bir çox adamların şübhəyə düşmək ehtimalı
var. Şübhəsiz, ana dili nə qədər lazım isə,
hökumət dili də o qədər vacibdir. Lakin Əli
aşını, Vəli aşına qarışdırmamalı. “Qorodskoy”
məktəblər başqa, milli məktəblər daha başqa
bir şeydir. Burada yalnız iki sual nəzərə çarpır:
məktəbdən məqsəd nədir? Və kimlər hansı məktəblərə
getməlidirlər? Elm hər dildə birdir. Elmdə təəssüb
yoxdur. Ancaq bir para şərtlər vardır ki, nəzəri-diqqətə
almaq faydasız olmaz. Elmdən edilən istifadə
yalnız mənəviyyata münhəsir deyil. Maddiyyat
ilə də münasibətdar olmalıdır.
Ən əvvəl məktəbdən məqsəd yazıb-oxumaqdır ki,
ibtidai məktəblər bunun üçündür və hər millətin
bütün əfradına vacib bir vəzifədir. Necə ki,
Avropa hökumətləri bunu məcburi bir qanun şəklinə
qoymuşlardır. Üç-dörd il zərfində istər qız
olsun, istər oğlan olsun ibtidai təhsil görməlidir.
Lakin bu məktəblərə gələn çocuqlar əksəriyyətlə
fəqir, kasıb çocuqları olur ki, məktəbi ikmal
edər-etməz iş arxasınca qoşacaq, özünə bir kəsbü
kar arayacaq, atasına yardım edəcək.
İmdi azacıq yazı-pozu bilməlidir ki, işlərini
idarə etməkdə güclük çəkməsin, hər günkü həvadisi
anlamaq üçün bir-iki sətir qəzetə oxuya bilsin.
Əcəba, bu qısaca məlumata bu məktəblərdə nail
olmaq mümkünmüdür? Əsla!..
Hər gün üç dərs rusca, bir dərs türkcə oxunsa,
o yarım-yanlış türkcədən heç bir fayda hasil
olmaz. İki gün içində tamam unudular gedər.
O qarışıq yazılar, o pərişan imlalar, o qəliz
kəlmələr ilə əsla bir şey anlaşılmaz.
Ruscaya gəlincə, bir-iki qiraət kitabı ilə,
hesab qəvaid və sairə ilə uğraşılır ki, hamısı
“nəqş bər ab” qəbilindən bir şey olur. Çocuq
məktəbdən çıxdığı kimi o qeyri-mənus kəlmələr
də zavallının başından çıxar.
Lakin ata-anası da qüvvəsiz: imdi biçarə talein
nəsinə məmnun olsun, çəkdiyi dörd illik zəhmət
hədər oldu getdi. Şübhə edilsə, nümunə istənilsə
hazır, həm də yüzlərcə. Lakin işi biləks təsəvvür
edəcək olursaq, daha çox istifadə edilmiş olur.
Bəzi hər gün üç dərs türkcə, bir dərs rusca
oxudulursa, bir iş sahibi, ticarət və sənaətcə
lazım olan işlərini beş-üç kəlmə yazıb söyləşmək
ilə yoluna qoya bilər.
Fəqət rus dilindən kiçik bir xatirə qalır ki,
yavaş-yavaş zaman qulağını buraraqdan öyrənməyə
məcbur edər.
Üç il yalnız ana dilinə məxsus qalmış olur ki,
bir il ancaq əlifba ilə uğraşılır, iki il də
ərəb, fars qəvaidindən lazım olanları, sonra
hesab, coğrafiya, tarix, açıq olmaq şərtilə
sair fünundan da bir para səthi məlumat əldə
edilmiş olur.
Lakin tərzi-tədrisdə həmiyyətlə elm qarışdırılmalıdır
ki, çocuğun gözünü açmaqda güclük çəkilməsin.
Bunun üçün də karaşina müəllimlər lazım ki,
elmi-tərbiyəyə və lisana heç olmazsa səthi surətdə
vaqif olmuş olsun. Yoxsa papağan “tuti” kimi
təqlidi və gevşək bir proqram təqib emək eyi
bir nəticə verməz. “Vətən dili” ya “Bəsirəti-ətfal”
bilənlərdən müəllimlik iddiasına düşənlər heç
də az deyil. Onlar öz-özlərini bilmədikləri
kimi, onlardan istifadə umanlar da yox deyil,
bir kitabi bu gün öyrənib, yarın öyrətmək xəyalına
düşmək çürük bir xülyadan başqa bir şey deyildir.
Diqqət buyurulsun? Bir gündə əlifba dərsi vermək
ixtiyarını haiz olmaq istəyən hər bir rusca
müəllimi mütləq on bir il çalışıb, darülmüəllimin
(seminariya) ikmal etməlidir. İmdi bu müəllimlər
haradan bulunsun? Deniləcək ki, doğru bir sual
olduğu şübhəsizdir. Həm də böylə müəllimlərə
yalnız Naxçıvan deyil, Ordubad, İrəvan və onların
təfərrüatı kimi yerlər həp bir dərəcədə möhtacdır.
Lakin bu öylə bir məsələ ki, həll edilməsi çox
qolaydır.
Dağa-daşa düşmək lazım deyil. Gəncə çox yaxındadır.
Həm də əlin içində... Gənc məktəb ruhanisini
bilməyən yox kimidir. İştə oraya gedilib az
bir zaman çalışılır isə, hər arzuya nail olmaq
mümkündür.
Bakıda bir-iki məktəb müstəsna olmaq şərtilə,
Gəncə məktəbi Qafqaziyanın ən birinci və ən
parlaq məktəbidir. Ancaq, burası şayani-heyrət
ki, ana dilində təhsili-elm üçün məsafələr teyy
edib, məsarifə qatlanmaq imdilik bizə çox ağır
gəlir. Lakin çox yanlış bir xəyal...
Oraya müraciət edənlər çox vaxt qeyb etməzlər.
Azacıq məlumati-ibtidaiyyəsi olanlar bir-iki
ildə naili-məqsəd olub geri dönə bilər.
Ehtimal ki, az bir zamandan sonra məktəbin özünə
məxsus pansionu da olar. O zaman on üç-on dörd
yaşında çocuqlar da göndərmək mümkündür. Hər
yerdən üç nəfər göndərilsə, zənnimcə ikisi tamam
və yarı məsrəf ilə qəbul edildiyi kimi, biri
də büsbütün məccani qəbul edilə bilər.
Gəncə məktəbi böyüyəcək, artacaq, yüksələcək,
geniş bir proqram təqib edəcək, səbatlı bir
darülmüəllimin olacaq. Çünki sahibləri yalnız
maddətən deyil, mənən də geniş bir mühakimə,
təmiz bir məslək sahibləridir.
Məktəb həm şəriətə, həm məişətə əlverişli bir
məktəbdir. Dünya və axirət orada cəmdir. Sahibləri
və müəllimləri şayani-təbrikdir.
İbtidai məktəblər haqqında bu qədərcik yetişir,
həm insan üçün o bir başlanğıcdır, yeganə bir
vəzifədir. Bir də sənət ya məslək üçün məktəblər
vardır ki, onlar dəxi “qorodskoy”lar, gimnaziyalar,
realnilər, seminariyalar və sair bir para məktəblərdir.
İqtidarı, varı, həvəsi olanlar üçün həm münasib,
həm də istifadəlidir. O xüsusda heç bir deyəcək
yox. Hər kəs öz hissiyyatını dinləməli, öz yorğanına
görə ayaq uzatmalıdır.
Lakin bəzi şəhərlərdə müsəlmanlar bu xüsusda
da qafil davranmışlar. Azacıq etinasız olmuşlar.
Məsələn: bir çox bu qisim məktəblərdə gürcülərin,
ermənilərin həm şəriət, həm lisan müəllimləri
olduğu halda, müsəlmanların yalnız şəriət mollası
var. Lisan müəllimdən məhrumdur. Onun üçündür
ki, bir çox məktəb şagirdləri az bir zamanda
özlərini unudurlar. Özlərini, sözlərini bilməyirlər.
Tarixlərindən, köklərindən xəbərsiz qalırlar.
Bu da bir millət üçün çox böyük qəflət, çox
böyük tədənnidir. Dilsiz bir millət yaşamaz,
çapıq münqəriz olur. Bir millətin lisanı mövcudiyyətinin
ən parlaq bürhanıdır.
(“Həqiqət”
qəzeti, № 4, 5 yanvar 1910-cu il)
|