- 2 -
Təlim və tərbiyə haqqında veriləcək atidəki məlumat
bir para mövsuq mənbələrə istinad edir. Onlar
üçün mütaliəsi faydasız olmaz zənn edirəm.
Tərbiyə (pedaqogika) nədir? Və nə yapmalıdır?
Alman hükəmasından filosof Kant deyir: “Tərbiyə,
təbiəti-bəşəriyyənin bütün qabiliyyətlərini müntəzəmən
və mütənasibən nətvünüma etdirməli və bütün insanları
qayeyi-müqəddərinə isal eləməlidir.”
İngilis hükəmasından Lokk da deyir ki, “Tərbiyə
insanları fəzilətli, cəmiyyətə faydalı və öz məsləklərində
məharətli bir hala gətirmək üçün ən qolay və qısa
olan üsuldur.”
Filosofi-şəhir Herbert Spenserə gəlincə, o da:
“Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa
hazırlamaqdır” - deyir. İndi bu cümlələri vücudə
gətirən kəlmələr bir-birinə çox bənzəməyirsə də,
nəticə və qayə bir olduğu dərhal nəzərə çarpır.
Fənni-tərbiyənin insanları bəxtiyar edəcəyi, parlaq
və məsud bir həyata nail eyləyəcəyi hər kəsdə
müsəlləm bir həqiqət olsa gərək. Lakin tərbiyənin
yaxşı bir nəticəyə vasil olması mürəbbiyələrin,
müəllim əfəndilərin səviyyeyi-ürfanına, təşəbbüsati-ciddiyyəsinə
bağlıdır. Onun üçün müəllim “elmi-həyat”, “elmi-ruh”,
“elmi-əxlaq” kimi tərbiyə xüsusunda lazım olan
şərtlərə vaqif olmalıdır. Kamilən olmasa da, bunları
səthi surətdə bilməsi faydadan xali deyildir.
Elmi-həyat, məktəb şagirdlərinin yeyib-içmək,
gəzib-oturmaq, zəif və qüvvətli olmaq kimi hallarından
bəhs edir. Bədənin və bədəndə olan məşvü nümanın
hansı təsir ilə və nə səbəblə dəyişə biləcəyini
göstərir.
Elmi-ruh, çocuqların fikrini, həyatını, əxlaqını
öyrənib bilmək üçün böyük bir vasitədir. Onunla
(elmi-ruh ilə) bu təbii halların təcəlli və təhəvvülünün
hansı təsirlər ilə dəyişdiyini və nə surətdə tərbiyə
və islah ediləcəyini bir dərəcəyə qədər bilmək
mümkündür.
Elmi-əxlaq isə xeyir və şərin nədən ibarət olduğunu,
tərbiyədə necə bir qayə təqib edildiyini və həyatın
nə tərəfə sürükləndiyini öyrədir.
Xülasə, bu üç elmi-fənni-tərbiyə üçün birər mühüm
əsas təşkil edir.
Bir məktəb otağına girilsə, orada olan şagirdlərin
çöhrə fizyanomiyalərinə diqqət edilsə, bir-birinə
bənzəmədikləri dərhal gözə ilişər, çöhrələri müxtəlif
olduğu kimi, əxlaq və təbiətləri də müxtəlif olacağı
şübhəsizdir. Bəzi çocuqlar inadcıl, söyüşən, bəziləri
həlim, dalğın, kimisi avara, yaramaz, kimisi də
çin fikirli və zərif olur.
Onların təbiətlərində bu ixtilaf olduğu halda,
bəzi vaxt da birdən-birə bu əxlaqlar dəyişməyə
üz tutar, biri inadcıl ikən yumşaq, biri miskin
ikən zəki və fəal olur.
Bu səbəblərə görə yekrəng bir tərbiyə daima mənfəət
yerinə zərər verir. Bir müəllim elmi-ruh yardımilə
bu müxtəlif təbiətlərin cərəyanını nəzəri-diqqətə
almalıdır ki, çəkdiyi zəhmətlər hədər olmasın.
Bir müəllim bir artist qədər ruh-aşina və təbiətşünas
olmalıdır.
Lakin bir çox həriflər də var ki, məzkur şəraiti
öyrənir də tətbiq edə bilmir, yenə zəhmətləri
nəticəsiz qalır, çünki hər məsləkdə olduğu kimi,
təlim və tərbiyə üçün də hər müəllimdə azacıq
istedad bulunmalıdır. Yoxsa nəzəriyyat çox da
fayda verməz.
Bir çocuq anadan doğulduğu gündən etibarən yeddi-səkkiz
yaşına qədər ata-anası yanında yaşar, qoşar, ev
tərbiyəsi, ailə tərbiyəsi alır, sonra da məktəb
otağını ziyarət edir; arzusuna, istəyinə görə
beş, on, on beş il də məktəbdə keçirir.
İndi ev tərbiyəsi ilə məktəb tərbiyəsinin hər
ikisi çocuqlarda dürlü-dürlü təsirlər bağışlar,
bir çocuq evdə ata-ana tərbiyəsi sayəsində xəluq,
çalışqan, mütəşəbbis bir qəhrəman olduğu halda,
məktəbə davam edər-etməz əxlaqı, təbiəti büsbütün
dəyişir, fəna, uyğunsuz bir hal kəsb etmiş olur.
Bu halı törədən xassə isə yoldaşlarından, arxadaşlarından
aldığı əxlaqlar, müəllimlərdə, mürəbbilərdə gördüyü
əhəmiyyətsizliklərdir və bu təsirlərin ən əhəmiyyətlisi
də yenə müəllimlərə racedir. Müəllimlər tərbiyədən
anlayanlardan olsalar, şübhəsiz ki, nə məktəbdə,
nə də məktəblilərdə (məktəb şagirdləri) müzirr
əxlaq, fəna təbiətlər bulunmaz; bulunsa da çox
səthi, çox təsirsiz qalar. İndi bu məsələnin bir
də əks tərəfi var, necə ki, bir çocuq evdə çox
sırtıq və əxlaqsız olduğu halda, bir məktəbə girər-girməz
haman dəyişir, inanılmayacaq dərəcədə zəki və
uslu olur.
Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə
vardır ki, məktəb təhsili ikmal edildikdən sonra
35, 40 yaşına qədər insanda davam edər. Bu tərbiyə
yalnız mühiti-ümumiyə race bir tərbiyədir. Çox
zaman mühiti-ümumi insanın ailə içərisində, məktəblərdə
aldığı tərbiyəni büsbütün dəyişdirib başqa bir
aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda
maddi və mənəvi bir para təsirat insanın aldığı
tərbiyələri zirü zəbər edəcək dərəcədə məsləkinə
müğair hallara sövq edə bilir.
Azacıq muşikafanə bir nəzərlə baxılsa deyilə bilir
ki, bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən
müqəssiri, ən qüvvətlisi olsa-olsa yenə tərbiyeyi-ümumiyyə
(təsiri-mühit) ola bilir. Yalnız mühiti-ümumi
təsirindən yaxanı qurtaracaq bir müəssir var ki,
ona da “nəfs” deyilir. Nəfs əksəriyyən iləriki
tərbiyələrə tabe olmaqdan varəstə ola bilməz,
lakin mətanəti-fövqəladəyə malik olan insanlarda
isə daima qabili-təhəvvül, daima qabili-islahdır.
Ailə tərbiyəsi və səhhəti-bədən, vücud sağlamlığı
həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir.
Vücudun sağlam olmasının yeganə səbəbi və müəssiri
isə ata-anadır.
Bir çox çocuqlar anadan xəstə doğular. Xəstə yaşar
və xəstə bir vücud ilə tərki-həyat edərlər. Bu
xəstəliyi icad edən ata-anadan başqa kimsə deyildir.
Çünki bir çox xəstəlikləri irsi olaraq övlada
intiqal edər. Çocuqun atası anasına nisbətlə çox
az iras məzərrət etmiş olur. Çocuqlara sirayət
edən xəstəliklərdə ən dərin fəlakətlərə yol açan
analardır. Çünki çocuq ana “rəhim”inə düşdüyü
zamandan başlayaraq doqquz ay qədər qanından,
təvəllüddən sonra da südündən bir çox müzürr səhhəti-tədiyat
ilə illətlənir və möhlik mərəzlərə düçar olur.
Biçarə məsum böyüdükcə vücüdundakı təhlükəli xəstəliklər
də onunla bərabər böyüməyə başlar.
Bir çocuq ilə dünyaya gələn xəstəliklər ata-anasının
irtikab etdiyi naqabili-əfv bir günahdan başqa
bir şey deyildir. İştə, Herbert Spenserin ata-analara
xitabən söylədiyi bu qısa cümlə şayani-təəmmüldür:
qəvaidi-səhiyyəyə hər bir müxalifət bir günahi-maddidir.
Bir çox çocuqlar da olur ki, ata-anasından heç
bir vəchlə məasir olmadığı halda yeyəciyi, içəcəyi,
geyəcəyi üzündən xəstələnir, tənəffüs etdiyi hava,
hərəkətsizlik, valideynin qeydsizliyi bütün-bütün
səhhətini ixlal edər. Çocuqları təmiz, saf bir
havada yaşatmaq, sihhi bir surətdə bəsləmək, sıx-sıx
yıqamaq, oynamaqdan, o yan-bu yana qaçmaqdan mən
etməmək, müzürri-səhhət libas geydirməmək, sərbəstliyinə
mane olmamaq... Ata-ana üçün boyun borcu qədər
mühüm birər vəzifədir. Hər şeydən əvvəl, çocuqların
yeyib-içəcəkləri nəzəri-diqqətə alınmalıdır. Çox
yemək (xörək) müzürri-səhhət olduğu kimi, az yemək
də faydalı deyildir. Yeməklərdə ən çox diqqət
ediləcək nüqtə bəsləyici (müqəddi) olmasıdır.
Yemək qarnı doldurmaq, yaxud ləzzət duymaq üçün
də deyildir. Bəlkə həyatı idarə etmək, vücudu
bəsləmək üçündür. Bir də ən çox diqqət ediləcək
şey yeməklərin müqəpnən, müntəzəm bir saatda,
bir zamanda olmasıdır. Yoxsa hər saatda, hər yarım
saatda ağızda (saqqız çeynər) kimi bir şey yuvarlamaq,
bütün-bütün müzürri-səhhətdir. Çünki bu hal həzmi-mədəyi
xarab etməkdən başqa bir şeyə yaramaz.
Fəqət bu qaydanı gözətəcək, nəzəri-diqqətə alacaq
kimlərimiz var!? Qafqaziyada çocuq tərbiyəsindən
anlayan neçə ağaya təsadüf edə bilərik? Çocuq
tərbiyəsinə diqqət etmək üçün tərbiyə görmüş analar
lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz?
Hər hansı qəzetəyə baxsan “millət böylə, vətən
şeylə” olmalı kimi bir çox məqalələr, xülyalar
görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı?
Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi
və səadətini kimdən bəkləyə bilərik? Beli bükülmüş,
ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir para
biqeyd, laübali gənclərdənmi? Yaxud saf, təmiz,
məsum, ləkəsiz növzadlardanmı? Şübhəsiz ki, vətənə,
millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə
çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb
sıralarında çırpınan məsumlar ola bilər. Fəqət
bu növzadların yeyib-içməsinə, geyinib-gəzməsinə,
təlim və tərbiyəsinə diqqət edəcək analar hanı?
Erkək qisminin maddi surətdə doğulub böyüməsinə
qadınlar səbəb olduğu kimi, mənəviyyatca da münəvvərəlfikr,
tərəqqipərvər olmalarına yenə yeganə vasitə qadınlardır,
demək ki, tərəqqinin ilk vasitəsi qadın və qız
məktəbləridir.
|