- 3 -
Ayşə Sədiqə xanım “Təlim və tərbiyə” adlı kitabında
deyir ki: “Çocuqlara hər kim olsa dərs verər,
fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi
validə verər. Çocuğun birinci mürəbbisi validədir.
Validəsi olmayanlara yenə bir qadın məmur edilir.
Çünki zamani-səbavətdə çocuqlara xidmət edə
biləcək qadınlardır. Demək olur ki, bir qövmün
səadəti və tərbiyəsində qadınların böyük təsiri
vardır. Bunun üçün hər şeydən ziyadə qadınların
tərbiyəsinə etina edilməlidir. Tərbiyəli validələr
yetişdirməyə qeyrət edilməlidir.”
Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və
əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə
gözəlcə isbat edilə bilir ki, o da budur: “Cənnət
anaların ayaqları altındadır” - buyurulmuşdur.
Qafqaziya türklərindən bu kəlami-müqəddəsi bir
neçə kərrə eşidib duymamış bir nəfər təsəvvür
olunmaz zənn edirəm. Müsəlmanlıq bir avropalının
dediyi kimi, quru bir lafdan ibarət isə... Heç!
O əmri-qüdsiyyəyə itaət isə... Hanya! O hardadır?
Yaponiyalılar islamiyyəti qəbul etmək fikrində
imiş! İslamiyyətin erkək-qadın haqqındakı, təhsili-elm,
hörməti-mütəqabilə, müsavat... kimi bir çox
şeyləri o kitabdan, bu kitabdan oxuyub duysalar,
ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin
bir neçə müdəqqiq, müfəttiş göndərib də göz-gözə
tədqiq etsələr, müsəlmanların əfal və hərəkatına
göz qoysalar, şaşıb qalmazlarmı?
Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda
ikidə bir haqqi-vərasətə malikdirlər. Rəsuli-əkrəm
təlim və tərbiyədə heç fərq qoymadığı halda
təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə
fərz buyurduğu təqdirdə, necə olur da ki, böylə
bir əmri-müqəddəsi heç məsabəsində tuturuq?
Əcəba, səkkiz-doqquz yaşında bir qız yalnız
ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə
müxalifmi zənn olunar? Bir çox mübarək ağızlar
qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını
söyləməkdən çəkinməyirlər, əcəba məktəb, təlim
və tərbiyə insana itaətsizlikmi öyrədir? Yaxud
insaniyyət, şəfqət, mərhəmət, nəzafət, övlada
məhəbbət, böyüklərə itaət nə olduğunumu təlim
edər?
Sadədillik xoş bir şey olsa da, bu qədəri, bu
dərəcəsi sevilir bir şey deyildir. Bugünkü gün
ehtimal ki, bir para səfsətəamiz quruntular
ilə, boş xəyallar ilə özümüzü mütəsəlli edək...
Fəqət yarın? Yarın hər işimizdə olduğu kimi,
qız tərbiyəsi haqqında da başımıza, gözümüzə
vuracağıq, kor-peşman olacağıq, lakin nəticə
bir yana çıxmayacaq. On il əvvəl oğullarını
məktəbə verməyən, tərbiyəni sapqınlıq ədd edənlər
indi hanı? Hər tərəfə baxarsan, eyi-fəna, istər-istəməz,
hər kəsdə övladını tərbiyə etmək maraqı qabarmaqda,
coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara
məxsus iki-üç ibtidai məktəb açılmaqdadır. Lakin
üç-dörd illik yarım-yanlış məktəblər səkkiz-doqquz
sənəlik ev tərbiyəsini təbdil və islah edə biləcəkmi
zənn olunur? Heyhat!..
Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb
otağına girincəyə qədər xurafat uçurumlarında
yuvarlanır gedir. Bir otaqdan digər otağa girəcək
olsa, “damdabaca”lar ilə qorxudulur. Başı açıq
dışarı çıxacaq olsa, göydən başına adamcıl qurd
dərisi düşər. Qaranlıq bir yerə getsə, cinlər,
divlər ilə təhdid edilir. Hasili-ənva, mövhumat
ilə zavallının mənəviyyatı alt-üst olur. Otuz
yaşına gəlsə belə, o qorxunc kölgələri bir dürlü
başından çıxarmaz olur. Ev tərbiyəsinin doğurduğu
ən gözəl tərbiyə, ən xoş əxlaq — yalançılıq,
kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik,
qorxaqlıq kimi bir para rəzil, murdar əxlaqsızlardan
ibarətdir. Binəva socuq sabahdan axşama qədər
küçədə, bacada toz-torpaq içində yaşar, qoşar,
nəhayət bir yeri səqətlənir, yaxud ordan-burdan
dürlü-dürlü misri xəstəliklərə hədəf olur gedər.
Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını
çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə,
“Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri
çağır da gəlsin, zəhrimarını zoqqumlansın” —
deyir.
İmdi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi
olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən
nə fayda hasil ola bilir? Təbii heç...
Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında
ikən yediyi qaletlərdən əlifbanı öyrənməyə başlar,
ev divarına baxsa hesab cədvəlləri görür, əmali-ərbəəni
üç-dörd yaşında gülə-gülə, sevə-sevə öyrənir.
Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə
əl-ayaq vurmağa, çırpınmağa başlar, məktəbə
girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi
yerində olub, fəal mütəşəbbis, qəyur bir insan
olmağa çalışır, bir azdan sonra qarşınızda iyirmi
yaşında universitetdən məzun bir əfəndi bulursunuz,
bir çox heyrətamiz baxışlar ilə süzdükdən sonra,
o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.
İndi, o istedad, o fövqəladəlik ona haradan
gəldi? Göydən zənbil iləmi endi? Yaxud allah-təala
o zəka və istedadı onlaramı münhəsir etmişdir?
Təbii, bunların heç birisi deyil! Yalnız qələbə
və müvəffəqiyyət çalışanlarındır və çalışmaq
yolunu bilən ərlərindir.
Lakin bu nöqtəni eyicə nəzərdə tutmalı ki, təbiət
kimsəyə yz görməz, kimsənin əlində bazicə olmaz.
Cənab-həqq təbiətə öylə bir qüvveyi-qahirə,
öylə bir qüdrəti-qalibə vermiş ki, daima qalib
gəlir, məğlub olmaz. Özünə qarşı durmaq istəyənləri
pəncəyi-qəhrində əzər, örsələr, məhv edər, yaşatmaz.
Uzağa getmək lüzumsuz, yalnız on il bundan əvvəlki
halımızı düşünək nə dərəcədə dəyişdiyimizi,
sevmədiyimiz, ürkdüyümüz halda, bir çox nöqteyi-nəzərdən
təbiətə necə boyun əydiyimizi apaçıq görüb anlarıq.
Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən
məhrum buraxanlar, yarınkı gün cigərguşələrinin
zillət, fəlakət odunda yanıb-qovrulduqlarını
ağlaya-ağlaya seyr edəcəklər... Çocuqlar məsumdurlar,
onunçün etdikləri işlərin heç birindən məsul
deyildirlər, onların hal və hərəkətlərindən
məsul olacaq yalnız ata-analarıdır. Qızını,
oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn
qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır.
Çünki cəmiyyəti-bəşəriyyə üçün müzürr bir adam
hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz
övlad yetişdirib, onları tərbiyə və islaha çalışmayan
ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu,
vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq
üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş
olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın
nə dərəcə məsul olacağı, nə müdhiş cinayət işlədiyi
hər kəscə məlum, aydın bir həqiqətdir.
Bu il olmasa belə, bir neçə il sonra təhsili-ibtidainin
istər qız, istər oğlan üçün məcburi tutulacağı
şübhəsizdir. Lakin bizim istədiyimiz kimi deyil.
Ümumrusiya türklərinin səmimi dostu “Puruşkeviç”lərin
istədiyi kimi olacaq, indii xanım qızlar milli
məktəblərdə ana dilini oxuyub öyrənməsələr,
yaxud ata-anaları tərəfindən məhrum edilsələr,
bir-iki il sonra zor ilə, qəhr ilə oxumağa məcbur
olacaqlar. Bir də cəbrə, təzyiqə nə hacət? Artıq
iyirmi ilə otuzu hesab etmək üçün anaların təsbihlər
ilə, qızların barmaqlar ilə komediya çıxarmaları
çəkilir, bir dərd deyildir. Azacıq da utanıb
qızarmalıyıq.
|