- 4 -
Təlim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə
alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır.
Məktəblər səhhəti ixlal etməyəcək dərəcədə havadar,
uca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli
yerlərdən uzaq olmalıdır. Xəstəxana, həbsxana,
məzarıstan kimi yapı binalara yaxlaşmamalıdır.
Xırıltı, gurultusu çox olan mövqelərə yanaşmamalıdır.
Məktəb binası mümkün dərəcədə günəş yerlərdə
vaqe olmalı, rütubəti çox olan yerlərdən həzər
edilməlidir. Günəşə mane olacaq kölgələr ilə
mühat olmalıdır. Çünki çox xəstəliklərin günəşsizlik
və rütubət üzündən vücuda gəldiyi aydın bir
həqiqətdir.
“Günəş girməyən yerə təbiblər cirər” məsəli
məşhuri-aləmdir. Buracıqda bir az haşiyə çıxmaq
istərəm. “Rütubət” sözilə “tərbiyə” kəlməsini
düşündükcə Naxçıvandakı “Məktəbi-tərbiyə” ilə
onu istila edən müzürri-səhhət rütubəti xatırlamamaq
bir dürlü əldən gəlməyir.
Naxçıvanın bu milli məktəbi - fəqət indi deyil,
ilk açıldığı zaman öylə idi — Nili-mübarək üzərində,
yəni, “Bazar çayı” üstündə vaqe bir məktəbdir.
Məzkur məktəb məscidi-camein qoltuğuna sığınmış
dar bir yerə təsadüf edir.
Xaricdən şəhərə varid olmuş bir səyyah-zavallı
məktəbin divarlarına göz gəzdirəcək olsa, yarım
arşın qədər xəcalətdən tərləmiş olduğunu müşahidə
edər.
Fəqət məscidi-came? Naxçıvanın göz bəbəyi məsəbəsində
olan o böyük bina? On beş-iyirmi min manata
mal olan o məbəd nə oldu? İştə, o da məzkur
çayın nəmli, vərəmli öpüşlərilə söndü, getdi,
doğuş ilə ölüşü bir oldu. Bir neçə yerdən rəxnədar
oldu, qübbəsi çatladı, qapısı bağlandı.
Zatən məzkur məktəbin də orada vaqe olması məscidə
mücavir olmaq üçün idi. İndi bu məktəbin günəşsizlik,
darlıq, rütubətə məruz olmaqdan başqa digər
qüsurları da var ki, onlar da qismən güzərgah
olması, məzkur çayın şırıltısı, bazarın gurultusu
kimi bir çox müğairi-fənni-tərbiyə maneələrdən
ibarətdir. Lakin bu məktəbin ilk təsisini və
neçin orada yapılmasını eyicə anlamaq üçün bir
az da təfsilata ehtiyac var. Bu məktəb on beş-on
altı il əvvəl təsis olunmuş. Şəhər qlavası Cəfərqulu
xan Naxçıvanski cənabları ilə şəhər hakimi Slavaçinski
bu xüsusda çox fədakarlıqda bulunmuşlar. “Cidilli
bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb
təsisini xalqa təklif etmişlər isə də, kimsə
razı olmamışdır. Bazardan, məsciddən uzaq bulunduğu,
həm də vəqf yer olduğu bəhanə tutulmiuşdur.
Şəhər hakimi, xan və bir neçə gözüaçıq əfəndilər
məktəbin orada yapılmasına nə qədər təlaş etmişlər
isə də bir çox mühakiməsiz həriflərə məram anladamamışlardır.
Səkkiz, doqquz min rübləyə dəyən o gözəl yeri
şəhər duması parasız, pulsuz məktəbə hədiyyə
etdiyi halda, kimsə təqdir etməmişdir. Lakin
oranı bir neçə il sonra bir xristian çox ucuz,
çox dəyərsiz bir qiymətə almış; o vəqf yerdə
geniş, gözəl, bağlı-bağçalı bir klub yapdırmışdır.
İndi anlaşılır ki, vəqf olan bir yerdə məktəb
deyil, klub yapmaq belə mümkün imiş!..
Lakin yeni yapılan zaman bağda vaqe qız məktəbi
isbat edir ki, xalq işin əhəmiyyətini azacıq
təqdir etməyə başlayır.
Çünki burası da “Məktəbi-tərbiyə” üçün intixab
edilmiş bir qədər gözəl və havalı bir yerdir.
Zənn edərsəm, burası da vəqf olmalı, lakin,
hər nədənsə, bir kərrə yapılmışdır. Hər nədənsə,
əgər bu günkü duyğular, görgülər, bilgilər on
beş il əvvələ təsadüf etrsəydi, təbii o dürlü
çürük xülyalara, mövhumatlara yol açılmazdı,
o vaxt işin həqiqəti düşünülməmişdi, indi artıq
düşünülür, düşünülməyə başlayır.
Qonşu kirvələrimizdə məşhur bir məsəl var ki,
o da “musurmanın sonki ağlı mənim olaydı” cümləsidir.
Həqiqətdə, gözəl tədqiq edilsə, çox təcrübəli,
çox mənadar bir söz olduğu dərhal anlaşılır.
Bunca təfsilatdan məqsəd Naxçıvan işlərini təsvir
etmək deyil, bəlkə Qafqasyada sakin bütün türkləri
hər şəhərdə, hər qəsəbədə vəqf yeri, köhnə məzarıstan
kimi bir çox qiymətli, əhəmiyyətli yerləri əldən
çıxarıb mövhumata sapmalarını ərz ixtar etməkdir.
Bu dürlü uyğunsuzluqlara deyil bir şəhərdə,
Qafqasyanın hər şəhərində təsadüf etmək mümkündür.
Bir az diqqət edilsə, bir çox bulvarların, şəhər
bağçalarının, kilsələrin həp öylə “məzarlıq,
vəqf yeri” dediyimiz yerlərdə inşa olunduğu
nəzərə çarpar. Biz, vəqf yeridir, günahdır deyib
qorxmuş, çəkilmişik, bir arşın qədər hasar çəkməyi
belə əsirgəmişik. Hökumət isə bu cəhalətdən
istifadə edərək yağlı-yavan, yaxşı-yaman, gözünə
ilişəni özünə mal etmişdir.
Mövzui-bəhsi aşdıq, söz cığırından çıxdı. Artıq
haşiyəni kəsib də yenə sözümüzə, bəhsimizə gələk.
Bəli, mümkün dərəcədə məktəb binası günəş işığından
məhrum olmamalıdır. Lakin işıq bir tərəfdən
gəlməlidir. Zira iki, yaxud bir neçə tərəfdən
gələcək olsa, müxtəlif kölgələr buraxır ki,
o da göz üçün müzürdür.
İşığın sol tərəfdən gəlməsi daha faydalıdır.
Çünki, sağ tərəfdən gələcək olsa, yazı yazarkən
sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri
rahatsız edər. Sinifin (klasın) pəncərələri
də olduqca çox və aydınlıq olmalıdır. Məktəbin
dörd-beş arşın (rus arşını) enində geniş bir
dəhlizi (koridoru) və tənəffüsxanası olmalıdır.
Hər məktəbin mümkün dərəcədə özünəməxsus bir
də gözəl bağçası olmalıdır ki, çocuqlar orada
sərbəst gəzinə bilsin, saf, təmiz hava ala bilsin.
Rəfi-ehtiyac üçün qədəmxanaları olduqca uzaq
bir guşədə bulundurmalı, qulluqçular nəzafət
haqqında çox ziyadə diqqətli olmalıdır.
Siniflərdə nəzəri-diqqətə alınacaq şeylərin
ən mühümmü sıra “skameyka”lardır. Sıraların
ölçüsündə çox diqqət lazımdır. Əldən gəldiyi
qədər onları sihhi, fənni bir ustaya ismarlamalıdır.
Yoxsa şagirdlərin boyuna görə olmayıb da fəzləcə
uca, ya alçaq olursa, çox məzərrətlər iras etmiş
olar. Bir də, müəllimlər daima çocuqların sıra
üzərində aldıqları vəziyyətə diqqət eyləməlidir.
Fəna vəziyyətlər boyun, kürək, bel gəmiklərini
əyir, gəmiklər əyildikdə əzayi-daxili də böyük
zərərlər görmüş olar. Bu zərərlər bədənin xarici,
daxili əzasından başqa, fikir üzərində də təsir
edir. Fikrin müstərih və oyanıq olması üçün
hər halda baş şaquli (dik) bir vəziyyət almalıdır.
Öylə olmazsa, təbii, qan dimağda (beyində) sərbəstcə
cövlan edəməz. Beyin qanın cərəyani-sərbəstanəsindən
məhrum olunca fikirlər, duyğular da məhdud və
əqim qalmış olur. Çünki dimağ qan ilə, əfkar
və ehtisasat da dimağ ilə ərzi-fəaliyyət edər.
Bir də, bir sırada iki çocuqdan ziyadə oturmamalıdır.
Çünki bir sırada dörd-beş tələbə oturacaq olsa,
ehtimal ki, biri misri bir xəstəliyə tutulmuş
olur da ondan digərlərinə də sirayət edər. Amerikada,
Avropanın bəzi yerlərində hər tələbəyə bir sıra
təxsis edən məktəblər çoxdur. Sinifdə dərs müddəti
çox uzun sürməməli və 45, ya 50 dəqiqəni aşmamalıdır.
Hər dərs arasında siniflərin havasını dəyişdirməlidir.
Çünki tələbənin tənəffüs etdiyi zaman havaya
hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür
edərək sinfin havasını olduqca zəhərlər, bərbad
edər.
Sinif süpürüldüyü zaman quru süpürgə ilə süpürülməməlidir.
Zira müzürr mikroblar ilə havaya qalxıb uçuşan
tozlar bir azdan sonra sıraların taxtaları üzərinə
enər, sonra tənəffüs edildiyi zaman məzkur tozlar
ilə bir para mikroblar hiss edilməyəcək dərəcədə
çocuqların nəfəsləri ilə ta cigərgahlarına qədər
yol tapıb, bir çox qorxulu xəstəliklərə səbəbiyyət
vermiş olur.
Bir çocuq təhlükəli bir mərəzə, keçici bir xəstəliyə
düçar olmuş olursa məktəbə gəlməyə, dərsə davam
etməyə məcbur edilməməlidir. Müvəqqəti bir zaman
üçün evlərinə göndərilməlidir. Tədavi edib sağlamlaşdıqdan
sonra təkrar qəbul edilməlidir. Bəzi çocuqların
xəstəliyinə diqqət etməyib də ata-anası başından
etmək niyyətilə, müəllim də qeydsizlik və etinasızlıqla
sinfə qəbul etməkdən çəkinməz isə, şübhəsiz
ki, bir çox biçarə məsumların da fəlakətinə
yol açılmış olur.
Bir də, aşı (çiçəyi döyülmək) şəhadətnaməsi
olmayan bir çocuq əsla məktəbə alınmamalıdır
və məktəbə alınan çocuqların yaşlarına da çox
ziyadə əhəmiyyət verməlidir. Yeddi yaşdan aşağı
olanları çox da qəbul etməməlidir. Çünki çox
kiçik çocuqlar cır ağaclar kimi cılız, zəif
bir vücud ilə dərsə başlayınca sıxılar, zəhmət
çəkər, həm vücudca, həm də fikircə zəif qalar,
irəliləyəməz, atidə də çoxları təhlükəli bir
surətdə zərərdidə olur.
Çocuqların əlil, miskin bir şey olmaları arzu
edilməzsə, dərs arasında, baxüsus böyük tənəffüslərdə
gimnastika və bir para oyunlar oynamağa müsaidə
etməlidir. Xeyr, sadə müsaidə deyil, təşviq
və tərğib eyləməlidir.
Gimnastikada tələbəni bir komanda altında müntəzəmən
hərəkət etməyə alışdırmaq məktəblərin inzibatını
təmin edər.
Bir çox oyunlarda da müəllim çocuqları sərbəst
buraxır kimi görünməlidir, lakin sezdirməksizin
əl altından nəzarəti də unutmamalıdır. Gimnastika
və sairəni layiqilə ifa etmək üçün ya o xüsusda
mütəxəssis bir müəllimə, yaxud ona dair yazılmış
əsərlərə müraciət etməlidir.
Herbert Spenser deyir ki, əgər istiqbalda hal-hazır
mədəniyyətimizə vaqif olmayan bir asari-ətiqə
maraqlısı məktəblərimizdə oxunan kitabları,
proqramları, xüsusi imtahan kağızlarını tapacaq
olursa, bunların sahiblərinin qətiyyən çocuq
sahibi, yəni bir baba (ata) olması ehtimalının
mövcud olmadığına qail olacağı kimi, heç şübhəsiz
ki, bunlar monastra aid tərzi-tədris olsa gərək
deməkdən özünü alamayacaqdır.
İştə bu sözün sahibi uca bir ingilisdir. Bu
mütaliəni yalnız ingilis mühitinə, məktəblərinə
baxaraq yürütmüşdür. Lakin müşarileyh bizim
bu məktəb, mədrəsə nami verdiyimiz səfalətxanələri,
bu ətalət ocaqlarını görəcək olsaydı, nə söylərdi
əcəba!
Yuxarıdakı sözlərə diqqət edilsə, təbii, daha
şiddətli, daha şayani-təkdir bir təşbih qollanacağı
dərhal nəzərə çarpar.
Məktəblərimizin proqramları eyicə düşünülsün;
dərslərin ən mühüm qismini təşkil edən və ən
çox rol oynayan maddələr bir para səfsətələrdən,
ruhsuz gəvəzəliklərdən başqa bir şeymidir?
İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara
əsla təhəmmül etməz.
Zira təlim və tərbiyə saf dimağları (beyinləri),
ləkəsiz vicdanları ləkədar edəcək bir alət deyildir.
O tərbiyə - bəşəriyyəti qaplayan, çirkinlikləri,
paslı beyinləri silib təmizləmək üçün mənəvi
bir seyqəl kimi tələqqi edilməlidir.
Mümkün olsa gələcək həsbi-halda bu məsələni
səthi surətdə təhlil edərik.
Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr
ilə ciddi, mütəşəbbis müəllimlər ilə kəsbi-səlah
edə bilir.
Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə
əks etdirən islaha təbdil edib çalışan bir ayineyi-təbiətnüma
müşabihəsindədir. Müəllimlərin vücuda gətirəcəyi
təbdil isə digərinə nisbətlə daha əhəmiyyətlidir.
Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa
etməməlidir və mütaliəsindən bir nəticə, bir
mühakimə çıxarmalıdır. Olduqca öz mənəviyyatını,
özünü, vicdanını təsfiyə və islaha çalışmalıdır,
tainki söylədiyi sözlər, verdiyi nəsihətlər
hüsni-nəticə verə bilsin. “Söyləyənə baxma,
söylədiyinə bax” dəsturunu əldə sərmayə ittixaz
edənlər bu xüsusda çox yanlışdılrar.
Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə
uzlaşmalı, müvafiqət etməli, sonra müxatəbə
söylənməsidir.
Bir ərəb ədibi deyir ki, qəlbdən çıxan sözlər
daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb
da ağızdan fırlayı verən sözlər dinləyənin bu
qulağından girib o birindən çıxıb gedər.
Demək ki, sözün təsirbəxş olması üçün söz söyləyənin
eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir
əxlaqa, həqiqi bir məlumata malik olması icab
edir.
Bir müəllim öz-özünü bir riyazəti-mənəviyyə
ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü,
hər duruşu, hər halı bütün şagirdlər nəzərindən
böyük bir əhəmiyyətlə tələqqi olunur. Kəlami-sürət
və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir.
Bir də, müəllim yalnız məktəbdəki şagirdləri
tərbiyə etməklə qalmayıb, mümkün dərəcədə öz
nüfuzunu - sözlərinin əhəmiyyətini təmim və
tövsiə çalışmalıdır. İndi bizim yalnız məktəblərimiz
deyil, bütün həyati-ictimaiyyəmiz belə saf,
parlaq bir tərbiyəyə möhtacdır.
Müəllimlərimiz azacıq muşikafanə, durbinanə
hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi
islah etmiş olarlar.
Sinifdə (klasda) hər iki gündə bir çocuqların
əlbisəsinə, üzünə, əllərinə baxıb kirli və ya
təmiz olduqlarına diqqət edilməlidir.
Müzürri-səhhət hallar, işlər büsbütün mən olunub
əsbabı yumşaq, dadlı bir dil ilə tələbəyə anladılmalıdır
və təkrar edilməməsini şiddətlə tənbih etməlidir.
Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi
pədəranə tövsiyyələr və tənbihlər, əmin olmalı
ki, çox gözəl nəticələr verir. Hər fənalığın,
pisliyin, pintiliyin səbəbləri tələbəyə anladıldıqca,
şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları,
hətta yaşadığı mühit belə mütənnəbih olub özlərini
islah etməyə çalışırlar.
Xalq indi məktəbi, ondakı tərbiyəni azacıq hüsni-tələqi
etməyə başlamış. Müəllim əgər uslu, namuslu,
həlim, səlim bir əfəndi olursa, təbii, dörd-beş
sənə zərfində yalnız bir ibtidai məktəbi deyil,
məktəblə əlaqədar olan böyük bir köyü (kəndi),
köy xalqını tamamilə islaha müvəffəq olar.
İbtidai məktəb proqramı olduqca təmiz, qollanışlı,
aydın, qolay və mənfəətli olmalıdır. Xurafata,
mövhumata aid süprüntüləri mümkün mərtəbə siniflərə
buraxmamalıdır. Əvvəldən girmiş olsa da, süpürüb
təmizləməyə diqqət və qeyrət etməlidir.
İbtidai məktəb üçün türk (Azərbaycan) dilində
müxtəsərcə qiraət, kitabət, elmi-əşya, coğrafiya,
hesab, türk tarixi və islam tarixi kimi şeylər
kifayət edər.
İkinci ildən etibarən rus dili də, təbii, əlavə
edilməlidir. Çünki onsuz da iş aşmaz.
Fəqət müəllim bunlar ilə iktifa etməyib bir
çox həqaiqi-fənniyəni, bir para hadisati-təbiyyəni
xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla
tələbəyə təlqin etməlidir. Həftədə bir-iki dərs
yalnız bu işə münhəsir edib, tələbənin gözünü
açmalıdır.
Bir çox təbii lövhələr ilə məktəb otağı təzyin
edilməlidir, çocuqlar zəhmət duymayacaq dərəcədə
bir para xoş mövzulardan bəhs etməlidir. Kor-koranə
“sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir,
çünki təşəbbüsi-şəxsidən bütün-bütün məhrum
qalmış olar.
Qafqasyada müəllimlər.
Qafqasyanın ibtidai
məktəblərində türkcə dərs verən müəllimlər təqribən
üç qismə bölünür:
Birinci qism - Araz aşırı qoşub gələn fanatizm
dəllalları.
İkinci qisim - seminariyada (darülmüəllimində)
ikmali-təhsil etmiş əfəndilər.
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə
həvəskar olan gənclərdir.
Birinci qismi təşkil edənlər müəllimdən başqa
hər şeydirlər. Həzarpeşə və çox qurnaz hərifdirlər.
Buqələmun kimi hər saatda min rəngə girməyə
müstəiddirlər.
Araz kənarına varır-varmaz hərif bir kərrə düşünür,
hər şeydən əvvəl, sərmayə arar. Bir yerə baxar,
bir göyə baxar, aradığı özü üçün bir sərmayəni
iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi
ikən, Araz suyu içər-içməz anadan doğma seyid
olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın
bu otlu, sulu torpağını müzəyyən buyurur. Beş-on
gün üz suyu tökər, yalvarır-yaxarır, amma fırıldağı
işləməz, fəryadı bir yana çatmaz, çünki camaat
həpsi etiqadsız, seyidə baxan yox!..
Bir də baxarsan ki, hərifin ağlına bir şey gəldi.
Belindən göyü açıb, bir yana fırlatdı. Özünü
bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən,
tozlu-torpaqlı otdan-filandan aldı, şələsinə
cibləşdirdi. Ya Əli, ya mədəd, önünə gələn qəsəbələrə,
kəndlərə üz qoydu. İndi kəndin hər tərəfinə
qulaq versən, təbib başı cənablarının seyti-şöhrətşüarı
təninəndaz olmaqdadır. Lakin iş təbibliklə də
bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları
öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra
icab edərsə, mərsiyəsini də özü oxur. Hasili,
para çıxacaq yer bulundumu, yəhudi bəzzazı kimi
sağına-soluna, eninə-boyuna, hər tərəfinə ölçər-biçər,
yeri gəldikdə fala da baxar, dua da yazar, cin
də tutar. Fəqət... Fəqət, xudanəkərdə, bu işlərin
hamısında bir rəvacsızlıq, bir etinasızlıq görürsə,
büsbütün məsləkini dəyişdirər. Kitabçılarda
“Vətən dili” çox, tuhafiyəçilərdə vorotnik,
qalstuk bol...
Vorotnik, qalstuk boyna keçirildikdən sonra
məzadçılardan, genə mal satanlardan bir dəst
də gözəl kostyum alıb əyninə taxar. Bir məktəbə
davam etməyə başlar.
İştə sənə yeni fabrikadan çıxmış qanlı-canlı
“abrazovannı” bir müəllim!.. Yalnız bircə diplomu
(attestatı) əskik...
Lakin orası da qolay, zira çənəsi gevşək bir
para cahil mühafizəkarlara qarşı beş-on gün
boyun büküb yaltaqlıq edərsə, hər saçmasına
bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən
təcrübəkar müəllimlər sırasına keçmiş olar.
Fəqət ədəbsiz imiş, əxlaqsız imiş, baş yox,
keçər-gedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi
kişinin boş damarını tapdımı, artıq əsrin əflatunlarına
şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra
həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın,
dəhşətnak nitqlər söyləməyə başlar, iştə kiçicik
bir nümunə:
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi.
Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsam
mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin
dilsuz və yürəkyandıran həvadisati insanın qulağində
güşzəd olanda dər həqiqətdə vətən dər həqqində
nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki
abi-nisanın suyu kimi axır.” Bu bir.
İkinci qisim də rusca təhsil edib, türkcə dərs
verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər
əksəriyyətlə ibtidai məktəblərə münhəsir kimidir.
Muşikafanə bir nəzərlə baxılsa, sair müəllimlərə
nisbətən onlar çox eyidirlər, çox faydalıdırlar.
Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla
bərabər bir para çürük, təhlükəli mövhumata
aşina deyillər ki, bu da çox böyük qazancdır.
Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı
nəzəri-diqqətə alınmalıdır.
Onların seminariyalarda və sair məktəblərdə
görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb
sistematiki bir tərzdə olmuşdur. Onların təhsilində
çürük və faydasız şeylərə çox az təsadüf edilir.
Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyəyə
- “pedaqogika”yə də eyicə diqqət edirlər. Bir
çox dəfələr nümunə üçün müdirlər, nazirlər tərəfindən
onlara dərslər verilib, gözəlcə tənqid olunurlar.
İştə on-on iki illik təhsil və təcrübə sayəsində,
hər necə olsa, müəllimlik üçün bir istihqaq
qazanmış olurlar. Onun üçün Qafqasyanın çox
yerlərində ən ciddi çalışanların qismi-küllisini
onlar təşkil edirlər. Hətta bir çox ufaq-tefek
yeni təb olunmuş əsərlər belə onların həmiyyətilə
meydani-intişara atılır ki, bu da xalqı mütaliəyə
alışdırmaq üçün böyük bir müvəffəqiyyətdir.
Lakin bəzi əfəndilər müstəsna olmaq şərtilə,
bir çoxları azacıq sapırlar ki, o sapqınlıq
da bir para yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş
olur. Nümunə olmaq üzrə bir neçə sətir yazı
bu yanlışlığı isbata kafidir. İştə rusca oxumuş,
türk dilində müəllimlik edən arxadaşlardan birisinin
məktubundan bir parça: “Əfəndim, mən istəyirəm
getmək iyunun on beşində mineralnı sulara, hansı
ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa...
Bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq
üçün orada iyirmibeş gün hərgah siz də istərsiniz
gəlmək, olar mənim üçün çox yaxşı, və çox xoşbəxtlik...
“ Bu da iki.
İlk nəzərdə insan bu cümlələrin türk dilində
olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə
diqqət etsə, düzgüncə türk sözləri olduğunu
təsdiqdən özünü alamaz. Lakin cümlələrdəki ahəngə,
o qarışıq mübtəda-xəbərlərə bir musiqişünas
sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə
düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir
əcubə olduğunu anlar.
Bu hal, bu qarışıqlıq yalnız bəzi müəllimlərə
məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya
azacıq aşina olan tüccar və kəsbəni dəxi ifsad
etməkdədir.
Elmsiz, saf bir köylünü (kəndli) qonuşdurunuz,
onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək
olursanız, şəhərlilərə nisbətən onları türk
ləhcəsinə, türk ruhuna daha yaxın, daha munis
bulursunuz.
İmdi yuxarıda yazılmış iki qismi bir arada müxtəsərcə
xülasə edək.
Əvvəlinci qisimdə göstərilən budalaların nə
fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki,
əxlaqsızlıqdan başqa bir şey deyildir. Bizə
gəlməz Qafqasya üçün lüzumsuz və bimənadır.
Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar
edəcək dərəcədə müzürr və təhlükəlidir, onun
üçün də şayani-ehtirazdır.
İkinci qisim isə fikircə, əxlaqcə, maarifcə
şayani-istifadədirlər. Hələ türk və lisan və
ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar,
türk sərf və nəhvinə beş-on ay qədər göz gəzdirsələr,
şübhəsiz ki, vətənə, millətə çox, həm də lap
çox xidmət etmiş olarlar. Fəqət əhəmiyyətsiz
bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı
bərbad etməkdə əvvəlinci qisimdən geri qalmayacaqdır.