(Farscadan tərcümə)
1
Naxçıvan. Tərbiyə məktəbində
mərhəmətli və hörmətli Ağa Məşədi Tağı Sidqi
cənablarına çatacaqdır. 21 cümadi-yassani.
Rəhimli, böyük kimsədən alasınız salam,
Layiq deyiləm mən Sizə salamımı çatdıram.
Məktubunuzun çatması haqqında: xeyirxah və yüksək
mərhəmətli cənab! Bu ayın 15-də cümə axşamı
günü məni başıuca edən məktubunuz Ağa Məşədi
Əsgər Ordubadlı vasitəsilə çatdı. Onu aldıqda
işıqsız gözümə nur və kədərli könlümə sürür
gəldi.
Mən kiməm ki, yol tapam o mərhəmətli könlünə,
Başımın tacı - ayaq torpağın, gözüm lütfünə.
Məhəbbətli məktubun məni göylərə yüksəltdi,
Düaçıların içrə bir daha başıuca etdi.
Daha sonra nəzərinizə çatdırılır ki, yazdığınıza
görə, indiyədək bu taqsırlı qulunuzdan iki məktub
almış və bir məktub əlinizə çatmamışdır. Mən
bu məktubun çatmamasına xeyli təəccüb edirəm.
O məktubda mən bir neçə xəbərlərlə yanaşı, sel
əhvalatından da yazmış, çox israrla Hacı Həmzə
Ağa cənablarına tapşırmışdım ki, onu Sizin adresinizə
göndərsin. O da söz vermişdir ki, tezliklə onu
yola salsın. İndi ümid edirəm ki, məktubun yazılması
haqqında, sözsüz, heç bir güman, tərəddüd qalmamışdır,
çünki mən öz sözümü etiraf edir və ikinci məktubda
da yazmış idim ki, inanmasanız, onun yazılmasında
şübhə etsəniz, Hacı Həmzə Ağaya yazıb soruşun.
Mən öz sözümün üstündə durmuşam, inanmırsınız,
yazıb soruşmaq da istəmirsinizsə, onda artıq
mənim əlacım nədir? Allaha and olsun, nə edəcəyimi
bilmirəm. Bədbəxtliyə dözməkdən və danlağa qatlaşmaqdan
savayı fikrimə bir şey gəlmir. Bir də Sizin
rəftarınıza təəccüblənir və heyran qalmışam.
Yazırsınız: “İndi hər iki məktubu stol üstünə
qoyub, tarixlərini yoxlayıram”. Heç fikir etmirsiniz
ki, bu məktubdur, onda səhv ola bilər, tarixi
düzgün yazılmaya bilər. Bəlkə də poçtda, çaparxanada
itdi, necə ki, Sizin keçmiş məktubunuz itmişdir.
İndi o məktub haqqında məşədi Ağadan soruşduqda
deyir: ustadından sənin adına məktub çatmamışdır.
Poçtdan soruşanda cavab verir ki, çaparxana
sənin adına məktub almamışdır. Nəhayət, Siz
özünüz fikir etsəniz, görərsiniz ki, bu məktubun
itməsi nə Sizin ucbatınızdandır, nə də kiçiyiniz
məktub göndərməkdə müqəssirdir. Bunların hamısı
İran poçtasının intizamsızlığındandır ki, itib-batan
şeyin məsuliyyətini öz üzərinə götürən yoxdur.
Yazmışdınız ki, məşədi Əsgər Ağa Ordubadlı tacirdən
xahiş edim, mənim adıma Naxçıvana artıq qəzet
göndərilməyəcəyi haqqında Sizin və mənim sifarişimi
“Nasiri” qəzeti redaksiyasına çatdırsın. Lakin
mən cənabınızın bu xahişini nə filankəslərə
yetirdim, nə də o sifarişi o cənaba çatdırdım.
Səbəbi budur ki, bu günlərdə həmvilayətlilərdən
biri bizim hücrəyə gəlmiş idi. Bizim Naxçıvana
gedəcəyimizdən söz açıldı. O belə məsləhət gördü
ki, bu ayın axırınadək, ya rəcəb ayının birinci
on gününün ərzində Naxçıvana gedək. İndi biz
də belə qərara gəldik ki, elə edək. Buna görə
də, mən sifarişiniz haqqında xahiş etmədim,
çünki biz on günədək Naxçıvana getməliyik. Məlum
olur ki, Siz də qəzetin pulunu ödəmisiniz. İndi
nə üçün qəzetin pulu aradan getsin? İndiyədək
faydasız mənim adıma gəlmişdir. İndi nəyə lazımdır
ki, Naxçıvana gedəcəyimiz vaxtda xahiş edək
göndərməsinlər. İnşallah, Naxçıvana gəldikdən
sonra əgər mənim adıma yazılmış olarsa, müvəqqəti
olaraq poçtadan alıb oxuyaram.
Sizin məktubunuz çatan kimi beş cild “Təshihül-hesab”
kitabı və bir şüşə əla mürəkkəb bazardan aldım.
Lakin iki-üç gündür ki, nə arxayın, nə də qeyri-arxayın
adam tapmıram ki, onları göndərəm. Hətta karvansaralarda
da axtarmışam, tapa bilməmişəm. Yuxarıda dediyim
söhbətdən sonra bu qərara gəldim ki, onları
özümlə gətirim, çünki kitablardan biri köhnə
və cildi yırtılmışdır. Onları bu vəziyyətdə
Sizə göndərsəm xəcalət olaram, Sizə göndərmək
üçün layiq deyildir. İnşallah, Naxçıvana gəldikdən
sonra cilidçiyə verərəm, yaxşı cildlə Sizə təqdim
edərəm ki, layiqli olsun. Bir də yazmışdınız
ki, mənim keçmiş məktublarım çox qısadır. İndi
onların qısalığına əvəz olaraq, Sizə yazacağım
məktubu o qədər uzadacağam ki, onu oxuyub qurtarmaq
üçün iki saat əziz vaxtınızı sərf edəsiniz,
axırda da mənasız və boş olduğuna görə heç bir
nəticə almayıb, bir xəbər əldə etməyəsiniz və
beləliklə keçmiş məktublarıma şükr edəsiniz.
Yenə də məktubumun pozğun xəttindən və hərfləri
bir-birinin ardına qoşmağımdan danışmışdınız.
Digər yerdə isə mürəkkəb sözlər və çətin ibarələr
işlətdiyimə işarə etmişdiniz. Nə edim, Mirzə!
Xəttimin pozğunluğu vaxtın darlığındandır, necə
ki, bu məktubu dar vaxtımda yazmışam. Çətin
ibarələrə gəldikdə mənə elə gəlirdi ki, o ibarələr
xoşunuza gələcəkdir, yoxsa mənə çətinliyi yoxdur
ki, başqa cür yazam.
(Kiçiyiniz Hüseyn Rasizadə, cavab lazım deyildir).
2
Müəllim cənabları! Allaha şükür ki, sağlam və
səlamətsiniz. İkinci, dəyərsiz qulunuz keçmişdə
cənabınıza bir məktub göndərmiş idim. Bir neçə
müddətdir ki, cavabı yoxdur. Bilmirəm səbəbi
nədir? Buna bais kimdir? Böyüklər az biliklilərə
etinasız olurlarmı? Şagirdlərə qayğıkeşlik böyüklüyü
əskiltməz. Süleyman o cəlalı ilə qarışqanı belə
nəzərindən qaçırmazdı. Bundan əlavə:
Doğru deyil ki, ürəkdən ürəyə yol gedər,
Ürəyim qüssədən yanır, ürəyində yox heç bir
xəbər.
Didarını görməyə ürəyimdə olan şövqü,
Ürəyim bilir, mən bilirəm, bir də bilir ürəyim.
İstəmədi bizi qəlbin sevmədi, biləm neçin sevmədi.
Bizə qəlbin yanmadı, bilmirəm neçin yanmadı.
Allaha şükür ki, göz ağrısı rədd olub. Allahın
ən böyük nemətlərindən biri olan sağlamlıq vardır.
Yüksək cənabınızın nəzərinə çatdırılır ki, bu
qısa, həqir məktub əlinizə çatdıqda cavabını
göndərəsiniz, buna görə ki, həddən artıq mənə
nigaranlıq üz vermişdir. Düzgün yolu izləyənlərə,
Sizə və Sizinlə olanlara salam göndərirəm. Məşədi
Səfər babaya və gözünüzün işıqlarına salam söyləyirəm.
Vaxt dardır.
Şagirdinəm mən hər zaman, diləyirəm
O şən dodaqlarından bir təbəssüm öyrənəm.
Ümidi-əfv.
3
Böyük ustad və cəlallı
atamız! Birinci, Sizin sağlamlığınız həmişə
bizim diləyimiz və arzumuz olmuşdur. İkinci,
nəzərinizə çatdırılır ki, bu fani və sədaqətli
kiçiyinizin ürək məhəbbətini və mənəvi münasibətlərini
mənim tərcümeyi-hal və şərhi-əhvalımda qeyd
edərək, öz tükənməz mərhəmətinizlə məni yad
edəsiniz. Bir aydır ki, qiymətsiz qulunuz cənabınıza
poçtla bir məktub göndərmişəm, cavabını almamışam.
Səfər ayının onunda idi ki, bu məktubu yazdım,
onda dəhşətli sel əhvalatından da xəbərlər yazmışam.
İndi bilmirəm bu uzaq düşmüş qəribdən incimişsiniz
ki, lütfünüzü azaldıb, artıq yad etmirsiniz,
ya da işinizin çoxluğundan unutmuşsunuz. Halbuki,
mən öz sədaqətimi mümkün qədər göstərmiş və
məhəbbətimi bildirmişəm. Əvəzində isə xüsusi
bir mərhəmət görməmişəm.
Var mənim çoxlu gileyim
səndən,
Bilməm nə şikayət edim səndən.
Hər halda, mən öz taleyimdən
şikayətlənməliyəm. Baharın şənlikləri şoranlıq
yerdə hasil, səmər verməz və od hər daşın üstündə
dayanmaz. Hər şeyin cövhərində qabiliyyət olmaq
şərtdir. Ümid və arzu bəsləyirəm ki, İtkin və
uzaq düşmüş bu qəribə hər axşam və səhər mərhəmət
nəzərinizi salasınız.
Könlünü könlüm kimi əgər etsən,
Məndəki möhnəti sən dərk edərsən.
Tox çörək qayğısını bilməz belə,
Ac yavan çörək yeyər çox həvəslə.
Yazdığınız məsələ haqqında xəbər verirəm ki,
“Nasiri” qəzetini abunə ilə alıb oxumaq artıq
lazım deyildir. Çünki üç gün bundan əvvəl buraya
gələn bir seyid həkim, ara-sıra məktəbə yolu
düşür, qardaşımla dostdur. Ona hər on gündən
bir “Nasiri”, “İzzət”, “İttila” qəzetləri ayrıca
olaraq verilir, o da gətirib məktəbdə oxuyur.
Mən isə ondan alıb oxuyuram. İndi artıq abunə
olmaq lazım deyildir. Başqa məsələlər haqqında
görüşəndə danışarıq.
Səfər yoldaşlarım Ağa Mir Hüseyn ağaya və Ağa
Məşədi Əli cənablarına, gözümün işığı Mirzə
Məhəmmədliyə, Mirzə Məhəmməd Hüseynə və Mirzə
Məhəmməd Sadığa səlam yetirin, vəssalam. Sizə
məhəbbət bəsləyən Hüseyn Rasizadə. 1315 (1893)-cü
il səfər ayının 10-da.
Yenə nəzərinizə çatdırılır ki, səfər ayının
birindən səkkizinədək “Əmsilə” və “Şərhi-Amil”
kitablarını oxuyub, bitirdim. Ayın səkkizindən
bəri “Sərfi-Mir”i oxuyuram. İnşallah, axırınadək
“Sərfi-Mir”i də bitirib, “Təsrif” kitabını oxuyacağam,
vəssəlam. Bundan artıq nəzərinizə çatdırılacaq
mətləb yoxdur.
Hüseyn Rasizadə.
4
Naxçıvanda. Yüksək mərtəbəli, hörmətli böyüyüm
məşədi Tağı Sidqi cənabına (onun yüksək sədaqəti
əbədi olsun) çatacaqdır.
Orucluq ayının 11-də
Dost-aşnalarımızdan ummuşduq biz yoldaşlıq,
Düzgün olmadı bu fikir, görunür ki, biz çaşdıq.
Ruhum sənə qurban olsun! Salamdan sonra, mərhəmətli
cənabınızın nəzərinə çatdırıram ki, uzun müddətdən
bəri və çoxdandır ki, fədakar qulunuzu mərhəmətli
nəzərinizdən çıxarıb, lütfünüzü əskiltmisiniz.
Məni təəccübləndirən, heyrətə salan budur ki,
belə etinasızlığınıza və məktub yazmamağınıza
səbəb nə ola bilər? Bizə qarşı könlün...
Xülasə:
Gileylənir sadiq könlüm o mehriban cənabından,
Nə qədər bir ovuc torpaq dözə bilər artıq bundan.
Başınızı ağrıtmayım, məqsədim budur ki, mən
Urmiyəyə daxil olduğum ilk günlərdə cənabınıza
bir neçə məktub yazıb göndərmiş və qəzetin gecikməsini
də orada bildirmiş idim. İndi görürəm ki, taqsır
xaraba qalmış İran poçtundadır. Çünki mən dəfələrlə
poçtdan soruşmuşam ki, Hüseyn Rasizadə Naxçıvanlı
adresinə qəzet varmı? Cavab veriblər: yox, Məhəmməd
Hüseyn Abdullazadə... adına vardır. Hər həftə
onun yanına gedib soruşmuşam, məndən üzr istəyib
deyibdir ki, başa düşmədən və bilmədən poçtdan
mənə vermişlər, mən də alıb oxuyuram. Qəzet
oxumağa çox həvəsim olduğu üçün deməmişəm. Eybi
yoxdur, biz buna sevinərik ki, xaraba qalmış
İranda qəzet oxumağa həvəskar tapılsın, qoy
bizə çatmasın. Bundan əlavə, xaricə göndərilən
hər məktubda, ya qəzetdə göndərilən şəhərin
adı məlum olmazsa, sahibinə çatmaz. Xülasə,
təqsir adres verəndə, yazanda, çatdıranda və
onu alandadır, yoxsa burada heç kim günahkar
deyildir. Allaha şükür, iki həftədir poçtdan
qəzeti alıb oxuyuram. Qabaqkı qəzetləri də almışam,
arxayın olun. Hörmətli cənabınızdan bir xahişim
də var. O bundan ibarətdir ki... Özünüzün əhvalınız
və xəbərləriniz haqqında geniş məlumat mənə
göndərib, məni minnətdar edəsiniz. Əgər hal-hazırda
Əlirza cənabınızın yanında oxuyursa heç, yox
isə təkrar sizdən xahiş edirəm onu öz yanınıza
çağırıb, gündə bir-iki saat onunla fars dilində
məşğul olasınız. Zəhmət haqqı nəzərdə neçə tutsanız,
mən ödəməyə hazıram. Buna görə ki, o da mənim
kimi avara-sərgərdan qalmasın və bir-iki ildən
sonra onu İrəvan, ya məsləhət gördüyünüz digər
yerdə məktəblərin birinə qoyaq, elmini təkmil
etsin, insaniyyət bulağından, heç olmasa, bir
qurtum dadsın. Ümid edirəm ki, xahişimi yerinə
yetirməkdə səyinizi əsirgəməzsiniz. Təmənna
edirəm xəttimin pisliyini bağışlayasınız. Mürəkkəbin
olmaması və gecə yarı özümü pis hiss etməyim
xəttimin pozğunluğuna və mətləbin pərişanlığına
səbəb olmuşdur. Məktubla başınızı ağrıtdığıma
görə əfvinizi diləyirəm. Həmişə Sizə xidmət
üçün tapşırıqlarınızı və təsadüfi müraciətlərinizi
gözləyirəm. Hörmətli Ağa Məşədi Qurbanəli Ağa
Şərifov cənablarına səlamım var, vəssəlam.
Kiçiyiniz Hüseyn Rasizadə.
5
Naxçıvanda. Hörmətli
Ağa, izzətli başçı Ağa Məşədi Tağı Sidqi cənablarının
(Allah onun yüksək mərhəmətini əbədi etsin)
nəzərinə çatacaqdır.
2 cəmadiyəl-əvvəl 1321 (1903)
Ruhum sənə qurban olsun! Birinci, ümid edirəm
ki, cənabınızın yüksək iqballı varlığınız tam
sağlığa malikdir. İkinci, Sizin nəzərinizə çatdırıram
ki, mən rəbiül-əvvəl ayının 13-də (21-ci il)
Urmiyəyə çatdım. Poçtdan keçəndə istədim ki,
kəlmə yazıb başınızı ağrıdam və bir qədər qiymətli
vaxtınızı alam. Çapar vaxtı keçirdi və vaxt
dar idi. Buna görə də, məktub yazmaq mümkün
olmadı. Bu gün fürsətdən istifadə edərək, heç
olmasa, bu neçə kəlməni yaza bildim:
Bu qiymətsiz qulunuz Urmiyəyə çatdıqda yüksək
dərəcədə sevinc, şadlıq və fərəh mənə üz verdi,
ürəyim açıldı. Doğrudan da, Urmiyə Rim ölkəsi
qitələrindən biridir. Şəhər özü səfalı, cəmaəti
saf ürəkli, sadəlövh, hamısı sənaye və kənd
təsərrüfatı işlərində məharət sahibi, kəsbkarlıqda,
ticarətdə qabiliyyətli olaraq, ölkənin və mədəniyyətinin
inkişafına rəğbət göstərəndirlər.
Lakin minlərlə təəsüf olsun ki, ingilis və rus
kilsələri zənglərinin gurultusu ünsiyyətsiz
müsəlmanların və iranlıların əzan səslərinə
üstün gəlir. Onların müsəlmanlıq aləminə qətiyyən
etinaları yoxdur. Gündən-günə öz işlərinin irəli
getməsinə çalışır, millətlərini artırmağa və
başqa işlərinə səy göstərirlər. Şəhərin hər
tərəfində, ortada yerləşən geniş sahələri, o
cümlədən, eni və boyu azı üç-dörd verst olan
“Dilgüşa” bağını ingilislər əlinə alıb, orada
geniş layihələr üzrə gözəl binalar, xəstəxanalar,
xoşa gələn məktəblər tikmiş, kilsəyə oxşar möhkəm
qalalar çəkmiş, şəhər əhalisi içərisində onlara
kilsə kimi şöhrət qazandırmışlar. Eləcə də burada
rus kilsələri Naxçıvanda olan kilsələrdən on
dəfə artıq geniş və böyükdür. Bunlar eyni halda
möhkəm qaladır ki, adını kilsə qoymuşlar.
Adres: Urmu, Hüseyn Rasizadə.