1
30 mayıs, 1916
Əziz! Məktubunu aldım, təşəkkür edirəm. Keçmiş
günlərdə, qəzetlərdə bir xəbər var idi: “Bakı
ətrafındakı köylərin birisində, bir çocuq oynayarkən,
elektrik qüvvəsi daşıyan bir dirəyə dırmaşıb çıxar.
Fəqət bir-iki dəqiqə keçməz, bir ana çocuğunu
qucağında necə atıb-tutarsa, elektrik telləri
də zavallı çocuğu öyləcə atıb-tutmağa başlar.
Seyr edən kiçik arxadaşları, onun havada teldən-telə
atılıb böylə mahiranə rəqs etməsini görüncə, qəhqəhə
ilə gülməyə başlarlar. Fəqət o halda çocuğun yanmış
vücudu yerə düşüncə, hər kəs böyük bir heyrət
içində qalır.”
İştə, məktubunu oxurkən, məzkur çocuğu xatırladım.
Elektrik telləri onu necə havada rəqs etdirmişsə,
sənin məktubun da son dərəcə gevşəklik və durğunluq
keçirən ruhumu öyləcə rəqs etdirməyə başladı.
Fəqət bir fərq var ki, elektrik telləri diri və
şətarətli çocuğu yandırıb məhv etmiş, sənin məktubun
isə ölü və yorğun könlümü diriltdi, fərəhləndirdi.
Məktubunda deyirsən ki, ümidvaram, köhnə dostluğumuz,
yaxınlığımız yadından çıxmayıb, yoxsa bu məktubu
yazmağa və səni narahat etməyə cürət eləməzdim.
Əvət, dünyada bir çox Əzizlərə təsadüf etmək mümkün
olsaydı, bəlkə tez unudulardın, fəqət, əfsus ki,
təsadüf edilməyir. “Məktub yazıb məni narahat
etmək cürətinə” gəlincə, sənə qızmamaq, darılmamaq
mümkün deyil... Çünki bu kəlmələrdə bir qədər
rəsmiləşirsən.
Əziz! Məktubunu Rzaya da oxudum. Bəzi təbirlərin
bizi çox güldürdü. O da mənim qədər sevindi, mənim
qədər elektrikləndi. Yenə Rzanın təbiətindən bəhs
etmişsən. Sənə, mənə qarşı olmasa da, inan, başqalarına
qarşı haqsız deyil... Gözəl və müəttər bir gül
tikansız olmadığı kimi, fəzilətli, müstəid bir
insan da qüsursuz olamaz. Fəqət bu qüsur, məncə,
sənətkaranə bir rəsmin ətrafında gözə çarpan ləkələr
qədər təbii görülə bilir.
Deyəsən, çox uzun getdim, ancaq burasını bilməlisən
ki, ya mən, ya Rza, hər nə zaman səmimi və ruhani
bir söhbətdə bulunmuşsaq, o söhbət Əzizsiz keçməmiş,
keçəməmiş və keçəməz də... Ehtimal ki, bu sözümü
cunbuliment (kompliment) hesab edərsən. Xeyr,
doğrusu da budur. İstərsən, qəlbinə sor, o sənə
söylər.
Atanı təqdis edirsən - “böyük ruhlu qoca...” -
deyə, ən səmimi hissiyyat ilə ona qarşı hörmət
bəslədiyini söyləyirsən. Haqsız deyilsən, əzizim,
çünki o, düşündüyündən daha böyük, daha alicənabdır.
Hətta yalnız sən deyil, mən və mənim kimi Naxçıvan
mühitində yetişmiş gənclər həp ona qarşı mənəviyyatca
mədyuni-şükran olmalıdır, iştə bu qədər...
Evlənmək məsələsinə gəlincə: fəna şey deyil...
Şübhəsiz, kəskin bir mühakimə və səmimi bir hiss
ilə birləşən iki könül daima məsuddur. İmdi bir
az da özümdən yazım:
“Şeyx Sənan”ı vaxtsız nəşr etdim. Daha münasib
vaxta buraxmalıydım, çünki o, nəşr edildiyi günlərdə
siyasət aləmi həyəcanlı dəqiqələr keçirirdi. Xalq
da, təbii, bütün ruhuyla müharibəni təqib edirdi.
Zatən, bu bir qanundur: siyasət rol oynarkən,
ədəbiyyat susar. Təbii, susmalıdır da...
Əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən
bir çox təqdirlər eşidildi, sükut ilə keçmədi,
fəqət mən çox arzu edərdim ki, yalnız təqdir ilə
qalmasın, qüsurları da göstərilsin. Şübhəsiz,
“İstiqbal” er-gec onu da yapar.
Keçən sentyabrdan bəri heç bir iş gördüyüm yox,
yalnız dərslər ilə məşğul olurdum. Lakin bir ay
var ki, mənsur olaraq “Şeyda” adlı bir faciə,
sadə bir şey yazmağa başladım. Yazın narahat olmazsam,
bəlkə yazıb bitirərəm.
Bədənim qüvvətcə fəna deyil, fəqət ciyərimdəki
xəstəlik keçən ilə nisbətlə yarıya enmiş kimidir.
Baxalım, sonu nə olar. Yazın, hər halda, tədavi
etməliyəm. İştə onun üçün də, əfsus, çox əfsus
ki, Naxçıvana gələmiyəcəyəm. Sənin və Məşədinin
o ruhaşina söhbətlərindən uzaq olacağam. Ehtimal
ki, Rza da gəlməz. Özü sənə kağız yazar.
Pədəri-möhtərəminə, validən həmşirə xanıma səmimi
ərzi-ehtiram... Həmsöhbətin olan arxadaşlara məxsusi
səlam... Səni və Cavadı dərin bir səmimiyyətlə
öpər, əllərinizi sıxar, allaha ismarlaram, qardaşım!..
Qardaşın Hüseyn Cavid
Məktub yazmaqda son dərəcə tənbəl olduğumdan Məşədiyə
qarşı çox məhcubam. Qısa, qırıq, mənasız bir məktub
yazmağı çox mənasız buluram. Onun üçün də imdiyə
qədər bir şey yazdığım yox. Hər halda onun ruhu
böyükdür, qəlbi genişdir. Təbii, əfv edər, məzur
görər. Məndən ona təkrar salam...
Hüseyn.
Adres: Bakı. “Açıq söz”
idarəsi.
2
Bakı. 22 iyun, 1916.
Əziz! Keçən məktubun məni nə qədər məsrur etdisə,bu
məktubun da bir o qədər məhzun və mütəəssir
etdi. Sənə təsəlli vermək istəməm, çünki mənim
düşündüklərimi, şübhəsiz, sən də düşünmüşsən.
Ancaq qısacıq bir sözlə deyə bilərəm ki, İbrahim
mühit və əqrəbaca, dost və aşnalarca çox böyük
bir itkidir. Əvət, İbrahim yazıq və məzlum oldu.
Məşədiyə, ata və anasına səmimi ərzi-təsliyət.
Hüseyn Cavid.
3
13 yanvar, 1917
Əzizim! Məktubunu aldım. Şahbəyim xanım tərəfindən
yazılacaq məktubu yazıb idarəyə verdim. Məzkur
məbləğ hənuz postadan alınmamış, şübhəsiz, alındıqda
məktub ilə bərabər təb və elan edilər. Məşədinin
xəstəliyi məni nə dərəcədə sıxdığını təsvir
edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum
sırada böylə qolxunc bir xəbər məni daha ziyadə
dəhşətləndirdi.
... Əziz! İlk postadan Məşədiyə dair qısaca
bir məktubunu gözlərəm, saqın, unutma. Məşədiyə
məxsusi ərzi-ehtiram...
Qardaşın Hüseyn Cavid.
Adres: Bakı. “Təbriz” mehmanxanası, otaq N 21.
4
Bakı, 24 yanvar, 1917
Möhtərəm Əziz! İkinci məktubunu aldım. Məşədinin
müalicə edilməsindən son dərəcə məmnun və məsrur
oldum.
Məzkur əlbəsə cəmiyyəti-xeyriyyəyə verilməlidir.
Lakin sənin mənə göndərdiyin 410 rublənin 10
rubləsi qəzetə üçündür. Heç bir şey işarə etməmişdin,
şübhəsiz, o da başınızın qarışıqlığından nəşət
etmə bir hal olsa gərək. “Açıq söz” idarəsinə
söylədim, idarə on rublə geri alaraq, bu günlərdə
xanımın qəzetəsini göndərəcəklər. Məşədiyə və
bildiklərə məxsusi ərzi-ehtiram...
Qardaşın Hüseyn Cavid.
5
4 mart, 1923
Çox möhtərəm və dəyərli qardaşım Əziz! Lütfən
yazmış olduğun məktubu dün ikindi çağı möhtərəm
Artaş mənə verdi, özünü bozbaş yeməyə dəvət
etdimsə də, qəbul etmədi, yalnız məktubun cavabı
üçün gələcəyini bildirdi. “Sənan” və “Uçurum”
haqqındakı yazılarını mənə söylədilər, fəqət
oxuyamadım. “Yeni fikir” bizim məktəbə martın
28-dən bəri gəlməyə başladı. Mümkün olsa, məzkur
nömrələri bulub oxuram. “Uçurum” haqqında məktubən
yazacaqlarını arzu edirəm.
“Şeyx Sənan”ın mənzum oynanmasını mən də arzu
edərəm. Lakin keçən sənələrdə aktyorlar mənzum
pyesdən qorxduqlarından hamısını nəsrə və yerli
şivəyə çevirmişdim. Bu sonlarda, ehtimal ki,
onu da “İblis” kimi nəzmən islah edərəm, gələcək
son bahar üçün aktyorlarımıza verərəm.
“Plamya” jurnalı münasibətilə əsərlərimi istəmişdiniz.
Əziz, ehtimal ki, inanmazsan, əfsus, heç birindən
yoxdur. Mətbu mövcud olmadığı kimi, qeyri-mətbular
da qurşun qələmilə pozulmuş, bərbad bir haldadır.
Təmiz yazılmışını teatra verdiyim üçün məndə
heç yox... Basılmış əsərlərimdən yalnız 25 dənəsi
və hər birindən yüzə yaxın kitabçılar aldıqdan
sonra səkkiz min kitabça mart 1917 hadisəsində
bir saatda mətbəədə yandı. Onun üçün də deyil
məndə, hətta kitabçılarda da bulunmaz. Bulunsaydı,
şübhəsiz, satın alıb göndərərdim. Yalnız ümidim
bir Naxçıvana gəlir. Çünki Şeyx Məhəmməddə hər
birindən bir neçə nüsxə var idi. Naxçıvana yazarsınız,
mövcudu qalmış olsa, şübhəsiz, göndərər. Mişkinaz
və Tuquş səlamətdirlər. Sənə, anana, rəfiqənə,
qardaşına ərzi-ehtiarm edirlər. Mənim halıma
gəlincə, çox durğun və donuq bir haldayam. Yeni
yazmış bulunduğum “Peyğəmbər”i islah edib ortaya
çıxarmağa vaxtım yox... Çünki qardaşım Əlirza
üç aydır ki, vodyanka xəstəliyilə yatır. Çox
zəifdir. Başım bir qədər onunla məşğul, həm
də fəzləcə yoruluram. Baxalım, sonu nə olur.
Rzaya səlamını söylədim...
...Əziz, yenə təkrar edirəm; kitabçaları göndərmədiyimdən
çox mütəəssifəm, təbii, əfv edərsən...
Qardaşın “Hüseyn Cavid”
6
16 nisan, 1923
Çox möhtərəm Əziz! Nisan 12-də yazdığın məktubu
aldım. Fəqət gətirəni hənuz gördüyüm yox. İkinci
məktubu gətirən məndən cavab istəmədiyindən
yazmadım. Bilməm, bunu gətirən də cavab üçün
gələcəkmi? Yazdığına görə, “Şeyx Sənan”ın bütününü
tərcümə etməyi arzu edirlərmiş... Orasını sən
bilirsən, məni rus qəzetlərində tərif edirmişsən?
Çox nahaq... Bir şey ki, səni məhcub edə bilər,
neçin yapırsan? Bir də, mən o qəzetlərin heç
birini ziyarət edəmədim. Yalnız “Yeni fikir”də
“Uçurum” haqqında yazdığını oxudum. Çox nakafi
buldum. Bəzi mühüm məqalələr yazdıqda, onların
basıldığı qəzet ya məcmuədən birər dənə göndərmək
çətin bir iş olmasa gərək... “Uçurum” haqqında
xüsusi məktubunu gözlədimsə də, şükür, bir məlumat
alamadım. Üç-beş mühüm nöqtəsinə işarət etsəydin,
istifadə edərdim və tikanlı nəvazişlərinə də
bir az haqq vermiş olardım.
“Şeyx Sənan”ın ya bir pərdə, yaxud bütün tərcüməsinə
gəlincə, əlbəttə, tək-tük zəif yerlərini buraxıb
keçə də bilərsən. Lakin bunu bilməlisən ki,
məsuliyyət boyunduruğunun bir ucu mənim boynumda
olduğu kimi, biri də sənin boynunda olacaq.
Ona görə də, diqqətli və ehtiyatlı davranmalısan.
Əhəmiyyət verəcək olsan, məni də adamlar sırasında
saydırmış olarsan, cızmaqara yapacaq olsan,
həm özünü, həm də məni saldat bazarına göndərmiş
olarsan. Sən hər halda məndən təcrübəli və məlumatlısan.
Fəqət bir tərəfdən azacıq nigaranam, bəzi tərkib
və təbirləri incədən-incəyə məna və ruhlarına
kəsbi-nüfuz edərcəsinə təhlilə qoyulmalısan
ki, ən birinci şərt də iştə budur.
Bir də rəsmimi istəmişdin. Özümdən o qədər bezaram
ki, hənuz adam ağıllı bir rəsm aldırdığımı xatırlamayıram.
Hətta, teatrın əlli illiyi münasibətilə istənildi,
yenə rədd etdim, çünki nə həvəsim, nə də artıq
pulum var idi. Lakin sənin israrına uyaraq,
dün rəsmimi aldırdım və haqsız olaraq özümü
zərərə salmış oldum. Və bu gün sabahleyin birini
aldım, məktubunu gətirəni bəkləyirəm. Gəlsə,
qulluğuna gətirər...
...Bir də, çıxan jurnaldan və bəzi qəzet nömrələrindən
birər nömrə göndərsən, fəna olmaz.
...Səni öpürəm.
Qardaşın Hüseyn Cavid.
7
7 iyul, 1923
Çox möhtərəm Əziz! Bu günlərdə bir neçə kərrə
türkcə “Kommunist” qəzeti idarəsindən məni çağırıb
deyirlər ki, “Plamya” bizə yazmış ki, əsərlərindən
bir-ikisini göndərim. Həm sən haqqi-təlif alarsan,
həm də “Plamya” idarəsindəki mütərcimlər.
Ondan başqa, Bakıda bir rus şairəsi bir türk
tələbə ilə kiçik mənzumələrimdən bir neçəsini,
başqa şairlərinki ilə bərabər tərcümə etdiklərindən
imdi əsərlərdən bəzilərini tamamilə tərcümə
edib əsl müəllif haqqı da vermək istəyirlər.
İmddi bu başağrısından məqsəd bu ki, “Plamya”
əgər yalnız tərcümə edəcəyin yazılarda sənə
haqqi-zəhmət verib də müəllifi (yəni məni) haqsız,
hüqüqsuz buraxacaq olarsa, o zaman bir sətir
belə yazılıb zəhmət çəkilməməsini rica eylərəm.
İştə bu qədər!.. Bu xüsusda fikrini yazıb bildirməyi
istərəm. Əgər zəhmət lazım gələrsə, zərər yox,
mən əsərlərimdən “Kommunist” vasitəsilə “Plamya”ya
göndərərəm. O da mənim hüququmu təmin etməklə
bərabər, istədiyi kimi tərcümə etdirər. Baqi
ərzi-ehtiram...
Hüseyn Cavid
8
Bakı. 9 fevral, 1924.
Çox möhtərəm Əziz Şərif!
Əlan postadan yeni təb edilmiş “Peyğəmbər”i
zakaznoy olaraq, sənə göndərdim. Təbii, mütaliə
edib, bir vaxt nöqteyi-nəzərini yazarsan. Lakin
bir rica edəcəyəm. Burada oynanılmadığı kimi,
ordakılara da rast gəlsəniz, oynanılmamasını
tənbeh və tövsiyə edərsiniz. İmdilik mən razı
olmayıram. Sonra, gələcək illərdə baxarıq...
Qardaşın Hüseyn Cavid.
9
Çox möhtərəm Əziz!
Lütfən yazdığınız uzun məktubu aldım. Təşəkkür
edirəm. Ağır soyuq aldığımdan uzun cavab yazamadım.
Təbii, qüsura baxmazsınız. Ümidvaram ki, eyi
fürsət düşdükdə bizi unutmazsınız...
22.X.35 H. Cavid.
10
Möhtərəm Əziz! Belə dostluq olmaz. Sənə adres
verdim. Bizim müqavilənamə nə oldu? Neçin düzəldib
göndərmirsən? Paraya ehtiyacım olduğunu sənə
söyləmədimmi? Verdiyin sözləri nə tez unutdun?
Cavab gözləyirəm...
15.Xİ.35 Hüseyn Cavid.
|