Libretto
BİRİNCİ PƏRDƏ
Tiflisdə.
Dəli Knyaz (əksinqilabçı). Öz dayısı Solomon ilə
balkonda eyşü işrətə məşğuldur. Dayısı kənd katibinin
oğlu imiş. Özü də liberal düşüncəli bir ziyalıdır.
Knyazın gənc qadını gözəl Jasmen gələr, onları
salamlar və söhbətdə iştirak edər. Knyaz Jasmenin
tərcümeyi-halını söylər. O, qız ikən Batum tərəflərində
bir köylü erməni müəllim qızı imiş. Knyaz o tərəflərə
öz mülkünə baxmağa gedərkən onu almış (bu ikinci
arvadıdır). Əvvəlki ölən arvadından Lena adlı
bir qızı var. 15 yaşındadır... iyirmi yaşında
Anton isə Knyazın evində xidmət edən anası Marqonu
görməyə gəlmiş. Antonun ölən babası da Knyazın
bağbanı imiş. Anton kommunist və mühəndis-texnikdir.
O daima Knyaza zidd gedər.
Məclisin ortasında bağlarını dolu vurmuş bir köylü,
rütubət zirzəmilərdə yatan və tütün fabrikasında
çalışıb xəstələnən beş-altı işçi gəlir. Yaşadıqları
podvalların rütubətli olduğundan və maşınların
azlığından bəhs edərlər və Knyaza tikanlı sözlərlə
hücum edərlər. Knyaz onları təhqir edər. Anton
işçiləri müdafiə edər. Nəhayət, Knyaz onları qovar
və bütün ehtiyac və istəklərini rədd edər. Onlar
da, Knyaz da məclisi tərk edər. Antonun anası
Marqo oğluna nəsihət edər. O isə İnternasional
marşını zümzümə edər, anasını dinləməz. Bu sırada
dışarıdan islıq (fit) səsi eşidilir. Anton yoldaşlarının
çağırdığını söyləyərək, gizli iclasa gedər.
Pərdənin əvvəlindən sonuna qədər Şakro adlı yalançı
və satıcı bir sosialist də iştirak edər. Hər addımda
Antonun təhqirlərinə rast gəlir.
İKİNCİ PƏRDƏ
Botanik bağında, hovuz kənarında. Tiflis.
Jasmen, Lena və Marqo
bağ seyrinə çıxmışlar. Anton, onlar bir tərəfə
getdikdən sonra gələr, fikirli halda qəzet oxuyur.
Şakro gəlir, Antona yanaşır. Deyir ki, Tiflisdən
qaç, səni tutacaqlar. Firqənizin sirrini öyrənmişlər.
Anton işçiləri və yoldaşlarını buraxmayacağını
və getməyəcəyini söyləyir. Onu qorxaq olduğu
üçün təhqir edir.
Şakro gedər, Jasmen gəlir. Antona örtülü sözlərlə
məhəbbətini söylər. Anton isə istehza ilə gülərək
söylər ki, bu mümkün deyil. Mən fabrikalar,
paslar içində, sən incilər, almaslar içində...
Bunlar ikisi köydə ikən sevişmişlərsə də, Anton
illərlə onu görməyə vaxt bulamamış, nəhayət,
Knyaza getmiş. Jasmen iztirabdan qəlbim içəridə
çırpınır — deyə Antonun əlini köksünə, ürəyinə
qoyar, Anton əlini şiddətlə çəkər. Fəqət bu
sırada Knyaz gəlir, görür və qısqanclığı artır.
Anton gedər, Knyaz Jasmeni təhqir edər, Solomon
gəlir. Qızıl ordunun Gürcüstana olan hücumlarını
söylər. Knyaz daha çılğınlaşır. Polis və xəfiyyələr
gəlir, Antonu yaxalar, qolu bağlı götürür. Anası
fəryad edər, düşər, bayılır.
ÜÇÜNCÜ PƏRDƏ
Knyazın evi, süslü salon.
Ad günü, şən bir ziyafət,
qonaqlar sərxoş... Gürcü rəqsləri oynayır. Qonaqların
bir qismi — gənclər inqilabi marş oxuyur. Knyaz
və Şakro qızar. Marqo həbs edilmiş oğlu Anton
üçün qəmlər içində. Knyaz Antonun anasını təhqir
edər, o da qədəhlər dolu padnosu yerə çırpar,
Knyazı təhqir edib çıxar. Bir ziyalı qonaq gəlir,
arvadını aparır və Knyaza deyir ki, bolşeviklər
Tiflis ətrafını sarmış, inqilabçılar coşmaqda,
ətrafda top səsi eşidilməkdədir. Bir az sonra
Anton saqqalı olaraq gəlir, anasını soruşur
və həbsxanadakıların xilas olduğunu söylər.
Və istehza ilə Knyaza: artıq sizin dövran bitdi
- deyər. Höcətləşib sözləşərlər. Knyaz onu yaralar,
düşər. Tiflisin alındığı top səslərilə bilinir.
Qonaqlar qaçışar. Knyaz da Avropaya qaçar.
DÖRDÜNCÜ PƏRDƏ
Belində otel pansionunda bir salon...
Knyaz Berlində Solomonla Tiflisi xatırlar, gəzmək
üçün dışarı çıxarlar.
Şakro Jasmenə elani-eşq edər və Knyazın içkidən
sərsəmləşdiyini söylər. Jasmen isə onu rədd
və təhqir edər. Anton Hamburq şəhərinə sənaye
alətləri almaq üçün gələr. Oteldə Knyazın qızı
Lenaya rast gəlir, Lena Jasmenə xəbər verir,
görüşürlər. Marqonu soruşarlar. Anton, çocuqlar
evinə müdirə olduğunu və Gürcüstanın başqa müvəffəqiyyətlərindən
bəhs edər. Jasmen peşiman olduğunu və zor ilə
Knyazın onu gətirdiyini söylər, təkrar Gürcüstana
dönməyini və proletar quruluşunda çalışmaq istədiyini
söylər. Anton gedər. Knyaz onu gördüyü üçün
Jasmeni və qızını təhqir edər. Jasmen çıxar
gedər. Qızı Lena Knyaza xəbər verir ki, Şakro
bütün var-yoxumuzu aparmış. Sandıqları sındırıb,
pul, cəvahirat varsa əldən çıxmışdır. Knyaz
büsbütün şaşırır və buradan dəliliyin müqəddəməsi
başlanır.
BEŞİNCİ PƏRDƏ
Berlində kafe-restoran.
Knyazın dayısı Solomon - müdir.
Bu səhnədə keçən Cahan müharibəsindən bir qolunu
itirmiş zabit də bulunur. Qardaşı cahan hərbində
öldüyündən bəhs edər. Və qardaşı qızı müsyölərlə
rəqs edərkən onu pis yola dəvət edərlər. Nifrətlə
məclisdən çıxar, gedərlər. Şura ölkələrindən
qaçmış qraf, fabrikant qız və qadınları restoran
xidmətçisi vəzifəsində...
Knyaz dəli qiyafəsində gəlir. Özünün və bunların
keçmişindən sərsəmcə sözlərlə bəhs edər. Solomon
Knyazın içəri odaya getdiyini görüb qapını qapar.
Qadın və erkək müştərilər gələr. Solomon özü
gah qəzet oxur, gah kiçik xidmətlər edər. Hamburqdan
dönmüş Anton da gəlir. Solomon ona külqabı gətirərkən
tanır, qonuşurlar. Knyazın halını təsvir edər.
Jasmen Gürcüstana qaçmaq üçün Antonla bölüşmüş...
Bir az sonra oraya gələcəyini Antona söylər
və dalınca gedər. Müştərilər çarlston rəqsilə
məşğul olur. Knyazın qızı Lena rəqqasəlik vəzifəsi
ifa edər və iki lirik parça ilə Gürcüstana aid
şərqilər oxur. Knyaz yenə çıxar. Dəli sözü ilə
coşar. Müştərilər dağılır. Dışarıda Rot-front
marşı eşidilir. Knyaz onları əksinqilabçı ordu
zənn edər, coşar, gülər, ağlar, yardım istər.
Silah çəkib, hərbə hazır olduğunu söylər. Nəhayət,
bizimkilər basıldı — deyə, özünü vurub ölər.
Qeyd: Əsər mənzumdur. Lazım gəlsə, təbii, bəzi
yerlərinə xorlar əlavə edilir. Və son pərdədə
rəqs bitmək üzrə ikən bugünky Berlinin işsiz
işçiləri də gələr. Və burjuaziyanın rəqslərinə
qarşı etirazlar, aclıq marşları və kinli çıxışlarla
etiraz edərlər. Bu xüsusda rejissor və bəstəkarın
tövsiyələrini dinləmək lazım gələcəkdir.
|