Anam Mişkinaz Cavid
1945-ci ildə Hüseyn Cavidin əlimizdə olmayan “Telli
saz” pyesinin məzmununu mənə diktə etmişdi. İndi
mən onu oxuculara olduğu kimi təqdim edirəm.
İştirak edənlər:
Qurban — Məcnunşah
— xalça fabrikininin işçisi.
Lalə — onun arvadı — xalça fabrikinin işçisi.
Qumral — onların qızları, Bakıda konservatoriya
bitirmiş.
Baxşı — Lalənin qardaşı — xalça fabrikinin işçisi.
Fərman — Baxşının oğlu, elektrik mühəndisi, ali
təhsilini Bakıda almış. Qumralın nişanlısı.
Münşizadə — maarif naziri.
Böyükağa — xalça fabrikinin sahibi.
Balacaxanım — onun arvadı.
Püstə — onların xidmətçisi.
Şəppərəxatun — ümumxana sahibəsi və başqaları.
... Hadisə Təbrizdə baş verir. Xalça fabrikinin
sahibi Böyükağa fabrikdə fəhlə işləyən Qurbanın
arvadı Laləni ələ gətirmək istəyir. Lakin o, buna
nail ola bilməyir. Laləni müdafiə edən Qurbanı
Böyükağanın adamları bərk döyür, başına ağır zərbələr
endirirlər. Qurban çox pis vəziyyətdə ordan baş
götürüb qaçır. Bütün bunlardan sonra Lalə qızı
Qumral ilə, qardaşı Baxşı da oğlu Fərmanla birlikdə
Bakıya gəlirlər.
Lalə Bakıda tikiş fabrikində işləməyə başlayır.
Uşaqlar da burda təhsil alırlar. Qumral konservatoriyanı
bitirərək musiqiçi, Fərman isə elektrik mühəndisi
ixtisası alırlar.
Bakıya gələn Təbrizin maarif naziri Münşizadə
Baxşı ilə görüşüb, Təbrizdə mütəxəssislərə böyük
ehtiyac olduğunu söyləyərək, Qumral ilə Fərmanı
orda işləməyə dəvət edir. Hər iki gənc vətənləri
Cənubi Azərbaycanda çalışmaq təklifini böyük həvəslə
qəbul edirlər.
Qumral Təbrizə gələndən sonra həm məktəbdə, həm
də Böyükağanın arvadı Balacaxanıma evdə dərs verir.
Böyükağa tərbiyəli, ağıllı, gözəl Qumrala “aşiq”
olur, nə yol ilə olursa-olsun, onu ələ gətirmək
istəyir. Ona bahalı brilyant bilərzik bağışlayır.
Qumral isə qaşların “ləkəli” olduğunu söyləyərək
rədd edir. Böyükağa, Qumrala nail olmaq məqsədilə
Fərmanı həbs etdirir.
Məcnunşah adını qazanmış Qurban qızı Qumralı tanıyır.
Onu, kənardan hər addımını izləyərək qoruyur.
Böyükağagilə dərs verməyə gedəndə də, onu həmişə
kənardan müşayiət edir.
Qumralı ərinə qısqanan Balacaxanım, qulluqçusu
Püstənin vasitəsilə onu aldadaraq, guya Böyükağanın
həbs etdirdiyi Fərmanı azad etmək üçün adam görmək
məqsədilə Şəppərəxatunun ymumxanasına apartdırır.
Burda Qumral... bir neçəsini nifrətlə rədd edir.
Həmişə Qumralı izləyən Məcnunşah nəhayət onun
burda olduğunu öyrənə bilir və Münşizadəyə xəbər
verir. Münşizadənin vasitəsilə Qumral burdan azad
olur.
Lalə ilə Baxşı vətənlərini və uşaqlarını görmək
məqsədilə Təbrizə gəlirlər. Lalənin gəlişilə hər
şey açılır. Qurban — Məcnunşah qəzəblənib Böyükağanı
bölüb öldürür.
Lalə Qumrala Məcnunşahın onun atası olduğunu bildirir.
Ailə yenidən birləşir.
“Telli saz” əsərindən əlimizdə qalan üç şer parçasına
görə qardaşım Ərtoğrol Cavidə minnətdarıq. O,
adətən xoşladığı şer parçalarını özünəməxsus dəftərinə
köçürərdi. Xoşbəxtlikdən həmin dəftərlərdən biri,
1933-cü ilə məxsus olanı bu gün əlimizdədir. Mən
həmin şerləri oxuculara təqdim edirəm.
I
Könül vuruldu o şuxun mənəkşə gözlərinə,
O nə halət, o nədir işvə əda?
Mən uymadım bu diyarın hər incə dilbərinə,
Sanma oxşar xəyalı hər sevda.
İpəkli bir gecə məhtaba qarşı yıldızlar,
Heç unutmam, solub-sararmışdı.
Çiçəklərin arasından gülümsəyən qızlar,
Sevdiyim pənbə nuru sarmışdı.
Süzüldü keçdi o bayğın, o möhtəris gözlər,
Çox yaxından gülümsəyirdi mana.
Gülümsədikcə o, sandım gülümsəyir hər yer,
Mən də uydum o nəşə yavrusuna.
II
Bir gövərçin uçdu qondu,
Qara çalı budağına.
Halı mənə çox toxundu,
Gəldim onun sorağına.
Könül xain ovçulardan,
Hər gün yeni bəla gözlər.
Məni yalnız ağlar qoyan,
Ala gözlər, ala gözlər.
Altun qəfəs cənnət olsa,
Qırmalıdır tellərini.
Cəllad yüz min tövbə qılsa,
Kəsməlidir əllərini.
Duydunuzmu, parlaq günəş
Ürküb qaçar yarasadan?
Bilməz ki, yox məndə atəş,
Sönüb getdim parlamadan.
III
Hardasan, telli qız, kimdir ənisin?
İzlər hər addımda fəlakət səni.
Gəl, üzünü xain gözlər öpməsin,
Yaxar həsrət məni, xəyanət səni.
Keçdiyim yox əsla bu viranədən,
Ala gözlərinə uyub gəldim mən.
Könlümü dinləsən, mənimlə getsən,
Üzməz qucağında səfalət səni.
Təxminən 1931/32-ci il mövsümündə Bakı Türk
İşçi Teatrında tamaşaya qoyulması nəzərdə tutulan
“Telli saz” tamaşasında Məcnunşah rolunu ifa
etmək üçün opera teatrında çalışan Azərbaycan
SSR xalq artisti H.Q. Sarabski dəvət olunubmuş.
Müəyyən səbəblərə görə baş tutmayan bu tamaşada
oynayacağı Məcnunşah rolunu aktyor çox böyük
həvəslə məşq edir və deyirmiş ki, bu mənim yaradıcılığımda
tamamilə yeni bir obraz olacaqdır. Mən çalışacağam
ki, qayğılı insan taleyinin rəmzi olan Məcnunşahın
obrazını tamaşaçılara olduğu kimi göstərə bilim.
|