Huseyn Cavid - 120


SOLĞUN BƏNÖVŞƏLƏR

 

Müxtəlif şerlər

Bir müsamirə xatiratından.

Boynu bükük, ey öksüz bənövşələr!
Ah nə çapuq saraldınız, soldunuz?
Nerdə o dünkü sevdalı nəşələr?
Nədən böylə həp pərişan oldunuz?

Şəfəqdən doğma ləbləri öpərkən,
Siz ki bəxtiyarca gülümsərdiniz.
Yoxsa o nurdan tökülmüş əllərdən
Ayrılınca çiçəkləndi dərdiniz?

Gözəl, hər halınız gözəl... Daima
Xəstə könlüm oxşar sizi, alqışlar.
Uf, nədənsə çox toxunur ruhuma
Vərəmli çöhrələr, məhzun baxışlar...