AFƏT
Faciə - 4 pərdə
Yazılmışdır: 1906 - 1909
Yenidən işlənmişdir: 1917 - 1920
İlk nəşri: 1969
İlk səhnə quruluşu: 1922
ƏŞXAS
Afət — 33 yaşında, şux, füsunkar bir qadın.
Özdəmir — 45 yaşında, Afətin əri, mühərrir.
Alagöz — 18 yaşında, onun qızı, narin vücudlu və solğun.
Ərtoğrul — 30 yaşında, sadə qiyafətli, pərişan saçlı mühərrir.
Yavuz — 30 yaşında, Ərtoğrulun arxadaşı, müəllim.
İlcay — 50 yaşında, Ərtoğrulun anası.
Xandəmir — 53 yaşında, Ərtoğrulun dayısı, pensneli, çatal saqqallı, maarif müdiri.
Altunsaç — 22 yaşında, Xandəmirin qızı, şıq, xudkam və məğrur.
Doktor Qaratay - 35 yaşında, gözəl və qurnaz.
Oqtay — 28 yaşında, ciddi və səmimi, doktor
Qaplan — 30 yaşında
Qorxmaz — 22 yaşında
Xidmətçi və sairə...
BİRİNCİ PƏRDƏ
Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə, gözəl mənzərələr, ilk bahar, məhtablı gecə...
Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə samiələri oxşar.
Xandəmir (sağdakı odadan çıxar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz, əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu?
Afət. Hənuz bağçadan doymamışlar, qonuşub əylənirlər.
Xandəmir. Bağçamızı nasıl buldunuz?
Afət. Çox gözəl, çox şairanə... Sizdəki bədii zövqə heç bir deyəcək yox...
Özdəmir (içəridən bağırır). Xandəmir, Xandəmir!..
Xandəmir. Gəldim, əfəndim, gəldim.
Afət. Yenə Özdəmir nə istəyir?
Xandəmir. Bir şüşə konyak bitdi, imdi ikincisini istəyirlər.
Afət. O bu axşam çıldıracaq, ah, kaş ki gəlməyəydim.
Xandəmir. Zərər yox, dost evidir; nə yaparsa xoşdur.
Afət. Çox xoş, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi?
Xandəmir. Klubda imiş, bu saat gəlir.
Afət. Amma, o da çox nazlanır ha...
Xandəmir. Əvət, sanki mənim evim klubdan əskik imiş!..
(Dışarıdın pəncərə önündən keçib gəlməkdə olan
doktoru görür.)
İştə doktor!.. Doktor Qaratay.
Afət (baxar). Əvət, nəhayət gəldi çıxdı.
Doktor (yarımsərxoş, şad və məmnun daxil olur). Axşamlar xeyir, əfəndim.
(Afətin əlini öpər, Xandəmirlə əl verir.)
Xandəmir. Xoş gəldiniz... (Yarım qəhqəhəylə.) Fəqət mən söz saxlayamam, gecikdiyiniz üçün sevgili Afəti çox darıltmışsınız... Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamayır.
Doktor. Təbii, mən nə qədər pərəstişkar isəm, o da o qədər lütfkardır.
Xandəmir. Hər halda, üzr istəməlisiniz.
Doktor. Şübhəsiz, əfv edərlər... Əcəba, müsafirlərdən kim var?
Afət. Sizdən başqa hər kəs...
Özdəmir (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə.)
Xandəmir. Gəlirəm, gəlirəm. (Afətə.) Mənə müsaidə (sol odaya keçər.)
Afət. Xandəmir gerçəkdən çox yaxşı, çox sıcaqqanlı adam... Azacıq abdal isə də yenə özünü sevdirə bilir.
Doktor. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda xovarda, az bir maaşla çox zəngin... Daha nə istərsən. Bütün arxadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (Sərxoşca qəhqəhəylə). Məncə, ona “Cahil bilgic” denirsə, daha xoşdur.
Afət. Aman, sus! Görünür azacıq sərxoşsan.
Doktor (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım.
Özdəmir (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!..
Doktor. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, Özdəmir bəyin nərəsi məni ayıltdı.
Afət (süzgün baxışla). Qaratay!..
Doktor (onun əllərini yaxalar). Afət!..
Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb təqdim edər.
Afət. Bu mənəkşələr heç sənin əyilmənə dəyərmi?
Doktor. Ah, mən mənəkşəyi çox sevərəm. Çünki, o çox mənalı, çox müəmmalı bir çiçək... Hələ sənin nurdan tökülmüş əllərini, lətif köksünü öpdükləri üçün pərəstiş edərəm.
Afət (incə qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan görürəm.
Doktor. Zatən, sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu aqil, hər aqili məcnun edə bilər.
Afət (şux qəhqəhələrlə). Ah, bu yalan nəvazişlər, bu yaldızlı pərəstişlər!.. (Sükut.) Haydı, gəl bağçaya enəlim. Özdəmir bizi bir yerdə görərsə, haman çıldırıb durar.
Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıxar.
Birincinin əlində kaman, ikincinin əlində isə bir şer məcmuəsi bulunur.
Doktor. İştə Altunsaç ilə Alagöz!
Afət. Əvət, iki gövərçin, iki mələkciyəz!
Doktor. Biri musiqi pərisi, digəri şer ilahəsi!..
Afət. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!..
Doktor (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı?
Altunsaç. Siz buyurun, biz də sonra gələriz.
Bu sırada Özdəmirlə Qaplan sağ tərəfdəki odadan çıxarlar. Özdəmir son dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taxılmış.
Afət (bağçanı göstərir). Xayır, imdicə bərabər gedəlim.
Xandəmir (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə, canım, bu olur şeymi ya?! Qadınsız bir məclis gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər.
Doktor. Gerçəkdən, qadın — həyat, həyat isə qadın deməkdir.
Özdəmir (sürəkli və istehzalı qəhqəhələrlə gülər, dürlü hərəkətlər və əl işarətlərilə). Əvət, qadın hər şeydir. O gah bir çiçək... gah bir kələbəkdir. O həm bir mələk, həm də... bir ördəkdir.
Hər kəsdə böyük nifrət və şaşqınlıq...
Xandəmir. Özdəmir! Nə söylədiyini düşünürmüsən?
Özdəmir (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünürəm. Qadın çox körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək, daha sonra füsunkar bir mələkdir. Yalnız bəziləri, əvət, bəziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.
Afət. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə onun qolunu tutar.)
Özdəmir (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sənə, sənin gözəl taleyinə qibtə edirəm.
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |