Ana
ƏŞXAS
Səlma — ana.
Qanpolad — onun oğlu.
İsmət — Qanpoladın nişanlısı (çərkəs qızı).
Səlim — İsmətin qardaşı.
Gənc bir ləzgi — Səlimin arxadaşı.
Orxan — İsmətə vurulmuş bir dəliqanlı.
İzzət
Murad
Səhnə Dağıstanda otlu, ağaclı kiçik bir bağça ərz edər. Bağçanın ucunda sadə və fəqiranə bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng buludlar, yüksək və mavi dağlar nəzərə çarpar.
Səlma
(Qapı önündə oturub çox düşüncəli görünür, iki dəqiqə sonra qalxıb üzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə)
Ey mərhəmət kanı, ey ulu tanrı!
Ey yerlərin, göylərin hökmdarı!
İnayət qıl, yox başqa bir havadar,
Yalnız varım-yoxum tək bir oğlum var.
Ah, Qanpolad!.. Nuri-didəm, övladım!
Üç ay var ki, məktubunu almadım.
Üç ay var ki, taqət qalmamış məndə,
Gözüm yollarda, intizar içində.
Hər gecə gördüyüm qanlı röyalar
Göstərir ki, qorxulu bir xəbər var.
Bir ildən fəzlədir hər ay, hər on beş
Məktub yollardı, eylərdi sifariş.
Neçin o şimdi olsun böylə qafil?
Xayır, xayır, oğlum vəfasız deyil.
Lakin məni məhv edər bu intizar,
Gündən-günə qəlbimdə şübhə artar.
(İsmətin gəldiyinə diqqət edərək)
Ah, gəliyor İsmət, nasıl da məhcub!
Qız deyil, bir mələkdir...
İsmət
(Gülər üzlə)
İştə məktub!
Səlma
Kimdən, quzum?
İsmət
Qanpoladdan.
Səlma
Kim verdi?
İsmət
Qonşumuz, Qorxmaz oğlu Müslim verdi.
Səlma
Nasıl Qanpoladım?
İsmət
Şükür, sap-sağlam...
Səlma
Gəlməyirmi?
İsmət
Məktubda yazmış tamam.
Səlma
Ah, gözəl İsmətim, otur evdə sən,
Bir az təkbaşına çalğı çal, əylən.
Mən də imdi məktubda hər nə varsa
Oxutdurub tez gəlirəm...
İsmət
Çox əla.
(Səlma gedər)
İsmət
(Öz-özünə)
Of! Qanpolad kim bilir, imdi nerdə?
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |