Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

AZƏR (Poema)
Yazılmışdır: 1920-1937 | İlk nəşri: 1958


DÜŞÜNDÜM Kİ...

Düşündüm ki, əməl çəmənzarında
Açar pənbə güllər, yaşıl yarpaqlar.
Düşündüm ki, ömrün ilk baharında
Al şəfəqlər saçar gülgün dodaqlar.

Düşündüm ki, yatar qanlı tufanlar,
Keçər zalım fırtınalar, böhranlar,
Çəkilir dumanlar, sönər vulkanlar,
Ninni söylər mənə coşğun irmaqlar.

Düşündüm ki, bitər hicran dəmləri,
Doğar günəş, susdurar matəmləri,
Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər bənövşələr, zanbaqlar.

Heyhat!.. Ortalığı zülmətlər aldı,
Tale yarı yardan aralı saldı,
Öksüz ruhum didarə həsrət qaldı,
Qanatdı könlümü xain dırnaqlar.



KÖNLÜM

Heç sorma halımı, yaralıyam mən,
Şən olmaz bir daha viranə könlüm.
Beynimi yaxan bir yığın heçlikdən
Sanki bir şey sorar divanə könlüm.

İssız bir yuvanın qoynunda daim
Qərib bir quş kimi ağlar mənliyim,
Çox küskünəm, bilməm nələr söyləyim!?
Qaldı hər sevgiyə biganə könlüm.

Şaşqın bir yolçuyam, yolum qaranlıq,
Yanğın oldu şəfəq sandığım işıq.
Of, yetər, bir daha vurulmaz artıq
Hər süzgün yıldıza pərvanə könlüm.



GƏLİN

Of, nə yamandır o süzgün baxışlar,
Ey ipək telləri zərəfşan gəlin!..
Hər kəs gülər, hər kəs səni alqışlar,
Yalnız mənim halım pərişan, gəlin!

Getmə, dur, könüldə min həsrətim var,
Söylənəcək dərdim fəlakətim var,
Səndən sənə gizli şikayətim var,
Ey mələk ədalı, xuraman gəlin!

Nədir suçum, məndən uzaq qaçırsan,
Yabançı ellərə şənlik saçırsan,
Röya kimi süzülürsən, uçursan,
Bilməzsən ki, bağrım olur qan, gəlin!

Nə söyləyim! Halım əyandır sana;
Sən bir yana, bütün dünya bir yana.
Sənsiz gülüstanlar zindandır mana,
Ey cənnətdən bizə ərməğan gəlin!..


AY QIZ

Ey uzaqdan göz süzən yosma dilbər,
Gəl, yaxın gəl, bunca nazlanış yetər.
Gül!.. Sussun bülbüllər, qızarsın güllər
Hər gülüşündən, hər sözündən, ay qız!

Gözlərimdə dünya gülər, sən gülsən;
Qiyamətmi qopar insafə gəlsən?!
Aləm bilir, nələr çəkdim, ah, bilsən,
Nələr çəkdim sənin üzündən, ay qız!

Nazlı xuramını seyr etdikcə mən,
Vurğun könül rəqs edər sevincindən,
Olmazmı aşiqə bir busə versən
O ahu baxışlı gözündən, ay qız?!


GƏLİN KÖÇƏRKƏN

“Xudkam bir ana yalnız öz keyfini düşünərək yetişmiş, gözəl sərvi-nazını sevmədiyi bir zənginə gəlin köçürür. Qızcığaz bu haqsızlığa qarşı intihar edər. Çılğın qadın acı fəryadlar ilə cənazədən ayrılmaq istəməz, hətta məzarə gömülməsinə belə bir dürlü qıyamaz”.


Bir çiçək ki, duyğuları oxşayaraq gülümsər,
Xülyalara nəşə sərpər, könüllərə nur saçar.
Yazıq!.. Onu öncə kəndi əllərimiz qəhr edər,
Sonra şaşqın vicdanımız bir heçliyi salamlar.

Bir quşcuğaz imdi ötər, güldən-gülə uyarkən,
Xain ovçu bir anda susdurur o şaqraq səsi;

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |