Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

İBLİS

Faciə - 4 pərdə
Yazılmışdır: 1918
İlk nəşri: 1924
İlk səhnə quruluşu: 1920

ƏŞXAS

İblis — .....
Mələk — .....
İxtiyar şeyx — ağ saqal bir sovməənişin...
Xavər — İxtiyarın torunu.
Arif — pərişan saçlı, sadə geyimli bir gənc.
Vasif — könüllü bir türk zabiti (Arifin küçük qardaşı).
Küçük zabit — Vasifin arqadaşı.
Rəna — son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk).
İbn Yəmin — qırq beş yaşında qaraşın bir ərəb zabiti.
Yaralı zabit — rus ordusuna mənsub bir gənc.
Zənci çavuş — İbn Yəminin xidmətçisi və bir nəfər məiyyət əsgəri.
Teyf — Rənanın məqtul babasının xəyalı.
Elxan — zabit (əskəri qaçaq).
Zabitlər, əskərlər, haydutlar, rəqqasələr (ərəb), çingənələr, teyflər, çalğı taqımı və sairə...

İLK PƏRDƏ

Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı...
Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut...

İblis

(məmnun qəhqəhələrlə)

Dəryalarə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan...

(qəhqəhə)

Mələk

Yarəb, bu nə dəhşət, nə fəlakət?
Yarəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət!?

İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut...

İblis

(çılğın qəhqəhələrlə)

Toplar veriyor aləmə dəhşət,
Dəhşət!.. Qopiyor sanki qiyamət,
Yağmur kibi göydən yağar atəş!..
Atəş!.. Qaralar, dalğalar atəş!..

Mələk

Yarəb, azacıq lütfü inayət!
Qəhr olmada artıq bəşəriyyət.
Başdan-başa həp yer yüzü vəhşət,
İblis ilə həmrəngi-siyasət.

Gözlər qapanır, səhnə aydınlaşır.

Arif
(Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur.
Yerindən qalqar, göyə doğru)

Dünyaları yoqdan yaratan, ey ulu tanrı!
Ey xaliqi-hikmət!
Duyduqca, düşündükcə olur qəlbimə tarı
Bin şübhəli illət.
Duyduqca, əvət, pərdəli hikmətləri hər an,
Bin dürlü həqiqət,
Bin dürlü müəmmalı həqiqət bana xəndan,
Həpsində də zülmət...
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan
Ya şöleyi-əcram,
Olmaz şu bənim çıldıracaq könlümə əlan
Bir mənbəi-ilham.
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Uydum da peyəmbərlərə, qanunə, kitabə,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
Həp zəfə əlamət...
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yoq rəhbəri-vicdan.
Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat,
Bir şöleyi-irfan.
En gəl bana, yaxud bəni yüksəklərə qaldır,
Gəzdir qonağında.
Yerlərdə süründüm, yetişir, göylərə qaldır,
Dindir qucağında.
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 |