İBLİSİN İNTİQAMI
Dram - 5 pərdə
Yazılmışdır: 1936 - 1937
İlk nəşri: 1985
Səhnələşdirilməmişdir.
ƏŞXAS
İblis
Arif — sülh aşiqi.
Rəna — onun rəfiqəsi.
Sima — sülh pərisi, zərif bir qız.
Tuncər — tunc geyimli qəhrəman (Spartak qiyafətli).
Ema — şəfqət bacısı, şən və oynaq qız (ispaniyalı).
Kastilyo — Emanın nişanlısı (ispaniyalı).
Natella — gənc, həssas qadın (ispaniyalı).
Xalid — mərakeşli ərəb dəliqanlısı.
General Miaxa — xalq komandanı (ispaniyalı).
General Franko — faşist komandanı (ispaniyalı).
Sovet nümayəndəsi — ...
Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri... Şeytanlar, qaraçılar, könüllü işçilər, şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əsgərləri...
Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları...
İLK PƏRDƏ
Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir hovuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun musiqi... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafəli şeytanlar ağaclar arasından ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itələşərək, çığırışıb bağırışaraq rəqs edərlər. Bir az sonra ətrafda qorxunc gumbultular eşidilməyə başlar.
Birinci şeytan (şaşqın və meymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ partlayır. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alovlar saracaqdır. (Hava tutulur, göy gurlar, şimşəklər çaxar.)
İblis (atəşli qiyafətlə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorxunc ahəng ilə). Eyvah, alovlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alovlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altun piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar.) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıxsın. Həm də cümləsi alovlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şöləsi parlasın və bütün cahanı qanlı tufanlara ğərq etsin. (Bir piyalə də içər.) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırladaraq.) Haydı, əski yunan və Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oxşasın. Bəlkə dəhşət püskürən beynimdəki hisslər, dumanlar silinsin.
Birinci şeytan (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və ilahələr yaşamayır. Könlünüzü açmaq üçün yalnız gözəl aktrisalar və rəqqasələr var.
Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir.
İblis. Söylənib durma, bax gör o nə səsdir?
Birinci şeytan (irəliləyib yola baxaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə gəlirlər.
İblis. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara.) Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin!
Bir qaraçı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına.) Haydı baxalım.
Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər.
Şərqi
İnsan ömrü dalğa kimi keçər, gedər.
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi burax, zövqünə bax, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.
Biz sevdalı quşlar kimi güldən-gülə
Uçub qaçar, əylənərik sevinc ilə.
Əyilmədik heç bir qanun qarşısında,
Bağlanmadıq heç bir yurda, heç bir elə.
İblis. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!.. Onların qara gözlərində mənim atəşimdən alınmış alov dalğacıqları parlayır. O süzgün baxışlar, o ədalı gülüşlər könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına!.. Haydı, azadsınız.
Bir ovuc altun atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oxuyaraq uzaqlaşırlar. Gəliş musiqisi.
İblis. Kimdir bu gələn?
Birinci şeytan. Yaponiya sularına gedən yoldaşlarımızdan biri!
İkinci şeytan (yapon siyasi qılığında gəlir). Salam böyük rəisə, qocaman İblisə!..
İblis. Xoş gəldin, hardaydın?
İkinci şeytan. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alovları saçdım.
İblis. Nə gördünsə açıq söylə!
İkinci şeytan. Yapon diplomatları hər gün yeni fitnələr uydurub, qonşu hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soxulur, bir yandan Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı axır, kimsə səsini çıxarmayır. Xalqın var-yoxu yanıb kül olur da, tüstüsü, dumanı çıxmayır.
İblis. Nə demək!? Heç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir?
İkinci şeytan. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı paylaşmaqda, ov bölüşməkdə şərikdirlər. Yalnız ayaq altında əzilənlər, çörək yerinə torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər.
İblis. Onun zərəri yox, daha nələr var?
İkinci şeytan. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorxunc yanğınlar və tufanlar saracaqdır.
İblis. Afərin, sən hər mükafata layiqsən.
Gəliş musiqisi...
O kimdir?
Birinci şeytan. İtaliya və həbəş diyarına gedən yoldaşımız!..
Üçüncü şeytan (İtaliya qiyafətində gəlir, əyilir). Salam şanlı komandana!
İblis. Anlat səndə nə xəbərlər var?
Üçüncü şeytan. Mən sosializm qabığından çıxmış faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alovlandırdım. Hamısı qan-qan deyə cahangirlik xülyasilə, əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə yerdən-göydən həbəş ölkəsini yaxıb yıxdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində buraxdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş, havalarda və sularda tələf oldular.
İblis. Həbəşlər nə etdilər? Durub baxdılarmı?
Üçüncü şeytan. Xeyr, bütün qadın-ərkək silaha sarıldılar, İtaliyanın azğın ordusu ilə qəhrəmanca vuruşdular. Lakin... çox sürmədi ki...
İblis. Nələr oldu? Söylə!
Üçüncü şeytan. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən, həbəş hökmüdarı ölkəni buraxıb qaçdı.
İblis. Çox gözəl, sonra?
Üçüncü şeytan. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar çoxdur.
İblis. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə əl çəkər, birinci ilə ətrafdakılara.) Əcəba, sizlər nə etdiniz? (Qızışaraq.) Uh, içi boş dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyib-içərək cünbüşəmi daldınız?
Birinci şeytan. Nə etməli? Bizdə günah yox, bugünkü diplomatlar heç də köhnələrə bənzəməyir. Keçmişdə ufaq bir qığılcım, kiçik bir cinayət bütün cahanı bir-birinə qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng daşıyan adamlar kimi həm özündən, həm özgəsindən qorxur. Diplomatlar bazar dəllalları kimi söz güləşdirməkdən zövq alırlar. Hər ölkə öz başını qorumaq istəyir, hər dövlət öz gələcəyindən şübhə edir.
İblis (qızıb bağırır). Yetər, başımı ağrıtma! Bir yığın bacarıqsız hoppalarsınız. Böylə boş laqqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb, yeni fırtınalar qoparmalı!.. Yoxsa cümləniz xain köpəklər kimi işdən qovulacaqsınız. Mənim səltənətim qansız yaramaz. Haydı, rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yıxın, yaxın! Yer üzünü başdan-başa yanğın yerinə çevirin!
Şeytanlar. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş musiqisi.)
İblis. Bu kimdir?
Birinci şeytan (yola baxır). Yeni bir yolçu!
İblis. Baxalım bu nə deyir?
Dördüncü şeytan (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya müjdələr!
İblis. Söylə nə var, nə xəbər?
Dördüncü şeytan. İspaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər ağızda qan qoxusu var. Ölkə və xalq ikiyə bölünmüş. Bir yanda cumhuriyyətçilər ilə inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öskürdükdən sonra.) Lakin...
İblis (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir?
Dördüncü şeytan. Biz faşistlərə yardım etməsək, yanğın tez sönəcək. Getdikcə artan xalq ordusu üstün gələcəkdir.
İblis. Sus, bacarıqsız yaramaz! Ona bir çarə bulunmadımı?
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |