KNYAZ
Faciə - 5 pərdə
Yazılmışdır: 1928 - 1929
İlk nəşri: 1963
İlk səhnə quruluşu: 1929
ƏŞXAS
Knyaz — uca boylu, qara saçlı, məğrur baxışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.
Jasmen — Knyazın ikinci hərəmi, 22 yaşında.
Lena — Knyazın qızı, əvvəlki hərəmindən, 19 yaşında.
Solomon — Knyazın dayısı, 60 yaşında.
Anton — bağçavanın oğlu, texnik, 27 yaşında.
Marqo — Antonun anası, ağ saçlı, milli qiyafədə, Knyazın xidmətçisi, 50 yaşında.
Şakro — Knyazın yaxın adamlarından, müxalifətçi-sosialist, kosa, 35 yaşında.
İxtiyar alman — 70 yaşında, bir qolu yox.
Alman qadını — 45 yaşında.
Sarışın alman qızı — onun qızı, 19 yaşında.
Birinci işçi
İkinci işçi
Köylü
Kinto
Xəfiyyə
Müsafir
İşçilər, milislər, xidmətçilər, musiqiçilər, müsafirlər, müştərilər və başqaları.
BİRİNCİ PƏRDƏ
Tiflisdə ətrafı yaşıllıq, çiçəklərlə süslü geniş bir qəməriyyə. Ulduzlu bahar gecəsi... Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası... Knyaz ağ əlbisə geyinmiş, milli qiyafətdə, ağ qalpağını sandaliyə üzərinə buraxmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zövq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qiyafəli Şakro ilə Marqo da bəzən yardım edir. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir ahənglə Solomona.
Knyaz
İştə gülgün qədəh, ey xanəxərab!
Bulunur şey deyil əsla bu şərab.
İmdi fürsət var ikən iç!.. Bir gün
Görəcəksən bu sönük ömrü sərab.
Solomon
İçəlim, bəlkə təsəlli bularız,
Bəlkə qəmdən, acıdan qurtularız.
Bir günün zövqünə dəyməz dünya.
İçəlim, sonra peşiman olarız.
İçərlər, təkrar qədəhlər dolur.
Knyaz
Həp düşündükcə boğar ruhu soyuq,
Qaba, issız və dərin bir boşluq.
O dərin boşluğu bir dolduracaq
Varsa yalnız... əbədi sərxoşluq...
Solomon
İştə xilqət dolu min dürlü təzad.
Hər sevincin sonu müdhiş fəryad...
Badə ver, badə, bu divanə könül
Coşaraq qayğıdan olsun azad.
Knyaz
Çox adam var ki, çiçək toplar ikən,
Qanadır səmli tikən əllərini.
Çalılıqlarda gəzirkən birdən
Cəzb edib durdu bu tər qönçə məni.
Marqo
(gəlir, Knyaza)
Beş nəfər var, sizi bəklər qapıda.
Knyaz
Nə için?
Marqo
Sözləri varmış.
Knyaz
Əcəba?!
(Şakroya)
Şakro! Çıx, gör nə deyirlər.
Şakro
Bu saat.
Jasmen ağaclar arasından çıxar. Onları qumral saçlı başı ilə salamlar.
Jasmen
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 |