Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

Maral

ƏŞXAS

Turxan bəy — ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında.
Maral — Turxan bəyin hərəmi; həssas, narın vücudlu, əsmər bənizli bir qızcığaz, 16 yaşında.
Cəmil bəy — Turxan bəyin oğlu. Zəif əndamlı bir gənc, 27 yaşında.
Bəypolad — uca boylu, qartal baxışlı bir texnik (mühəndis müavini), milli (dağıstanlı) qiyafətində, 45 yaşında.
Səltənət — Bəypoladın həmşirəsi; əski dağıstanlı qiyafətində, 42 yaşında.
Humay — Bəypoladın həmşirəzadəsi... Olduqca gözəl və məlumatlı bir qız, 22 yaşında.
Nadir bəy — dava vəkili, 36 yaşında.
Çingiz bəy — topçu alayına mənsub bir zabit, 32 yaşında.
Arslan bəy — Turxan bəyin əqrəbasından; gözəl simalı, mirasxor bir bəyzadə; milli qiyafətdə, 25 yaşında.
Qazı — əbus çöhrəli bir ixtiyar, 70 yaşında.
Doktor — ortayaşlı bir rus.
Aşıq Sultan — haqq aşığı; köylü qiyafətində.
Nazlı — eyi ruhlu, dindar bir qadın; əski qiyafətdə.
Bayram — Turxan bəyin xidmətçisi, 30 yaşında.
Cavan bir ləzgi — Bəypoladın xidmətçisi.


BİRİNCİ PƏRDƏ

Vəqə Qafqasya şəhərlərindən birində vaqe olur.
Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandalyalar, masalar və sairə...
Maral sol tərəfdəki — açıq buraxılmış qapıdan içəri girir, öz halından məmnun olmadığı üz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçanı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.

Nazlı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünürsən?
Maral. Heç, Nazlı bacı, heç...
Nazlı. Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç, söylə!
Maral. Allah qızcığazını sənə çox görməsin! Bu evdə yenə az-çox səninlə təsəlli buluram.
Nazlı (bağçanı göstərərək). Bax, bu bahar çiçəkləri, bu bülbül nəğmələri nə qədər gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın.
Maral. Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə məni sıxır. O rəngarəng çiçəklərin lətif rayihələri sanki məni boğur. O şətarətli bülbüllərin sevimli nəğmələri guya mənə gülür, yaxud mənim talesizliyimə ağlayır.
Nazlı (yapma bir gülüşlə). Allah eşqinə, heç böylə padşah sarayında yaşayan bir xanım da taleindən şikayət edərmi?
Maral. Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl odalar mənə dar və qaranlıq məzarlardan daha sıxıntılı gəlir. Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş. İki sənə əvvəl böylə məşum, qara günü kim xatırlardı? Məsud bir göyərçin kimi saf və azadə yaşayırdım; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yox olası Turxan bəy bəla ildırımı kimi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu.
Nazlı. Yaradana qurban olum, hər şey onun əlində... Bir gündə insanı həm bədbəxt edər, həm xoşbəxt...
Maral. Ah... Nazlı bacı, insan o vaxt xoşbəxt olardı ki, dünyaya heç gəlməyəydi!..

Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baxışıb dururlar. Bu sırada Bayram əsgərvari qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə:

“Mən bir türkəm, dinim, cinsim uludur;
Sinəm, özüm atəş ilə doludur.
Doludur, doludur,
Dur! Dur! Dur!..”

deyə sol tərəfdəki qapıdan içəri girir, başıaşağı olaraq odanın o biri başına qədər addımlar. Nazlı ilə Maral onun bu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar.

Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala etizarla). Ah, əfv edərsiniz, heç sizin burada olduğunuzu bilmirdim.
Maral (naziganə). Bayram, allah ağıl payladıqda, sən nerədə idin?
Bayram (sarıtaraq). Göygöz mollanın yanında “şəkiyyat” öyrənirdim.
Nazlı. Vay, səni yox olasan! Hələ utanmadan cavab da verir.

(Bayram mənasız qəhqəhələrlə digər odaya keçir.)

Turxan bəy (saqqalını taraş etdirmiş olduğu halda daxil olaraq). Axşamlar xeyir olsun, Maral! Nasılsan, iki gözüm? Keyflər eyimi?
Maral (məhzunanə). Təşəkkür edirəm.
Turxan bəy (Maralın əlini əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli görürəm. Hər duruşunda, hər baxışında bir dalğınlıq, bir küskünlük var. Bilirmisən, Maralım!.. Bu məsum çöhrəni bir dəqiqə belə məhzun görmək istəməm. Burada sıxılacaq bir şey yox. Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələyim! Mənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən kiçik bir arzun üçün fəda edilməyə hazırdır. (Nazlı lampaları yaxıb çıxar.) Söylə, Maralım, söylə! Neçin bu qədər düşünürsən?
Maral (yapma bir nəzakətlə). Doğrusu, yalnızlıq, arxadaşsızlıq mənə çox təsir edir.
Turxan bəy (onun sözlərindən bir məna çıxarmış kimi qəhqəhə ilə gülərək). E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra Cəmil Barjomdan gələr. Çapucaq ona da bir qız nişanlarıq, vur-patlasın, çal-oynasın, əyləncəli bir toy məclisi qurular. İştə o zaman, sənə də, sənin kimi gözəl, mini-mini bir arxadaş bulunmuş olar. Həm də istədiyin qədər gülərsən, oynarsan.
Bayram (əcələ içəri soxulir). Əfəndim, Nadir bəy gəlmək istəyir.
Turxan bəy. Haydı, söylə buyursunlar. (Bayram çıxar, Turxan bəy Maralı öpərək mütəhəssiranə.) Get, maralım, sən də get... İştə müsafir gəlir.

(Maral gedəcək olur.)

Turxan bəy (arxasınca). Maral!
Maral (dönüb baxaraq). Əmriniz?
Turxan bəy (onun gözlərinə diqqət edərək). Heç, yavrum, get! (Maral çıxar, Nazlı daxil olub masa üzərinə iki-üç külqabı qoyub gedər. Turxan bəy, Nazlıya eşitdirəcək bir ahənglə.) Sanki anası doğar-doğmaz qızcığazın gözlərinə baxıb da ona görə ad qoymuş. Gerçəkdən Maral deyil, adətən maral baxışlı bir mələk!..
Nadir bəy (daxil olaraq). Əssəlamü-əleyküm...
Turxan bəy. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baxalım. (Əl verib qarşı-qarşıya otururlar.)
Nadir bəy (Turxan bəyin, saqqalını taraş etdirmiş olduğuna heyrət edərək). Bu nə hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz!
Turxan bəy (əlilə bığlarını oxşayaraq). Doğrusu, bu son vaxtlarda saqqaldan o dərəcə nifrət edirəm ki, əsla görməyə gözüm yox...
Nadir bəy. Gerçəkdən Maral xanımın üzərinizdə çox böyük təsiri varmış! Sizi bir il əvvəl görmüş olanlar, əmin olunuz ki, imdi tanımazlar.
Turxan bəy (laübali). Ey, nə yapalım, əzizim, ömür keçdikcə eşqin, sevdanın keçəcəyini də hər kəs söylər durur! Fəqət yalan!.. Həm də çox böyük bir yanlış... Bir şam yanıb, əriyib də sönmək üzrə ikən nasıl şiddətli bir nur saçarsa, qoca bir könüldə eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət göstərir.
Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. Doğrusu, sizin yerinizə mən Cəmil bəydən utanıram. Yarın gəlib də bu yaşda bir qız aldığınızı görərsə nə deyər, əcəba?!
Turxan bəy. Burax allah eşqinə, çoluq-çocuq ağzına baxacaq deyiliz, a!..
Nadir bəy. Pəki Cəmil nə yazır? Hələ gəlmirmi?
Turxan bəy. “Hüquqdan” diplomunu alıb da Barjoma gəlmiş, yorğunluğunu çıxarmaq üçün yazı orada keçirəcəkmiş.
Nadir bəy. Barjomun nerəsində ev kiralamış?
Turxan bəy. Yazdığına görə Bəypolad ismində dağıstanlı bir mühəndislə buluşmuş, onun ailəsi ilə bir yerdə yaşayırmış...
Nadir bəy. Çox ehtimal var ki, bi az sonra mən də gedərəm.
Turxan bəy. Sizi görər-görməz, inan ki, Cəmil sevincindən çıldırar.
Nadir bəy. Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım.
Turxan bəy. Eyi xatirimə gəldi, bir xoş xəbər daha...
Nadir bəy (maraqla). Nasıl? Nə imiş, əcəba?
Turxan bəy. cəmili evləndirmək istəyirəm, yalnız gəlib çıxmasını bəkləyirəm.
Nadir bəy. Kim bilir! Bəlkə o, imdiyə qədər sevişib evlənmiş də, yalnız bizim xəbərimiz yox...
Turxan bəy. Xayır, oğul mənimsə, xəbərsiz iş tutmaz. Onun üçün bir qız bulmuşam ki, röyasında belə görəməz. Həm gözəl, həm ana-babasının bir danəsi, həm də son dərəcə zəngin.
Nadir bəy. Məncə gözəllik zövqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kimi, insanı çox da məsud edəməz. Bir də bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alırlar.
Turxan bəy. Nadir! Nadir! Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox ki, orada altun, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün izzəti - bütün səadəti ancaq para ilə əldə edilə bilir.
Nadir bəy (yerindən qalxaraq). Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və insaniyyət!..
Turxan bəy. Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də...
Nadir bəy. Yanılırsınız, əfəndim, sizə insan qılığında öylə çulsuz-noxtasız uzunqulaqlar göstərə bilərəm ki, yalnız altundan yapılmış bir palanları əskikdir.

Turxan bəy istehzalı qəhqəhə ilə gülür.

Bayram (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş.
Nadir bəy. Bizim nazirmi?
Bayram. Əvət, əfəndim.
Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını və dəyərli aşıq sözlərini çoxdan bəri eşitdiyim yox.
Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |