Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

ŞEYDA

Faciə - 5 pərdə
Yazılıb tamamlanmışdır : 1916
İlk nəşri: 1916
İlk səhnə quruluşu: 1922

ƏŞXAS

Məcid əfəndi — mətbəə müdiri.
Əşrəf — onun oğlu.
Şeyda Rəmzi —
Rauf —
Maks Müller — rəssam, alman.
Roza — Müllerin qızı.
Mariya — Rozanın anası.
Məsud — baş mürəttib.
Qara Musa —
Yusif —


Məzarçı, qara geyimli mələk, sair mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları...

BİRİNCİ PƏRDƏ

Mətbəəyə məxsus böyük bir müdiriyyət odası. Odanın bir qapısı ilə iki pəncərəsi - sağ tərəfdən caddəyə açılır. Digər qapısı da sol tərəfdə - mətbəəyə enmək üzrə daim açıqdır. Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyalar və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə... Qışın ikindi zamanı.
Pərdə açıldıqca munis və zində çöhrəli Rauf pəncərə önündəki masa qarşısında yazı yazmaqla məşğul görünür. Sarışın, həssas baxışlı Şeyda isə cığarayı dumanladaraq, əli alnında düşünüb durur.

Rauf. Şeyda! Yenə nə düşünürsən?
Şeyda. Heç sorma, əzizim, halım çox fəna... poslayı şaşırmış bir gəmiçi kimi nə yapacağımı bilməyirəm.
Rauf (yarım qəhqəhə ilə). İştə gördünmü!.. Altı ay əvvəl sənə nə söylədim? Mühərrirlik şaqa deyil a!.. İnsan nə qədər qəhrəman olsa, yenə ən nəhayət yorulur, bıqır, usanır. Hələ bizim kimi gənc mühərirllər, adətən, çıldıracaq dərəcədə əsəbiləşir.
Şeyda. Xeyr, Rauf, xeyr... Nə mühərrirliyin verdiyi yorğunluq, nə müdirin usandırıcı əmrləri, nə sansor istibdadı, nə də məişət darlığı əsla məni düşündürmür, əsla məni sıxmır. Məni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mənasızlıqdan ibarətdir. (Yerindən qalxaraq son dərəcə sinirli və həyəcanlı.) Allah eşqinə, bir düşün!.. Böylə heyvancasına yeyib-içmək, çalışıb-çabalamaq neçin? Usanmadan soyunub-geyinmək, yatıb-qalxmaq neçin? Duyğusuz bir makina kimi düşünüb-daşınmaq, yazıb-pozmaq neçin? Ah, bu mənasız “neçin”ləri, bu təməlsiz həyatın heçliyini düşündükcə, adətən, kəskin dırnaqlı bir qartal ciyərlərimi qoparır, kinli bir əjdaha beynimi gəmirir. Gülmək istəyirəm də, gülməyirəm. Ağlamaq istəyirəm də, ağlamayıram. Daim issız bir qaranlıq, sisli bir durğunluq bütün mənliyimi sarsıdır. Daim əməlsiz bir boşluq, acı bir yorğunluq məni boğur, məni məhv edir. Könlümü sevindirəcək heç bir hiss, heç bir qüvvət yox. Ruhumu güldürəcək heç bir ümid, heç bir təsliyət yox... Xəyalımı oxşayacaq bir şölə, bir yıldız arayıram da, bulmayıram. İntihar edib də qurtulmaq istəyirəm, heyhat! Ona da müvəffəq olmayıram.
Rauf. Nafilə, əzizi m, həp nafilə... Çünki hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır, yalnız səbir və mətanət lazım. (Pəncərədən dışarı baxaraq.) İştə ən füsunkar bir şölə! Ən parlaq bir yıldız!.. Həm də sən onu arayacağına, o səni arayır. İştə alman çiçəyi! Rəssamın qızı, gözəl Roza gəlir.
Şeyda. Allahını sevərsən, mənimlə az əylən...
Rauf (yarım qəhqəhə ilə). Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar.

Bu sırada Roza, məktəbli qiyafətində daxil olur. Şeyda dərhal yerindən qalxır, pərəstişkaranə bir tövrlə ona doğru irəlilər. Rozanın uzun, qumral kirpikləri, cazibəli, mavi gözləri, məsumanə baxışları, məlakanə ədaları ona şayani-pərəstiş bir ülviyyət bəxş edir.

Roza (nazikanə bir baş təmənnası ilə Raufu salamlayaraq, Şeydaya). Necəsən, əzizim!...
Şeyda. Təşəkkür edirəm.
Roza. Babam nerdə?
Şeyda. Hənuz idarəyə gəldiyi yox.
Məcid əfəndi (mətbəədən). Rauf, Rauf... Buraya gəlsənə...
Rauf. Bu saət, əfəndim (Haman mətbəəyə enər.)
Roza. Çox şükür! Səni də görmək olurmuş. İştə bu ikinci dəfədir ki, səninçin, fəqət səninçin buraya gəlirəm.
Şeyda. Ah, bu nəvazişə, bu alicənablığa qarşı sıxılmamaq qabil deyil... Böylə umulmaz bir səadətə məzhər olduqca, iztirab və sevinclə qarışıq bir duyğu, fövqəladə bir həyəcan, adətən, məni çıldırtıyor, xəstə ruhimi rəqs etdirir.
Roza (mütəbəssim). Pəki, onlar sonraya qalsın, bu axşam dəniz qıyısına çıxalımmı?
Şeyda. Madam ki, arzu edilir, əlbəttə çıxarıq.
Roza. Bu gecələri qəflətlə keçirmək nə böyük günahdır bilsən!.. Hələ mehtaba qarşı qayıq gəzintisi yapmaq nə qədər nəşəli, nə qədər xəyalpərvər!..

Bu sırada şıq geyimli, pensneli Əşrəf daxil olur.

Şeyda (təbdili-tövr etmiş olan Rozaya). Qaliba, Əşrəf bəyi tanımırsınız?.. İştə mətbəə müdiri Məcid əfəndinin oğlu, özü də Avropadan yeni gəlmiş... (Əşrəfə.) Bu da rəssamımız almaniyalı Maks Müllerin qızı mademuazel Roza!...
Əşrəf (pərəstiş edərcəsinə əl verərək). Sizi tanımaqla özümü son dərəcə bəxtiyar sanıram.
Roza. Təşəkkür edirəm.
Maks Müller (daxil olur, yarıağarmış enli saqqalını oxşadığı halda). Roza! Sən buradamısan?
Roza. Əvət, babacığım! Sənin üçün gəldim.
Maks Müller. Çox gözəl, bu rəsmləri verim də bərabər gedəlim. (Qoltuq çantasından bir qaç rəsm çıxarıb, masa üzərinə buraxaraq.) Məcid əfəndi nerdə?
Şeyda. Mətbəədədir, əfəndim.
Maks Müller. Şeyda! Sənə bir müjdə vermək istərəm.
Şeyda. Nasıl müjdə?
Maks Müller. Sən bir həftədir ki, oda arayırsan; bizim evdəki boşboğaz yəhudi dəllal oturduğu odanı boşaltmış, Rusiyaya gedir. Bu gün oraya köçərsən.
Şeyda (onun əlini sıxaraq). Ah, bilsəniz bu xəbərdən nə qədər məmnun oldum. Bu axşam, əvət, bu axşam köçərəm.
Maks Müller. Sabah, axşam çayını da Rozanın anası verir, birevli kimi yaşarıq, heç sıxılmazsan. Bilirsən ya, mən səni çox sevirəm; çünki səndə bütün mənasilə türk nəcabəti görürəm.
Şeyda. Təşəkkür edirəm.

Bu sırada şişmanca, ortaboylu, ciddi simalı Məcid əfəndi Rauf ilə
bərabər çıxar.

Maks Müller. Əfəndim, iştə, həftəlik məcmuəniz üçün gətirdiyim rəsmlər.
Məcid əfəndi (rəsmləri alıb baxaraq). Çox əla, çox gözəl... Eyi ki, gəldiniz, sizinlə xüsusi bir işim daha var, gedəlim də mağazada qonuşalım.
Maks Müller. Pəki, əfəndim, buyurun baxalım...

Məcid əfəndi, Maks Müller, Roza çıxarlar.

Məcid əfəndi (çıxdığı sırada Şeydaya). Mürəttiblər gəldikləri kimi işə başlasınlar, bu gün iş pək çox, saqın, tənbəllik etməsinlər.
Şeyda. Baş üstünə, əfəndim...
Əşrəf (məczubiyyət və heyrətlə). Aman, Şeyda! Bu nə lətafət, bu nə cazibə? Haman, bir baxışda insanı təsxir edir. Faust mühərriri sağ olsaydı, əmin ol ki, gözəl Marqaritasını unudar da, Rozaya pərəstiş edərdi. Həm də mövhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında bulunmuş olurdu.
Şeyda. Əvət, Roza gerçəkdən çox sevimli xilqət, çox nazlı afət...
Əşrəf. Doğrusu, mən hənuz böylə füsunkar bir gözələ təsadüf etmədim. (Bir cığara yaxıb da, düşüncəli addımlarla çıxar.)
Rauf (Şeydaya). İştə, sana müdhiş bir rəqib...
Şeyda. Əvət, hərif çox mütəəssir oldu.

Bu sırada Qara Musa ilə Yusif daxil olur. Musa qara bənizli, orta yaşlı, ortaboylu qorxunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki əlbəsə olduqca əski və yamalıdır. Qardaşı Yusif isə vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gəncdir.

Rauf (onları görər-görməz). Gəl, baxalım. Musa əfəndi, necəsən? Əlin eyiləşdimi?
Musa. Xeyr, əfəndim, biləks, gündən-günə fənalaşır.
Rauf. Otursana, neçin ayaqda durursan?
Musa (qardaşına). Otur, Yusif, sən otur... Mən Məcid əfəndini görür də, şimdi gəlirəm. Canın sıxılsa, məni bəkləməzsən, faytona oturur da evə gedərsən. (Raufla Şeydaya). Müsaidənizlə, əfəndim, sizinlə sonra görüşəriz. (Çıxar.)
Şeyda (Yusifə). Nerdən, əcəba, doktordanmı gəlirsiniz?
Yusif. Əvət. (Bir-iki öskürür.)
Şeyda . Özünü nasıl hiss edirsən? Keçənlərə nisbətən eyisin, deyilmi?
Yusif (acı və mənalı təbəssümlə). Şübhəsiz, əfəndim!.. Şimdi olmasa belə, azacıq sonra büsbütün eyiləşirəm, həm də bu iztirablara vidala əbədiyyən rahatlanıram. (Məndilini ağzına tutaraq, bir qaç dəfə öskürər.)
Şeyda. (mütəəssir). Yusif, neçin bir düşünməyirsən? Böylə qara xülyalara uymaqdan nə çıxar? Ah, sən, nəhayət, özünü xarab edəcəksən.
Rauf. Əvət, əzizim, hər işdə səbir və mətanət lazım... Hissiyyata qapılıb da, hər şey üçün maraq edənlər təhlükəni öz əlləri ilə dəvət etmiş olurlar. İnşallah, az bir zamanda sağalıb, eyiləşərsən, fəqət bir daha mətbəədə çalışmayacağına əminəm.
Yusif. Xeyr, əfəndim, xeyr... Hər ikiniz yanılırsınız, yaxud öylə görünmək istəyirsiniz. Halbuki, doktorların məyus baxışları, bildiklərin sönük təsəlliləri, Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri, həp sönüb bitdiyimə birər aydın şahiddir. (Sürəkli və şiddətli öskürəklərdən sonra yerindən qalxaraq.) Uvf, uvf! Heç bir təsəlli istəməm. Ölüm məncə ən sevimli bir təsəlli, ən dəyərli bir xilaskardır. Hər kəs ölümdən qaçar, fəqət, mən onu dörd gözlə bəkləyirəm . Çünki mən yalnız onun qara qanadları altında məsud ola bilərəm. Əvət, yalnız onun issız qucağında rahatlıq bula bilərəm. (Yaralı öskürəklər içində boğularaq, məyus bir halda.) Uvf... Əfv edərsiniz... Rahatsız etdim... Sağlıqla, əfəndilərim... Bəlkə bir daha görüşmədik...

Arası kəsilməksizin öskürərək, məndili ağzına sıxar. Ortalığı acı və dəhşətli bir sükut qaplar. Bu sırada mürəttiblər birər-birər, ikişər-ikişər, kirli iş əlbisəsində daxil olurlar. Kimi sağlam, kiminin bənizi solmuş, kimi qanburlaşmış; birisi də bir gözünü qara məndillə sarmış... Qalın gövdəli, gur səsli Məsud isə ən arxada gəlir.

Birinci mürəttib (arxadaşlarına). Yusifi gördünüzmü? Allah, allah, bu nə hal, bu nə qiyafət!? İnsan üzünə baxmağa belə cəsarət eləmir.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |