Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

TOPAL TEYMUR

Dram - 5 pərdə
Yazılmışdır: 1925
İlk nəşri: 1926
İlk səhnə quruluşu: 1926


ƏŞXAS

I

Topal Teymur...
Dilşad — Teymurun hərəmi.
Divan bəyi — baş vəzir.
Aqbuğa — Teymurun sərdarlarından.
Orxan — minbaşı.
Almas — Divan bəyinin qızı, Orxanın rəfiqəsi.
Əsmər bənizli, şahin baxışlı...
Şair Kirmani — ”Teymurnamə” müəllifi.
Olqa — rus prenseslərindən sarışın və işvəkar bir qız.
Sobutay — gənc zabit.
Qaraquş — təşrifatçı, çevik bir dəliqanlı.
Dəmirqaya —qalın gövdəli, qalın səsli bir əsgər.
İki mühib simalı, qalın yapılı növbətçi və sairə...

II

Yıldırım Bayazid...
Meliça — Yıldırımın hərəmi.
Əli paşa — sədri-əzəm.
Şeyx Buxari — fazil bir zat.
Cücə — qısa boylu, kiçik yapılı bir masqara.
Nazim ağa — arıq, uca boylu, qara ərəb (hərəm ağası).

Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə...

BİRİNCİ PƏRDƏ

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zövqünə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dörd guşədə gümüşdən yapılmış birər qartal, ortada altun sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baxımlı və çiçəkli gözəl bir bağça nəzərləri oxşar. Olqa pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dişarıda əsgəri marş çalınır.

Orxan (Gəlir. Olqanı görür-görməz arxası sıra gələn Dəmirqayaya). İştə prenses Olqa!... İştə yeni açmış Moskva çiçəyi!..
Dəmirqaya (daima laübali və qalın səslə). Tühaf şey! Heç insandan çiçəkmi olur? Moskva qızı desənə...
Orxan. Ah, o, çiçəkdən də lətifdir.
Dəmirqaya. Tutalım ki, lətifdir. Nəmə lazım, mən qarışmam.
Orxan. Dəmirqaya! Sən bir tərəfə çəkil.
Dəmirqaya. Neçin?
Orxan. Çünki onunla qonuşmaq istərəm.
Dəmirqaya. Yaxşı, mən sənin kölgən deyilmiyəm? Səndən necə ayrıla bilərəm?
Orxan. İnsan bəzi vəqt kölgəsini deyil, özünü belə unudur.
Dəmirqaya (istehzalı gülümsəyişlə). Yoxsa imdi özünü unutdunmu?
Orxan. Haydı, çox söyləmə, çəkil.
Dəmirqaya. Çəkil dersən, çəkilərəm. Nəmə lazım, heç qarışmam. (Çəkilir.)
Orxan. Yenə gözəl Olqa nə düşünür?
Olqa (Orxana doğru gəlir). Ah, Orxan, sənmisən?
Orxan. Əvət, Orxan özü səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir.
Olqa. Allah eşqinə, bu əsgərlər nerəyə gedir? Bu hazırlıq neçindir əcəba?
Orxan. Yeni bir müharibə varmış.
Olqa. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə?
Orxan. Onu yalnız Qızıl Qaplan bilir. Əvət Əmir Teymurun planını bizim kimi kiçik yaradılmışlar bilməzlər.
Olqa. Halbuki, onun üzündə heç bir şiddət və həyəcan izi yox... Hər zamankı vüqar və ciddiyyəti, hər zamankı halı üstündə.
Orxan. Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər.
Olqa. Orxan! Səndəmi gedəcəksən?
Orxan. Əlbəttə, heç onsuz olurmu? Biz türklər çadır altında doğular, açıq səhralarda, qanlı müharibələrdə ölürüz.
Olqa. Rica edirəm, yetişir, bu müharibədən, ölümdən çox söyləmə!
Orxan. Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Məncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyyətdir. Unutma ki, sən özün də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksən.
Olqa. Ah, sən məni Moskvadan buraya neçin gətirdin, neçin?! Teymur sarayında həbs etmək içinmi?
Orxan. Xeyr, sən burada məhbus deyilsən, bəlkə şahzadə xanımlar qədər hörmət və izzətə maliksən. Daha doğrusu, böyük xaqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsan.
Olqa (ətrafa). Ah, mərhəmətsiz... (Orxana) Demək məni yalnız buraxıb da gedəcəksən, öyləmi?
Orxan. Nə olar? Başqa qadınlar necə, sən də öylə...
Olqa (ətrafa). Ah, duyğusuz!.. Dur, mən sənə imdi anladaram.
Orxan. Çox düşünürsən, Olqa. Sənə bir şeymi oldu?
Olqa. Daha nə olacaq? Sən məni düşünmürsən, sən məni sevmirsən.
Orxan. Xeyr! Aldanırsan. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qədər xırçın və sinirli imişsən. Gəl! Gəl də bu mavi göyləri andıran cazibəli gözləri, bu al şəfəqləri utandıran füsunkar dodaqları öpüm. (Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir.)
Olqa. Xeyr, istəməm.
Orxan. Neçin?
Olqa. Çünki könül verdiyim bir qəlbə xəyanət etmiş oluram.
Orxan (heyrətlə). Könül verdiyin bir qəlbəmi?
Olqa (kəskin). Əvət.
Orxan (onun əlini yaxalar, sarsılmış bir halda). Söylə, o necə qəlb, o kimin qəlbi imiş?
Olqa. Xeyr, söyləməm. (ətrafa) İştə bu söz onu qısqandırmaq üçün kafi...
Orxan (qızğın). Söylə deyirəm sənə, o kim, mənə qarşı çıxan o cəsarətli rəqib kimdir?
Olqa. Səndən daha böyük, səndən daha qəhrəman...
Orxan. Adını söylə!

Olqa. Xaqanlar xaqanı Topal Teymur...
Orxan (həyəcanlı və qızğın). Olqa, Olqa!.. Moskvadakı halını nə çapuq unutdun? Düşün ki, biz Moskvaya girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanırdı. Ordumuz qaçanları izlərkən mən qanadlarımı yalnız sənin üzərinə gəldim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman məsum bir qızcığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman üçün Teymur sarayına gətirdim. İştə sən böyüdükcə mənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim vüsal ümidləri yerinə, qarşıma acı bir ümidsizlik çıxır.
Olqa. O da səndən, sənin vəfasızlığından.
Orxan. Nasıl vəfasızlıq? Anlıyamadım.
Olqa. Orxan, Orxan! Sən baş vəzirin qızı Almasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramazdakı sevgidən bəhs etmək yersizdir.
Orxan. Neçin insaf etmirsən, o imdi anadır. Bununla bərabər Almas bizim sevgimizə əsla mane olamaz.
Olqa (gülərək). Xeyr, yanılma, əzizim. O çox dəhşətli qadın...
Orxan. Qadınların incə təbəssümləri dəhşətlərindən daha güclüdür. (Olqanın əlini yaxalar.) İmdi mən ona mərhəmət edirəm, fəzlə qısqanclıq edərsə, özü zərər görər.
Olqa. Demək, məni daha çox sevirsən, öyləmi?
Orxan. Olqa, səni sevməməkmi olar? Unutma ki, Orxan sənin əsirindir.
Qaraquş (Dəmirqaya ilə bərabər pərdə arasında görünür). Ah, xain!.. (Dəmirqayaya) İştə gördünmü, get də Almas xanıma xəbər ver.
Dəmirqaya. Gəl bəri, canım, nəmə lazım, mən qarışmam.

Çəkilirlər.


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |