Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

UÇURUM

Faciə - 4 pərdə
Yazılmışdır: 1917
İlk nəşri: 1926
İlk səhnə quruluşu: 1922

ƏŞXAS

Cəlal — həssas, uzun saçlı bir rəssam.
Gövərçin — Cəlalın hərəmi.
Uluğ bəy — Gövərçinin babası.
Yıldırım — Gövərçinin qardaşı, uzun saçlı, orta boylu, gözəl bir tələbə.
Aydəmir — Uluğ bəyin köy işlərinə baxan qara saqqallı bir şəxs, əski qiyafətdə.
Əkrəm — pərişan saçlı mütəfəkkir bir gənc (Cəlal ilə Yıldırımdan bir neçə yaş böyük).
Anjel — gənc, fövqəladə gözəl və işvəkar bir fransız qızı.
Edmon — orta yaşlı, soluq çöhrəli bir fransız.
Xidmətçi, dayə və xidmətçi qız.

BİRİNCİ PƏRDƏ

İstanbulda Cəlala məxsus elektriklə tənvir edilmiş böyük bir kitabxana... Divarlar bir çox dəyərli lövhələr, tarixi rəsmlərlə süslənmiş, masa üzərində bir taqım məcmuələr, kitablar, heykəlciklər və bir qafa tası görünür. Ətrafda rəngarəng gül dəmətləri gözə çarpar. Kitabxananın dənizə baxar iki-üç pəncərəsi, iki qapısı vardır. Qapılardan biri sofaya, digəri salona açılır.
Pərdə açıldıqda Gövərçin - saçları gəlişi gözəl üzünə dağılmış olduğu halda - dənizi tamaşaya dalar, sonra həzin və titrək bir ahənglə aşağıdakı şərqiyi söylər.

Gövərçin

Eşq atəşi can yaxıyor,
Ürəkdən qanlar axıyor,
Tale mənə yan baxıyor,
Həm gülümsər, həm ağlaram.

Könül həp sızlar, həp inlər,
Xəzan fəryadını dinlər,
Anıldıqca keçən günlər,
Həm gülümsər, həm ağlaram.

Hər səfada cəfa buldum,
Açmadan saraldım, soldum,
Sərbəst ikən əsir oldum,
Həm gülümsər, həm ağlaram.

Cəlal

(gələrək)

Gövərçin, Gövərçin, gözəl Gövərçin!
Bu küskün baxışlar neçin? Ah, neçin?
Söylə, nədən solmuş pənbə yanaqlar?
Neçin, neçin gülməz o gül dodaqlar?

Gövərçin

Cəlal! Heç sorma, uf, məhv oldum artıq,
Xayır, xayır, çəkilməz bu ayrılıq.

Cəlal

Lakin düşün, cismən ayrılsam da mən,
Könül bir an ayrı yaşarmı səndən?
Daim səninlədir fikrim, xəyalım,
Səninlədir həp ümidim, iqbalım.

Bütün mənliyimin fövqündə yalnız
Parlar, durur al qanadlı bir yıldız;
İştə o yıldız, sevgilim, həp sənin,
Sənin eşqindir, nazənin Gövərçin!

Gövərçin

Hənuz ilk öpüşlərin sıcaqlığı
Dodaqlarımdan getmədən, bu qayğı,
Bu ayrılıq qayğısı çox amansız...
Xayır, həp xəyaldır o eşq, o yıldız.

Cəlal

(masa üzərində açılmış ufaq bir çantaya bir neçə
kitab qoyaraq)

Gövərçin, Gövərçin, inan nə etsəm,
Nerdə bulunsam mən, nə yolda getsəm,
Əsla tapındığım mələkdən dönməm,
Səndən başqa bir kimsəni düşünməm.

Bu sırada Yıldırım daxil olur.

Yıldırım

Gövərçin, bu nə hal?

Gövərçin

Sorma, qardaşım!

Yıldırım

Nə olmuş?

Gövərçin


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 |