Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

XƏYYAM

Dram - 6 pərdə
Yazılmışdır: 1935
İlk nəşri: 1963
İlk səhnə quruluşu: 1970

ƏŞXAS

Xəyyam — məşhur filosof, şair.
Sevda — onun sevgilisi.
Xacə Nizam — Nizamülmülk Əbülqasim.
Sabbah — Həsən.
Rəmzi —
Xərabati —
Vəfa —
Səfa —
Alp Arslan — əsrin xaqanı.
Məlikşah — xaqanın oğlu.
Yusif — üsyançı bir dəliqanlı.
Hacib — Xacə Nizamın qulamı.
Əbu Tahir — Sabbahın xidmətçisi.
Saqiyə — gənc, yosma bir saraylı qız.
Müqtədibillah — Bağdad xəlifəsi.
Əbu Şüca — onun vəziri.
Köylü erməni — şərabçı.

Müfti, Saib, Naib, başqa tələbələr, müridlər, çadırçılar, çömləkçilər, alverçilər, müştərilər, rəqqasələr, hökumət məmurları, qulamlar, yavərlər, məzarçılar, əsgərlər, saray qızları, sair qızlar və dəliqanlılar.


BİRİNCİ PƏRDƏ

Nişaburda mədrəsə yaşayışı... Tələbələrə məxsus bir oda. Ətraf taxçalarda kitablar, üstürlab və sair həndəsə alətləri, sağda qapı başqa bir odaya, solda qapı dışarı açılar. Qarşıda iri pərdələr asılmış. Xəyyam həmpiyalələri olan Rəmzi ilə, Xərabati ilə bərabər şərab içərlər, hər üçü gəncdir. Birinci - ciddi, səmimi, kəskin baxışlı və coşğun, ikinci - arıq, həssas, üçüncü isə bir az dolğun, yağız çöhrəli və laübalidir. Qədəhlər başalırkən musiqi “Hicaz” çalar. Ətrafda isə minacat səsi yüksələr.

Ey fəzalarda gülümsər əbədi şerü xəyal!
O nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!?
Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,
Yenə yox kimsədə əsla səni idrakə məcal.

Xəyyam

(heyrət və həyəcanla)

İştə, bir səs ki, edər göylərə şaşqınca xitab,
O sağır göy, əcəba, kimsəyə vermişmi cəvab?
O dərinliklərə, boşluqlara uçduqca xəyal,
Sanki çırpınmada bir şəhpəri yanmış qartal.

Xərabati

(alayçı qəhqəhə ilə)

Hər gələn bir yeni əfsanə satar,
O qaranlıq dama hər kəs daş atar.
Saqın, aldırma, həmən zövqünə bax,

(qədəhi göstərər)

Hər həqiqət buradan parlayacaq.

Rəmzi

Yox deyildir o qaranlıqda işıq,
Bəşərin əczinə minlərcə yazıq.

(Xərabatinin uzatdığı sürahini alıb içindəki şərabı
süzərək)

İçəlim, iştə, bütün varlığımız
Al şəfəqlərdə gülümsər yalnız.

Xəyyam

“Xilqətin sirri müəmmadır, əvət,
Ürəfa saçsa da yüz min hikmət,
Burda cənnət yapalım badə ilə.
Nəmə lazım o varılmaz cənnət”.1

(İçərlər, hər üçü sərxoşca oxur.)

Hər üçü

Saqi, aman, mey ver mənə,
Doldur, peyapey ver mənə,
Mən abi-kövsər istəməm,
Mey ver mənə, hey ver mənə...
İçdikcə ruhum şad olur,
Hər qayğıdan azad olur.
Mey ver - gözəlsiz, nəşəsiz
Hər duyduğum fəryad olur.
Yenə qədəhlər dolur, bu sırada Xəyyamın oda arxadaşları Xacə Nizamülmülk ilə Sabbah gəlir, birinci - vüqarlı və həlim, ikinci isə titiz və qurnazdır.

Sabbah

(Xəyyamı əzici baxışlarla süzərək)

İştə, seyr et, bu nə sapqınca oyun.

Xəyyam


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |